image-4backend

Azərbaycanın quş müşahidəsi imkanları beynəlxalq miqyasda tanıdılır -FOTOLAR

image-ads-728x90

Azərbaycanın quş müxtəlifliyi, köçəri quşların miqrasiya marşrutları üzərində yerləşən təbii əraziləri və quş müşahidəsi imkanları “BirdLife International” və “Content With Purpose” (CWP) tərəfindən hazırlanan “Global Flyways” beynəlxalq sənədli film seriyasının iki bölümündə işıqlandırılıb.

Bölümlər Azərbaycan Turizm Bürosunun (ATB) əməkdaşlığı ilə hazırlanıb.

Beş qitədə 35 çəkiliş məkanını əhatə edən seriya köçəri quşların miqrasiyasını və onların qorunması istiqamətində görülən işləri əks etdirir. Azərbaycanla bağlı bölümlərdə ölkənin quş müşahidəsi imkanları və təbiət əsaslı turizmin təbiətin mühafizəsindəki rolu təqdim olunur.

Filmlərdə Xəzər dənizi ilə ətraf dağların köçəri quşlar üçün təbii dəhliz yaratdığı Beşbarmaq dağı, Şirvan Milli Parkı, Qızılağac Milli Parkı və digər potensial ərazilər əks olunur. Bu məkanlar vasitəsilə yırtıcı və sahil quşlarından tutmuş bataqlıq və yüksək dağlıq ərazilərdə yaşayan növlərədək Azərbaycanın zəngin quş müxtəlifliyi nümayiş etdirilir.

ATB-nin İdarə Heyətinin sədr müavini Rəşad Əliyev müsahibəsində Azərbaycanın turizmin inkişafı strategiyası və təbiət əsaslı turizmin əhəmiyyəti barədə danışıb.

“BirdLife International” 120 ölkədə 125 təşkilatı birləşdirən beynəlxalq təbiəti mühafizə şəbəkəsidir. Böyük Britaniyada fəaliyyət göstərən “Content With Purpose” isə sənədli filmlərin istehsalı və rəqəmsal kampaniyaların hazırlanması üzrə ixtisaslaşıb.

“Global Flyways” seriyası Azərbaycanın təbii irsinin beynəlxalq auditoriyaya təqdim olunmasına, eləcə də ölkənin quş müşahidəsi və təbiət əsaslı turizm istiqaməti kimi tanıdılmasına töhfə verir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki