Son günlər Bakıda təcili tibbi yardım avtomobillərinin sayrışan işıqları və güclü xüsusi səs siqnallarını mütəmadi işə salaraq hərəkət etməsi şəhər sakinlərinin narazılığına səbəb olub.
Korrekt.az xəbər verir ki, Qaynarinfo məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, bu barədə tapşırıq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəhbərliyi tərəfindən verilib.
İddialara görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Abşeron Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti üzrə direktor müavini Teymur Kravçenko Bakıda fəaliyyət göstərən bütün təcili tibbi yardım stansiyalarının bölmə rəhbərlərinə bu barədə şifahi göstəriş verib. Tapşırığa əməl etməyən sürücülərə, həkimlərə və bölmə rəhbərlərinə töhmət elan edildiyi bildirilir.

Teymur Kravçenko
TƏBİB-dən rəsmi açıqlama
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, 21 oktyabr 2026-cı il tarixli, 18-1-88/3-1-16691/2026 nömrəli əmrə əsasən, təcili tibbi yardım briqadalarının çağırış ünvanlarına vaxtında çatmasının təmin edilməsi, xüsusi təyinatlı avtomobillərin hərəkət zamanı üstün keçid hüququndan qanunvericiliyin tələblərinə uyğun istifadə olunması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirilir.
Qurumun açıqlamasında qeyd olunub ki, briqadalar çağırışdan qayıdarkən və növbəti çağırış ünvanına hərəkət edərkən də qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. TƏBİB bunu növbəti çağırışa daha operativ çatmaq zərurəti ilə izah edib.

Qanunvericilik nə deyir?
Təcili tibbi yardım avtomobillərinin sayrışan işıqlardan və xüsusi səs siqnallarından istifadəsi “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Bu vasitələrdən istifadənin qanunvericiliyin müəyyən etdiyi şərtlərə uyğun həyata keçirilməsi tələb olunur.
Xüsusi işıq və səs siqnallarından istifadə aşağıdakı hallarda mümkündür:
– Təcili çağırışa gedərkən: Həyatı təhlükədə olan və ya təxirəsalınmaz tibbi müdaxiləyə ehtiyacı olan pasiyentin ünvanına vaxtında çatmaq üçün;
– Ağır vəziyyətdə olan xəstəni xəstəxanaya apararkən: Pasiyentin vəziyyəti təcili tibbi müdaxilə tələb etdikdə;
– Qəza və təbii fəlakət yerlərinə gedərkən: Yol-nəqliyyat hadisələri və digər fövqəladə hallar zamanı zərərçəkənlərə yardım göstərmək məqsədilə.

Siqnalların istifadəsinə hansı məhdudiyyətlər var?
Qanunvericiliyə əsasən, operativ nəqliyyat vasitəsinə digər nəqliyyat vasitələri qarşısında üstünlük verilməsi üçün xüsusi sayrışan işıq və səs siqnalı eyni vaxtda qoşulmalıdır.
Sürücü svetoforun qadağanedici işığında hərəkət edərkən və ya yol nişanlarının tələblərindən kənara çıxarkən digər hərəkət iştirakçılarının ona yol verdiyinə əmin olmalıdır.
Xüsusi siqnalların xidməti zərurət olmadan, məsələn, növbə dəyişdirilərkən və ya adi gediş-gəliş zamanı istifadəsi isə qanunvericiliyin tələblərinə ziddir.
Beləliklə, TƏBİB-in açıqlamasına görə, təcili yardım briqadaları çağırışdan qayıdarkən də növbəti çağırışa operativ çatmaq məqsədilə xüsusi siqnallardan istifadə etməlidir. Lakin bu istifadənin qanunvericiliyin tələblərinə hansı konkret şərtlər daxilində uyğun olduğu məsələsi əlavə aydınlaşdırma tələb edir.





















