Milli Məclisin deputatı Pərvanə Vəliyeva parlamentdə Hesablama Palatasının 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı çıxış edərək sənədi yüksək qiymətləndirdiyini və ona müsbət səs verəcəyini bildirib.
Deputat hesabatın ətraflı təqdimatına görə Palatanın rəhbərliyinə təşəkkür edərək vurğulayıb ki, audit zamanı yalnız vəsaitlərin qanunauyğun və məqsədyönlü xərclənməsi deyil, eyni zamanda görülən işlərin keyfiyyəti də əsas meyarlardan biri olmalıdır. Onun sözlərinə görə, hədəflər icra olunsa belə, yekun nəticə keyfiyyət tələblərinə cavab vermirsə, bu, mütləq nəzərə alınmalıdır.
Pərvanə Vəliyeva qeyd edib ki, auditin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, keyfiyyət uyğunluğu və dayanıqlılıq meyarlarının da tətbiqi məqsədəuyğun olardı. O bildirib ki, müasir yanaşmalara əsasən inkişaf yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitə təsirin azaldılması və dayanıqlı istehsal prinsipləri ilə qiymətləndirilməlidir. Bunun üçün qurumlarda keyfiyyətin ölçülməsi və monitorinqi üzrə güclü daxili mexanizmlərin formalaşdırılması vacibdir.
Deputat səhiyyə sahəsinə də toxunaraq qeyd edib ki, audit hesabatında bəzi hallarda zəruri tibbi vasitə və dərmanların vaxtında alınmaması nəticəsində vətəndaşların çətinliklərlə üzləşdiyi göstərilir. Onun sözlərinə görə, tibbi xidmətlərin spesifikliyi səbəbindən dərman və tibbi ləvazimatlara olan tələbatın planlaşdırılması mürəkkəbdir. Bu baxımdan, həyati əhəmiyyətli məhsulların birmənbədən satın alınmasına üstünlük verilməsi, satınalma prosedurlarının sadələşdirilməsi və süni intellekt əsaslı qiymətləndirmə mexanizmlərinin tətbiqi daha effektiv ola bilər.
Çıxışında dövlət satınalmalarında yol verilən pozuntulara da diqqət çəkən deputat bildirib ki, hesabatda 32 audit üzrə hüquqi tələblərin pozulduğu qeyd olunub. O vurğulayıb ki, satınalma proseslərində yalnız aşağı qiymət deyil, keyfiyyət amili də əsas götürülməlidir. Hər bir vergi ödəyicisinin tenderlərdə iştirak etməsinin doğru olmadığını deyən deputat, xüsusilə istehsal və tikinti sahələrində risk qiymətləndirilməsi mexanizmlərinin tətbiqini təklif edib.
Pərvanə Vəliyeva əlavə edib ki, iş yerlərində qəzaların baş verdiyi müəssisələrin dövlət satınalmalarında iştirakına məhdudiyyət qoyulması məqsədəuyğun olar. Bu yanaşma həm maliyyə itkilərinin, həm də insan həyatına dəyən zərərin qarşısını almağa xidmət edər və müəssisələri daha təhlükəsiz iş mühiti yaratmağa təşviq edər.
Deputat qeyri-hökumət təşkilatları ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, bəzi hallarda onların seçimi dövlət satınalma portalı üzərindən həyata keçirilir. Halbuki qanunvericiliyə əsasən, QHT-lərin seçimi yalnız müsabiqə yolu ilə aparılmalı və qrant müqavilələri müvafiq qaydada qeydiyyata alınmalıdır. O, bu sahədə vahid yanaşmanın tətbiqini təklif edib.





















