Dələduzluğunu eşitmədiyimiz kim qaldı ki?! Hamı kimisə dələduz sayır. Müəllim dələduzdur, təhsil eksperti dələduzdur, bina tikən dələduzdur, danışan yalançıdır, susan gizlədəndir.
Söz o yerə çatıb ki, insan kiminsə adını eşidən kimi ilk refleks olaraq soruşur: “Bu filan dələduzdur?” Dələduzların adları sosial mediada dolaşır, müzakirə edilir, linç olunur, müdafiə olunur. Amma bu adların özü mövzunun mərkəzi deyil. Onlar sadəcə bir şeyin göstəricisidir: cəmiyyət artıq heç kimə inanmır.
İnsanlar niyə bu qədər şübhəlidir? Çünki aldadılan çox olub, cavab verən az. Çünki illərlə saxtakarlıq cəzasız qalıb, dürüstlük isə axmaqlıq kimi təqdim edilib. Belə mühitdə təmiz adam da özünü müdafiə etməyə məcbur qalır. Günah sübut olunmur, günahsızlıq da artıq sübut tələb edir.
Ən təhlükəlisi isə budur ki, bu güvənsizlik küçədə, sosial şəbəkədə qalmayıb, evlərin içinə qədər girib. Ər arvada tam inanmır, arvad ərdən şübhələnir. Telefon gizlədilir, suallar artır, izahlar azalır. Ata oğulu sorğulayır, ana qızının uğurundan qorxur. Çünki cəmiyyət öyrəşib ki, saf uğur olmur, hər şeyin arxasında mütləq fırıldaq dayanır. Belə düşüncə ailəni içdən yeyir, sevgi yox olur, yerini ehtiyat, qorxu və şübhə tutur.
Hər gün bir dələduz gündəmdir, indiyə kimi tanıdığın biri ilə bağlı pərdə qalxır, maska yerə düşür.
Artıq məhkəmə hökmünə ehtiyac yoxdur, sosial şəbəkə paylaşımı yetərlidir. Emosional təəssürat kifayətdir. Beləcə dələduz anlayışı hüquqi termin olmaqdan çıxıb, kütləvi linç alətinə çevrilib.
Bu, bizi içdən yeyir…
Güvən olmayan yerdə heç nə qalmır. Ailə dağılır, biznes batır, təhsil çökür, dövlətlə vətəndaş arasında səssiz, qalın divar yaranır. İnsan inanmırsa, əməkdaşlıq etmir. Əməkdaşlıq yoxdursa, inkişaf da olmur. Hamı hamıdan şübhələnəndə cəmiyyət irəli yox, yalnız öz içinə doğru çökür.
Ya hamı günahkardır, ya da biz illərdir elə bir sistemin içində yaşayırıq ki, insanlar bir-birinə düşmən edilir. Bəlkə də artıq birini dələduz adlandırmazdan əvvəl özümüzdən soruşmalıyıq: mən nə vaxt kiməsə son dəfə həqiqətən güvəndim? Və bu güvən mənə nə verdi?!
Güvən itən yerdə xaos çox olur, həyat isə səssizcə dağılır.
Əslində, aldadan adam güclü deyil. O, çox vaxt içi boş, yaralı və narahat biridir. Güvən qurmağı bacarmadığı üçün aldatmağı öyrənib. Öz dəyərinə inanmadığı üçün başqasının inamını oğurlayır. Uğurlu görünsə də, daxilən həmişə qorxudadır – ifşa olunmaqdan, tərk edilməkdən, heç kimə lazım olmamaqdan. Ona görə də daim rol oynayır, maska taxır, daha çox qazanmağa, daha çox göstərməyə çalışır.
Onların ətrafında həmişə şübhə var, bağlar süni, iş fırıldaq, münasibət yarımçıq…
Və paradoks da buradadır: güvəni dağıdan adam ən sonda elə özü güvənsiz qalır. Heç kim ona tam inanmaz, heç kim yanında rahat olmaz. Çünki güvəni yıxan insanın qurduğu heç nə möhkəm olmur: nə dostluq, nə də gələcək.
Elnur Məmmədli





















