ABŞ ilə İran arasında gərginlik yenidən artmaqdadır. Vaşinqtonun Tehrana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı ehtimallar Qərb mediasında geniş müzakirə olunur.
Korrekt.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla bağlı yekun qərarı şəxsən özü verəcək. Onun sözlərinə görə, rəsmi Tehranın danışıqlardakı mövqeyi və təqdim edəcəyi son təklif həlledici rol oynayacaq.
Qərar xüsusi nümayəndələrin qiymətləndirməsindən asılıdır
The Guardian qəzetinin yaydığı məlumata görə, Trampın mümkün hava hücumu ilə bağlı qərarı iki xüsusi nümayəndə – Cared Kuşner və Stiv Uitkof tərəfindən aparılan qiymətləndirməyə əsaslanacaq.
Nəşr yazır ki, əsas meyar Tehranın danışıqlarda vaxt uzadıb-uzatmaması və razılaşmaya real hazır olub-olmamasıdır. Mənbənin iddiasına görə, Ağ Ev hələlik yekun qərar verməyib və Cenevrədə keçiriləcək həlledici mərhələdən əvvəl İranın son mövqeyini gözləyir.
Məhdud zərbələr variantı gündəmdədir
Məlumata əsasən, əgər razılıq əldə olunmasa, ABŞ ilkin mərhələdə təzyiqi artırmaq məqsədilə məhdud hərbi zərbələr endirmək variantını nəzərdən keçirə bilər.
Hazırda tərəflər arasında diplomatik kanallar açıq saxlanılsa da, vəziyyətin inkişafı regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.





















