Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında səsləndirdiyi fikirlər Cənubi Qafqazda postmünaqişə dövrünün yeni reallıqlarını və bu reallıqlar fonunda formalaşan siyasi-iqtisadi tendensiyaları əhatə edir. Çıxışda həm sülh prosesinin praktik nəticələri, həm regional layihələr, həm də beynəlxalq institutların yanaşmalarındakı fərqlər diqqət mərkəzində olub. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, regionda artıq sülhün institusional deyil, praktik mərhələsi müşahidə olunur. Ermənistanla münasibətlərdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması və yükdaşımaların bərpası bu prosesin əsas göstəricilərindəndir. Son dövrdə Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yükün çatdırılması, eləcə də yanacaq məhsullarının ixracı iqtisadi əlaqələrin ilkin mərhələdə formalaşdığını göstərir. Bu yanaşma sülhün yalnız siyasi razılaşma deyil, eyni zamanda iqtisadi qarşılıqlı asılılıq üzərində qurulduğunu nümayiş etdirir.
Çıxışda diqqət çəkən məqamlardan biri də regionun nəqliyyat xəritəsində baş verən dəyişikliklər oldu. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan təşəbbüs Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantının yaradılmasını nəzərdə tutur. Bu layihənin həyata keçirilməsi Naxçıvanın regional tranzit sisteminə inteqrasiyasını gücləndirə, onun iqtisadi və logistika potensialını artıraraq daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsinə çevirə bilər. Eyni zamanda bu marşrutun Orta Dəhlizlə əlaqələndirilməsi regionun qlobal ticarət axınlarında rolunu genişləndirir.
Prezident İlham Əliyev çıxışında bəzi Avropa institutlarının Ermənistan-Azərbaycan sülh prosesinə münasibətini də şərh edib. Xüsusilə Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının fəaliyyəti ilə bağlı iradlar səsləndirilib. Qeyd olunub ki, son illərdə qəbul edilən müxtəlif sənədlər və qətnamələr regiondakı sülh prosesinin real dinamikasını tam əks etdirmir və bəzi hallarda birtərəfli yanaşmalar müşahidə olunur. Bu isə beynəlxalq təşkilatların neytrallıq prinsipi ilə bağlı suallar doğurur. Eyni zamanda Azərbaycanın Avropa Şurası çərçivəsində uzunmüddətli üzvlüyü və beynəlxalq hüququn icrasına verdiyi töhfələr də vurğulanıb. Bu kontekstdə 1990-cı illərin əvvəllərində qəbul edilmiş BMT qətnamələrinin yerinə yetirilməsi regional reallığın dəyişməsində əsas mərhələlərdən biri kimi qeyd olunur.
Son dövrdə Azərbaycanın beynəlxalq siyasi mühitdə artan rolu müxtəlif diplomatik təmaslarla da müşahidə olunur. Xarici liderlərin Bakı səfərləri və regionla bağlı müzakirələr Azərbaycanın enerji, nəqliyyat və siyasi dialoq baxımından əhəmiyyətini daha da artırır. Eyni zamanda Cənubi Qafqazda yeni siyasi balansın formalaşması region ölkələrinin xarici siyasət kurslarında da dəyişikliklərə təsir göstərir. Bu proses Azərbaycanı regional səviyyədən daha geniş geosiyasi müstəviyə çıxaran amillərdən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”ndəki çıxışı Cənubi Qafqazda sülh prosesinin real mərhələyə keçdiyini, iqtisadi və nəqliyyat layihələrinin bu prosesi möhkəmləndirdiyini, eyni zamanda beynəlxalq institutlar arasında fərqli yanaşmaların mövcud olduğunu göstərir. Formalaşan yeni reallıqda Azərbaycan həm regional əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı, həm də qlobal iqtisadi və siyasi proseslərdə daha geniş rol oynayan təsir gücünə malik ölkə kimi çıxış edir.
Samirə Hüseynova





















