image-1backend

“Sənə diqtə edirlər ki, bunu qəbul et. Bəs, sənin iradən?!”- Yazıçıdan AÇIQLAMA

image-ads-728x90

Süni intellektin sürətlə inkişaf etməsi artıq onun yalnız texniki deyil, yaradıcı sahələrdə də fəaliyyət göstərməsinə imkan yaradıb. Bu texnologiya bu gün mətnlər, hekayələr, hətta bütöv kitablar belə hazırlaya bilir. Belə bir reallıq isə ədəbiyyatın gələcəyi ilə bağlı yeni suallar doğurur. İnsan təcrübəsi və hisslərindən kənarda formalaşan bu mətnlərin oxucuya təsiri necə olacaq – bu məsələ hələ də müzakirə mövzusudur. Məhz buna görə də yaxın gələcəkdə kitabların süni intellekt tərəfindən yazılıb-yazılmayacağı ən çox düşündürən mövzulardan biri olaraq qalır.

Mövzu ilə bağlı yazıçı Eluca Atalı “AzPolitika”ya açıqlamasında deyib ki,söhbət “süni intelekt”dən gedirsə, adın özü insana yaxın gəlmir, çünki sünilikdə heç vaxt məhrəmlik, doğmalıq olmayıb və ola da bilməz. Süni dediyimizdə heç vaxt təbiilik olmur, elə təbiilik olmadığı üçün də adama yad gəlir. Asif Atanın “Münasibətlər” kitabında bir deyim var. Deyir: “Sünilik o qədər çoxalıb ki, təbii görünür. Təbiilik o qədər azalıb ki, süni görünür.”

Xanım yazıçının sözlərinə görə, bu gün süni intelektdən hər cür bəhrələnmə var: yalnız şeir, hekayə deyil, musiqidə də çox istifadə edilir: “Amma mən öz növbəmdə deyirəm, bu növ musiqilərə qulaq asa bilmirəm. Təbii ki, Şövkət Ələkbərovanın “Dərələr” mahnısı ilə musiqi zövqü formalaşmış bir adamı “dırınq-dırınq” mahnıları razı sala bilməz. İnsan ruhunu oxşamır bu cür “əsərlər”. Süni intelektlə yazılmış şeirə və ya hekayəyə rast gəlirəm, amma orda duyğu, hiss olmadığından oxucunu əsərin içinə sala bilmir. Bir də süni intelekt nədir? Mövzunu deyib, əsər sifariş verirsən. O da bu vaxta qədər yazılıb internetdə yerləşdirilmiş əsərləri bir anın içində oğurlayıb, yığıb sənə təqdim edir. Burda bir mənəviyyat məsələsi də var. Sən, bir yaradıcı adam kimi başqasının beyin məhsuluna necə şərik çıxa bilərsən? Sizə bir misal çəkim. Tanıdığım bir yazıçı ön söz üçün yazdığı kitabı mənə göndərdi. Qrammatik səhvlərlə yanaşı, o qədər üslub səhvi, məntiqsizlik vardı əsərdə. Dəfələrlə bunları ona incə şəkildə desəm də, düzəltmədi və kitabı eləcə çap etdirdi. Üstündən iki ay keçməmiş yeni kitabının anonsunu verdi, annotasiyasını da ictimai arenada yayımladı, həm də fəlsəfi bədii kitab deyə. Çox samballı cümlələrlə “əsəri” təqdim etdi. Əvvəlki kitabla yerlə-göy qədər fərq vardı. Təsəvvür edin, əvvəlki kitab beşinci sinif inşası olduğu halda, iki ay sonra yazılmış kitab akademik bir səviyyədə, həm də hissiyyatdan kənar bir sətirlər. Belə bir bədii əsər oxucunu öz içinə çəkməz, onu dalıyca aparmağa qadir olmaz”.

E.Atalı qeyd edib ki, süni intelektlə “yazılan” əsər oxucunun zövqünü korlayacaq, duyğusallıqdan uzaq olacaq: “Unutmayaq, əsər yalnız ideya, fikirdən ibarət deyil. Bədii əsərdə hissiyyat əsasdır. Oxucu səviyyəsi kəskin şəkildə azalacaq. Belə getsə, “əsl yazıçı”, “əsl şair” deyə ifadə formalaşacaq. “Həqiqi əsər” anlayışı günümüzə ayaq açacaq. Yaradıcı insan gələcəyə fəlakət bəxş etməməlidir. Ədəbiyyatın işi insanlığa xidmətdir, insanlıq isə təbiilik üzərində qurulur. Bu siyahını uzatmaq olar… Təəssüf… Süni intelektin bu qədər vüsət alması məni yalnız kədərləndirir. Düzdü, səsli film yarananda Çarli Çaplin bunu filmin ölümü hesab edirdi. Elə çıxmasın ki, mən yeniliyin əleyhinəyəm. Amma hər cür yenilik orjinallıq deyil, bəzən eybəcərlik olur və nə heyif, sənə diqtə edirlər ki, bunu qəbul et. Bəs, sənin iradən?!”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki