Penn State College of Medicine tədqiqatçıları aparılan geniş araşdırmada göstəriblər ki, keçmişdə COVID-19 infeksiyası keçirən insanlarda böyrək problemlərinin yaranma riski əhəmiyyətli dərəcədə yüksəlir. Tədqiqat 3 milyondan çox şəxsin məlumatlarının təhlili əsasında Communications Medicine jurnalında dərc olunub.
Korrekt.az xəbər verir ki, araşdırmaya görə, COVID-19 keçirmiş şəxslərdə böyrək xəstəliklərinin riski qrip keçirmiş insanlarla müqayisədə xeyli yüksəkdir:
Kəskin böyrək zədələnməsinin riski 2,3 dəfə artıb,
Xroniki böyrək xəstəliyi riski 1,4 dəfə yüksəlib,
Böyrək çatışmazlığı inkişaf etmə ehtimalı isə təxminən 4,7 dəfə çoxdur.
Tədqiqatda əvvəldən böyrək xəstəliyi diaqnozu qoyulmuş şəxslər daxil edilməyib, bu da infeksiyadan sonra yeni yaranan halları qiymətləndirməyə imkan verib.
Müşahidələr orta hesabla xəstəlikdən bir il sonra aparılıb. Məlum olub ki, qrip böyrəklərə qısa müddətli və nisbətən yüngül təsir göstərirsə, COVID-19 həm kəskin, həm də uzunmüddətli zədələnməyə səbəb olur. Tədqiqatçılar bunu böyrək hüceyrələrində SARS-CoV-2 virusunun daxil olmasına imkan verən reseptorların olması ilə izah edirlər.
Müəlliflər vurğulayırlar ki, keçmişdə COVID-19 keçirilməsi xüsusilə şəkər xəstəliyi və hipertoniya olan şəxslərdə böyrək sağlamlığının qiymətləndirilməsi zamanı risk faktorlarından biri kimi nəzərə alınmalıdır. Daha tez-tez böyrək funksiyasının monitorinqi aparılması, pozğunluqların erkən mərhələdə aşkar edilməsinə və ağır fəsadların qarşısının alınmasına kömək edə bilər.
Əvvəllər aparılan araşdırmalar göstərib ki, D vitamini həm qrip, həm də COVID-19-un ağır gedişat riskini azalda bilər.





















