Həsən bəy Zərdabi Azərbaycan mədəni-ictimai tarixində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. O, milli mətbuatın banisi, ilk teatr təşəbbüslərinin müəllifi, qızlar üçün açılmış ilk məktəbin təsisçisi, Birinci Müəllimlər Qurultayının təşkilatçısı və sədri kimi maarifçilik hərəkatının əsas simalarından hesab olunur. Təxminən on il Bakı şəhər Dumasının üzvü kimi fəaliyyət göstərərək dövrünün ictimai-siyasi proseslərində fəal iştirak etmişdir. Zərdabi milli fikir tarixində ilk mətbu orqan olan “Əkinçi” qəzetinin təsisçisi kimi tanınır. Onun fəaliyyəti Azərbaycan cəmiyyətində maarifçilik ideyalarının formalaşması, milli özünüdərk və dünyəvi təhsil anlayışının inkişafı baxımından həlledici rol oynamışdır.
Həsən bəy Zərdabi 28 iyun 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olub. Orta təhsilini Şamaxıda aldıqdan sonra 1861-ci ildə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiyyatşünaslıq şöbəsinə daxil olmuşdur. 1865-ci ildə universiteti yüksək nəticələrlə bitirmiş, elmi şuranın qərarı ilə ona təbiət elmləri namizədi dərəcəsi verilmiş və elmi fəaliyyətə davam etmək üçün kafedrada qalmaq təklif edilmişdir. Lakin Zərdabi bu imkandan imtina edərək xalqına xidmət yolunu seçmişdir. Onun məşhur fikri bu seçimin mahiyyətini aydın ifadə edir:
“Mənim xalqım bu saat qəflət yuxusundadır, cəhalət girdabında boğulur. Mənim kimi bir insan bunu görüb onlardan ayrı qala bilməz.”
Vətənə döndükdən sonra bir müddət Qubada məhkəmə sahəsində çalışmış, daha sonra Şamaxıda vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Onun sonrakı maarifçilik fəaliyyəti Azərbaycanın mədəni modernləşmə prosesində yeni bir mərhələ açmışdır.
Həsən bəy Zərdabi maarifçilik ideologiyasını cəmiyyətin intellektual və sosial inkişafının əsas şərti kimi qəbul edərək millətin geriliyinin səbəbini ilk növbədə savadsızlıqda görürdü. Bu səbəbdən məktəb və müəllim anlayışları onun düşüncə sistemində yalnız təhsil müəssisəsi və peşə sahəsi kimi deyil, milli dirçəlişin rəmzi, qurtuluşun vasitəsi kimi təzahür edirdi. Onun fikrincə, məktəb xalqı cəhalət girdabından çıxaran “çıraq”, müəllim isə həmin çırağı alovlandıran maarif keşikçisi idi. Zərdabi 1869-cu ildə Bakıya gələrək orta məktəbdə təbiət fənlərindən dərs deməyə başlayır. Maarifçilik fəaliyyətinin mühüm mərhələlərindən biri 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” komediyasını nümayiş etdirməsi ilə bağlıdır. Bu tamaşa yalnız bir mədəni hadisə deyil, həm də Azərbaycan milli teatrının formalaşmasında dönüş nöqtəsi olmuşdur və bu təşəbbüs ona milli teatrın banisi statusunu qazandırmışdır.
Maarifçi ideyalarına görə təqib və təzyiqlərlə üzləşməsi nəticəsində onun pedaqoji fəaliyyəti müəyyən müddət yarımçıq qalsa da, Zərdabinin maarifçilik irsi sonrakı dövrün düşüncə məkanında mühüm iz qoydu. Onun elmi-publisistik irsinin böyük bir hissəsi təhsil, tərbiyə, milli özünüdərk, cəmiyyətin avropalaşma və modernləşmə prosesi ilə bağlıdır. Həsən bəy üçün vətən sevgisi yalnız milli mənsubiyyətlə məhdudlaşmır, beynəlmiləlçilik ideyaları ilə birləşərək bəşəri məzmun qazanırdı. O, millətini geri salan əsas amilin cəhalət, savadsızlıq və maarifsizlik olduğunu dərk edir və bunun aradan qaldırılması üçün kütləvi maariflənməni vacib hesab edirdi.
Ana dilində mətbuatın zərurətini dərk edən Zərdabi bu istiqamətdə tarixi addım ataraq 22 iyun 1875-ci ildə ilk Azərbaycan dilli qəzet olan “Əkinçi”ni nəşr etdirdi. Bu qəzet təkcə bir mətbu orqan deyil, həm də milli düşüncənin oyanış platforması, xalqı bilgi ilə tanış edən elmi-populyar tribunal idi. Ayda 2–3 dəfə 300–400 tirajla çap olunan qəzet qısa müddətdə bütün Qafqazda geniş rezonans doğurdu. Qəzetin səhifələrində “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”, “Təzə xəbərlər” kimi rubrikalar vasitəsilə kənd təsərrüfatından elmə, maarifdən sosial problemlərə qədər geniş spektrdə yazılar yayımlanırdı.
Beləliklə, “Əkinçi”nin nəşri ilə Azərbaycan ədəbi, mədəni və ictimai fikrində yeni mərhələ başlandı; milli mətbuatın, müasir təfəkkürün və maarifçi ideologiyanın formalaşması üçün möhkəm zəmin yarandı. Həsən bəy Zərdabi həm fəaliyyəti, həm də əqidəsi ilə milli oyanışın və modern düşüncənin aparıcı simasına çevrildi.
Həsən bəy Zərdabi cəmiyyətin maarifdən uzaq qaldığı, mövhumatın, savadsızlığın və sosial ətalətin geniş yayıldığı bir dövrdə xalqın inkişaf yolunun yalnız elm və təhsil vasitəsilə mümkün ola biləcəyini dərk edirdi. Bu məqsədlə o, cəmiyyəti oyatmaq, milli şüurun formalaşmasına təsir göstərmək, elm və tərəqqini geniş kütlələrə çatdırmaq üçün “Əkinçi” qəzetini nəşr etdirdi. Cəmi 56 sayı çap olunan bu qəzet, qısa ömrünə baxmayaraq Azərbaycan milli mətbuatının təşəkkülündə, intibah düşüncəsinin yayılmasında və yeni maarifçi ideologiyanın formalaşmasında tarixi rol oynadı. Zərdabi təkcə mətbuat sahəsində deyil, həm də ictimai təşkilatlanmada mühüm təşəbbüslərlə çıxış edirdi. Onun fəaliyyəti nəticəsində 1872-ci ildə ilk “Xeyriyyə cəmiyyəti” təsis olundu. Bu cəmiyyətin əsas məqsədi ehtiyacı olanlara maddi kömək göstərmək, təhsil mühitini inkişaf etdirmək və maarifçilik ideyalarının yayılmasına xidmət etmək idi.
Maarifçilik fəaliyyətinin mühüm istiqamətlərindən biri də qadın təhsilinə verdiyi dəyər idi. O, qadınların savadlanmasını cəmiyyətin tərəqqisi üçün əsas şərt hesab edir və bu sahədə ardıcıl mübarizə aparırdı. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün açılmış ilk məktəbin yaradılmasında onun rolu həlledici idi. Bu məktəbin nizamnaməsini şəxsən Zərdabi hazırlamış, həmçinin məktəbin Qəyyumlar Şurasının üzvü seçilmişdi. Məktəbin ilk direktoru isə Zərdabinin həyat yoldaşı, maarifçi-pedaqoq Hənifə xanım Məlikova olmuşdur. Bu fakt həm ailə, həm də ideya birliyinin maarifçilik hərəkatında nə dərəcədə sistemli xarakter daşıdığını göstərir. Zərdabi müəllimlik peşəsini cəmiyyətin modernləşməsi üçün ən önəmli qüvvə hesab edir və bu istiqamətdə milli pedaqogikanın formalaşmasına xüsusi diqqət yetirirdi. 1906-cı ildə Bakıda keçirilən Birinci Azərbaycan Müəllimlər Qurultayında Nəriman Nərimanovla birlikdə fəal iştirak etmiş, daha sonra onun təşəbbüsü ilə İkinci Müəllimlər Qurultayının keçirilməsi təmin edilmişdi. Bu qurultaylar milli təhsilin ideoloji istiqamətlərinin müəyyənləşdirilməsi, dərs proqramlarının sistemləşdirilməsi və müəllim kadrlarının hazırlanması baxımından mühüm tarixi hadisələr hesab olunur.
Beləliklə, Həsən bəy Zərdabi yalnız bir mətbuat xadimi deyil, həm də maarifçilik fəlsəfəsini praktik fəaliyyətə çevirən, milli şüurun formalaşmasında real struktur dəyişiklikləri həyata keçirən bir mütəfəkkir idi. Onun fəaliyyəti Azərbaycan cəmiyyətinin modernləşməsi, milli oyanışın təşəkkülü və yeni fikir tarixinin qurulmasında mühüm bir mərhələ təşkil edir.
O yaşamaq xatirinə yaşamadı, bu dünyaya gəldi, yazdıqları yaratdıqları, özündənsonrakı zəngin irsi ilə tarix yaratdı. O, tarixə adını sarılmaz iradənin gücü, xarakterin bütövlüyü, məfkurənin dönməzliyi, sonsuz vətən sevgisi ilə yazdı. Ruhun şad olsun, işıq adam.
Elza İbadova
Filoloq





















