Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev Xəzər dənizini sadəcə coğrafi anlayış yox, strateji birliyin rəmzi kimi təqdim etməklə bölgənin mənzərəsini dəqiq portretlərlə əks etdirdi. Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq Xəzər artıq ölkələri ayıran deyil, onları birləşdirən məkana çevrilib. Ölkəmiz isə burada yalnız coğrafi körpü rolunu daşımır, həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində regional inteqrasiyanın mərkəzi və dayanıqlı gücü kimi önə çıxır. Bu mövqe Azərbaycanın regional liderlik ambisiyasını və strateji planlılığını bir daha aydın göstərdi.
Eyni zamanda ölkəmizin təşəbbüsləri digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə zəmin yaradır.
Humanitar sahələrdə əməkdaşlıq da arzuolunan səviyyədə inkişaf edir. Prezident vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrini yalnız ortaq tarix və mədəniyyət deyil, eyni zamanda müasir iqtisadi maraqlar da birləşdirir. Bu isə regional həmrəyliyin yeni mərhələyə qədəm qoymasının həm simvolik, həm də praktik ifadəsidir. İnsanların gündəlik həyatı, mədəniyyət və təhsil sahələrində atılan addımlar, ölkələr arasında möhkəm bağların yaranmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir.
Müsahibədə şəxsi diplomatiya anlayışı xüsusi olaraq vurğulandı. Bu, Prezident İlham Əliyev ilə Şavkat Mirziyoyev arasındakı etimad və dostluq münasibətlərinin sadəcə rəsmi görüşlərin toplusu olmadığını, eyni zamanda dövlətlərarası əlaqələrin canlı və dinamizmini təmin edən əsas mexanizm kimi formalaşdığını göstərdi. Postsovet məkanında nadir rast gəlinən bu səmimi münasibət və strateji tarazlıq beş qarşılıqlı səfər və onlarla imzalanmış sənəd vasitəsilə aydın surətdə özünü büruzə verir.
İqtisadi sahədə təqdim olunan konkret nümunələr xüsusi diqqət çəkir. Ticarət dövriyyəsinin 87 faiz artması, 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması və Xankəndidə yeni fabrikin açılması göstərir ki, Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq yalnız sözlərdə qalmır, real iqtisadi layihələrlə möhkəmlənir. Bu faktlar eyni zamanda Azərbaycan diplomatiyasının planlı, məqsədyönlü və strateji xarakterini ortaya qoydu. Nəqliyyat və enerji sahələrinə yönələn yanaşma isə gələcəyə hesablanmış addımların göstəricisidir. Müsahibədə “Orta Dəhliz” ifadəsi təkcə infrastruktur layihəsini deyil, həm də yeni geosiyasi xəttin və strateji əməkdaşlığın simvolunu ifadə etdi.
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Azərbaycanın regional liderlik və əməkdaşlıq siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi. Müsahibə sübut etdi ki, ölkəmizin başçısı Türk dünyasının inkişafı yolunda dayanmadan çalışır, əldə olunan nəticələr isə Azərbaycanın liderliyini və Prezident İlham Əliyevin diplomatik ustalığını parlaq şəkildə ortaya qoyur. Bu fəaliyyət Azərbaycanın regional nüfuzunu möhkəmləndirir, diplomatik təşəbbüslər isə həm siyasi, həm də iqtisadi sahələrdə ölkəmizin mövqeyini gücləndirir, atılan addımlar isə regional sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası





















