MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq ödəniş və pul köçürmələri zamanı şəxsiyyətin rəqəmsal təsdiqi tələb olunacaq. İstifadəçilər 500 manatı keçən əməliyyatları həyata keçirmək üçün Bir ID, SİMA və ya MyGov platformaları vasitəsilə şəxsiyyətlərini təsdiqləməlidirlər.
Bəs bu yenilik hansı zərurətdən irəli gəlir? Məqsəd yalnız maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etməkdir, yoxsa nağd vəsaitlərin hərəkətinə nəzarəti gücləndirmək, vergidən yayınma və çirkli pulların yuyulması hallarının qarşısını almaq da nəzərdə tutulur?
İqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, bu addımın əsas məqsədi maliyyə əməliyyatlarında şəffaflığı artırmaq, qanunsuz pul dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizəni gücləndirməkdir.
Onun sözlərinə görə, söhbət dövlətin yaratdığı elektron maliyyə infrastrukturundan istifadə edən şəxslərin əməliyyatlarının identifikasiyasından gedir:
“Burada əsas məsələ şəffaflığın artırılmasıdır. Çirkli pulların yuyulmasına, vergidən yayınmaya qarşı mübarizədir. Elektron maliyyə sistemindən istifadə şəxsin maliyyə əməliyyatlarının da şəffaf olmasını tələb edir. Dövlət maliyyə sistemi bir infrastrukturdur. İnsanlar öz işlərini rahat şəkildə görür, pullarını bir yerdən digərinə göndərirlər. Amma həmin vəsaitin mənbəyi, qanuni əsası olmalıdır. Tutaq ki, bir vətəndaş müxtəlif vaxtlarda 200, 300, 500 manat olmaqla dəfələrlə pul göndərir. Ayrı-ayrılıqda kiçik görünən bu məbləğlər ay ərzində kifayət qədər böyük dövriyyə yarada bilər. Məsələn, 1000 manatlıq əməliyyat 30 dəfə təkrarlanırsa, söhbət 30 min manatdan gedir. İdentifikasiya vasitəsilə müəyyən etmək mümkün olur ki, həmin şəxs ay ərzində bu qədər pul göndərirsə, onun belə gəliri varmı? Vəsaitin mənbəyi nədir? Bu, qumar gəliridir, qanunsuz narkotik dövriyyəsindən əldə olunan puldur, yoxsa vergidən yayınma halları ilə bağlıdır?”.
İqtisadçı qeyd edib ki, elektron ödəniş sistemləri maliyyə əməliyyatlarını asanlaşdırsa da, bu imkanlardan qanunsuz məqsədlərlə istifadə hallarının qarşısının alınması üçün nəzarət mexanizmləri də vacibdir.
X.Kərimlinin fikrincə, məsələ yalnız vergi intizamı ilə məhdudlaşmır, həm də kibertəhlükəsizlik və maliyyə sisteminin qorunması baxımından əhəmiyyət daşıyır. O bildirib ki, ölkənin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyi, eləcə də qoşulduğu beynəlxalq konvensiyalar maliyyə əməliyyatlarının şəffaflığını tələb edir.
Beləliklə, 500 manatlıq həddin tətbiqi ödəniş platformalarının fəaliyyətində şəxsiyyətin müəyyənləşdirilməsi və maliyyə əməliyyatlarının izlənməsi imkanlarını genişləndirməyə xidmət edir.
Qeyd edək ki, yeni qaydaya əsasən, 500 manatdan artıq əməliyyat aparmaq istəyən istifadəçilər şəxsiyyətlərini Bir ID, SİMA və ya MyGov platformaları vasitəsilə təsdiqləməlidirlər. Bir ID ilə təsdiqləmə Birbank tətbiqi üzərindən də mümkündür.
Bunun üçün istifadəçi terminalda müvafiq xidməti seçərək məbləği daxil etməlidir. Məbləğ 500 manatı keçdikdə ekranda şəxsiyyətin təsdiqi üçün mövcud seçimlər göstəriləcək. Seçim edildikdən sonra terminalda QR-kod yaradılacaq. İstifadəçi müvafiq tətbiq vasitəsilə həmin kodu skan edərək təsdiqləmə prosesini tamamlamalıdır. Bundan sonra ödənişi həyata keçirmək mümkün olacaq.
İstifadəçilərə 500 manatdan yuxarı məbləğdə əməliyyatları rahat həyata keçirmək üçün qeyd olunan tətbiqlərdən ən azı birinin aktiv olması tövsiyə edilir.
Qeyd edək ki, MilliÖn “Bir” ekosisteminə daxil olan ödəniş terminalı şəbəkəsidir. Şəbəkə Azərbaycanda gündəlik ödənişlərin həyata keçirilməsi üçün nağd və elektron ödəniş xidmətləri təqdim edir.Musavat.com





















