Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin son iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.
Layihəyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq. Qeyd edilib ki, Cəzaların İcrası Məcəlləsinin 24-cü maddəsinə əsasən məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əmək haqqına və ya başqa qazancına yönəldilir. Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur. Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.
Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədilə bu qanun layihəsi hazırlanıb.
Yeni qayda hansı zərurətdən doğub və nə dərəcədə effektli olacaq?
Tanınmış vəkil Cavad Cavadov deyib ki, bu dəyişiklik texniki redaktə kimi təqdim olunsa da, mahiyyət etibarilə cəzanın icrası fəlsəfəsinin dəyişdirilməsi cəhdidir və bu cəhdin arxasında çox konkret, uzun illərdir yığılıb qalan bir problem dayanır:
“Əvvəlcə səbəbə baxaq. Mövcud mexanizm hüquqi məntiq baxımından absurd idi: 50-100 manatlıq cəriməyə görə məhkumun mənzilinə, avtomobilinə, payına həbs qoyulur, aylarla icra hərəkətləri aparılır, sonda isə ya əmlak satılmır, ya da satış xərcləri cərimənin özünü udurdu. Dövlət nə pulunu vaxtında ala bilirdi, nə də icra sistemi effektiv işləyirdi. İcra məmuru kağız üzərində iş görürdü, real nəticə isə yox idi”.
Cavad Cavadov qeyd edib ki, təklif olunan dəyişiklik kağız üzərində son dərəcə məntiqli görünür:
“Çünki cərimə cinayət hüququnun ən yüngül sanksiyasıdır və onun icrası da proporsional olmalıdır. Bir insanın gündəlik qazancına yönəlməklə cəriməni hissə-hissə tutmaq həm sosial baxımdan yumşaqdır, həm də dövlət üçün daha operativdir. Amma problem buradadır ki, Azərbaycan reallığında bu mexanizmin effektivliyi şübhəlidir. Birincisi, ölkədə minlərlə insan rəsmi əməkhaqqı almır. Rəsmi maaşı olmayan, amma faktiki olaraq gəliri olan şəxslər üçün bu mexanizm kağız üzərində qalacaq. Nəticədə icra yenə əmlaka yönəlməli olacaq.
İkincisi, əməkhaqqına yönəlmə məsələsi avtomatik ədalət yaratmır. Əgər minimal əməkhaqqı alan şəxs üçün aylıq tutulma onun sosial vəziyyətini daha da ağırlaşdırırsa, burada cəza artıq tərbiyəedici yox, sosial cəzalandırma xarakteri alır. Qanun bu balansı çox incə qurmalıdır, əks halda narazılıq yaradacaq.
Üçüncüsü və ən vacibi problem mexanizmdə yox, icra mədəniyyətindədir. Əgər icra məmuru yenə selektiv davranacaqsa, yenə “kim tanışdır, kim deyil” prinsipi işləyəcəksə, əməkhaqqına yönəlmə də formal prosedura çevriləcək. Qanun dəyişir, amma münasibət dəyişmirsə, nəticə də dəyişməyəcək. Bu dəyişiklik zərurətdən doğub, əlbəttə ki, bunu danmaq olmaz. Mövcud sistem səmərəsiz idi və dəyişməli idi. Amma bu qayda öz-özlüyündə möcüzə yaratmayacaq. Effekt yalnız o halda ola bilər ki, rəsmi məşğulluq real şəkildə genişləndirilsin, icra mexanizmləri şəffaf və avtomatlaşdırılmış olsun, sosial həssaslıq nəzərə alınsın. Əks halda, qanunvericilikdə növbəti düzəliş, praktikada isə növbəti işləməyən norma ilə üz-üzə qalacağıq”.musavat.com





















