image-4backend

 Cəbrayıl rayonunun Zəfər yolu

image-ads-728x90

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş baş verdi. Bu Zəfərin mühüm səhifələrindən birini isə Cəbrayıl rayonunun işğaldan azad olunması təşkil edir. Uzun illər düşmən işğalında qalan Cəbrayılın azad edilməsi həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Düşmənin güclü və çoxpilləli müdafiə istehkamlarının yarılması, mürəkkəb relyef şəraitində aparılan döyüşlər və Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıq Cəbrayıl əməliyyatını Vətən müharibəsinin mühüm mərhələlərindən birinə çevirdi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin azad edilməsi ilə Azərbaycanın dövlət bayrağı uzun illərdən sonra yenidən bu qədim torpaqda dalğalandı.

Cəbrayıl rayonu uzun illər Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərindən biri olub. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub, Cəbrayıl sakinləri doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ açdı. Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə əks-hücum əməliyyatlarına başlayaraq işğal altında olan ərazilərin azad edilməsinə doğru irəlilədi. Bu əməliyyatlar sırasında Cəbrayıl istiqaməti xüsusi əhəmiyyət daşıyırdı. Çünki düşmən uzun illər ərzində burada güclü müdafiə sistemi yaratmışdı. Ərazidə bir neçə xətdən ibarət istehkamlar, səngərlər, müdafiə mövqeləri və müxtəlif mühəndis qurğuları hazırlanmışdı. Bu müdafiə xəttinin yarılması Azərbaycan hərbçilərindən yüksək peşəkarlıq, cəsarət, dözümlülük və fədakarlıq tələb edirdi. Azərbaycan əsgəri bütün bu çətinliklərə baxmayaraq qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdi. Cəbrayıl istiqamətində əldə edilən uğurlar sonrakı hərbi əməliyyatlar üçün mühüm zəmin yaratdı.

Cəbrayıl əməliyyatını mürəkkəb edən əsas amillərdən biri düşmənin uzun illər ərzində formalaşdırdığı müdafiə sistemi idi. İşğalçı qüvvələr Cəbrayıl ərazisini strateji mövqelərdən biri kimi qiymətləndirir və burada çoxsaylı istehkamlar qururdular. Belə müdafiə xətlərinin yarılması adi hərbi əməliyyat deyildi. Bunun üçün hərbi hissələrin koordinasiyalı fəaliyyəti, döyüşçülərin yüksək hazırlığı, düzgün taktiki qərarlar və ən əsası, şəxsi heyətin böyük iradəsi tələb olunurdu. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi əməliyyatlar düşmənin müdafiə sisteminin mərhələli şəkildə dağıdılmasına və ərazidə strateji üstünlüyün əldə olunmasına gətirib çıxardı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun həm mənəvi, həm də hərbi baxımdan üstünlüyünü daha da möhkəmləndirdi. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbələrin gələcək nəsillərə çatdırılması, tarixi yaddaşın qorunması və işğaldan azad edilmiş şəhərlərin xüsusi günlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 4 Oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub. Bu qərar Cəbrayılın azad edilməsinin Azərbaycan tarixindəki əhəmiyyətini bir daha təsdiqləyir. Şəhər günü yalnız təqvimdə qeyd olunan tarix deyil. Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, qazilərin qəhrəmanlığının, Azərbaycan Ordusunun şücaətinin və xalqın milli iradəsinin ifadəsidir. 4 Oktyabr həm də gələcək nəsillərə mühüm mesaj verir: torpaqların azadlığı uğrunda aparılan mübarizə, göstərilən qəhrəmanlıq və əldə olunan Zəfər heç vaxt unudulmamalıdır.

Cəbrayılın azad olunması ilə qarşıda yeni və daha böyük bir vəzifə – dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların doğma torpaqlarına qaytarılması və burada davamlı həyatın təmin edilməsi vəzifəsi dayanırdı. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritetlərdən birinə çevrildi. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, enerji və su təminatının qurulması, sosial obyektlərin inşası, yaşayış məhəllələrinin salınması və iqtisadi fəaliyyət üçün imkanların yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Cəbrayıl şəhərinin bərpası da bu prosesin mühüm hissəsidir. Şəhərin yeni siması müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılır. Məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil, həm də insanların rahat və təhlükəsiz yaşayacağı, işləyəcəyi və gələcək nəsillərini böyüdəcəyi müasir şəhər mühiti yaratmaqdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən ən mühüm proseslərdən biri Böyük Qayıdışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı həyata keçirilir.

Cəbrayıl da Böyük Qayıdışın əsas ünvanlarından biridir. 2024-cü il sentyabrın 26-da yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanının Bakı şəhərinin Qaradağ rayonundan yola salınması bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyırdı. Uzun illər doğma torpaqlarından ayrı düşmüş ailələrin Cəbrayıla qayıtması 2020-ci ildə əldə edilmiş hərbi Zəfərin artıq real həyatın bütün sahələrində öz nəticələrini göstərdiyini nümayiş etdirdi. İllərlə həsrətlə gözlənilən qayıdış artıq gerçəkliyə çevrilmişdi. Cəbrayılın küçələrində yenidən uşaqların səsi eşidilir, ailələr öz evlərinə qayıdır, sosial və iqtisadi həyat canlanır. Bununla da işğalın şəhərin həyatında yaratdığı uzunmüddətli fasilə aradan qaldırılır.

Böyük Qayıdış yalnız Cəbrayıl şəhəri ilə məhdudlaşmır. Rayonun kəndlərində də genişmiqyaslı quruculuq və məskunlaşma prosesi həyata keçirilir. 2026-cı il sentyabrın 28-nə olan məlumata əsasən, Cəbrayıl şəhərində 680 ailə, ümumilikdə 2 974 nəfər, Horovlu kəndində 321 ailə və 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə və 2 749 nəfər məskunlaşıb. Həmin tarixə Cəbrayıl şəhəri və qeyd olunan kəndlərdə ümumilikdə 1 600 ailə, 7 022 nəfər artıq doğma torpaqlarına qayıdaraq burada məskunlaşıb.

Cəbrayılın müasir tarixində Prezident İlham Əliyevin rayona səfərləri xüsusi yer tutur. Bu səfərlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesinin mərhələlərini əyani şəkildə nümayiş etdirir. Dövlət başçısının Cəbrayıla səfərləri bir tərəfdən Vətən müharibəsində əldə edilmiş Zəfərin tarixi nəticələrini nümayiş etdirir, digər tərəfdən isə azad edilmiş torpaqlarda yeni həyatın qurulması istiqamətində görülən işlərin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna ilk səfəri 2020-ci il noyabrın 16-da, rayonun işğaldan azad edilməsindən qısa müddət sonra baş tutub. Bu səfər xüsusi tarixi məna daşıyırdı. Dövlət başçısı Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Azərbaycan Dövlət bayrağını ucaltdı, dağıdılmış şəhərə baxış keçirdi və işğal dövründə Ermənistanın polis idarəsinin yerləşdiyi binanı gördü. Cəbrayılın mərkəzindəki dağıntılarla tanışlıq şəhərin işğal illərində məruz qaldığı dağıntıların miqyasını bir daha nümayiş etdirirdi.

Cəbrayılın qarşıdakı illərdə regionun mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur. Rayonun əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları, təbii resursları və həyata keçirilən infrastruktur layihələri onun inkişaf perspektivlərini artırır. Burada yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, məktəblərin, səhiyyə müəssisələrinin, xidmət sahələrinin və iqtisadi infrastrukturların yaradılması insanların rahat yaşayışına xidmət edir. Ən mühüm məsələ isə Cəbrayılın yalnız fiziki olaraq yenidən qurulması deyil, onun sosial həyatının da bərpa edilməsidir. Çünki şəhəri şəhər edən yalnız binalar və yollar deyil, burada yaşayan insanlardır. Bu baxımdan Cəbrayıla qayıdan hər bir ailə şəhərin yeni tarixinin qurucusuna çevrilir. Cəbrayılın tarixində artıq yeni dövr başlayıb. Bu dövrün adı Zəfərdən Qayıdışa, Qayıdışdan Quruculuğa uzanan dövrdür. 4 Oktyabr isə bu böyük tarixi yolun ən mühüm simvollarından biri olaraq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki