Son dövrlər sosial şəbəkələrdə “daşıyıcı ana ol, 30 min manat qazan” kimi cəlbedici elanların sayı artır. İlk baxışda bu təkliflər asan qazanc kimi təqdim olunsa da, məsələnin tibbi, psixoloji və hüquqi tərəfləri kifayət qədər mürəkkəbdir. Xüsusilə də bu sahədə məlumatlılıq səviyyəsinin aşağı olması bir çox qadının riskləri tam dərk etmədən qərar verməsinə səbəb olur. Surroqat analıq Rusiyada, Gürcüstanda qanunla tənzimlənən xidmətdir.Bəs qonşu ölkələrdə qanunla tənzimlənən bu proses Azərbaycanda necə həyata keçirilir? Surroqat analıq qanunidirmi?
Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə Sfera.az-a açıqlama verib.
Suroqqat ana məsələsi qanunla tam tənzimlənmir
Onun sözlərinə əsasən, qanunvericilik bu sahəni tam tənzimləmir və mövcud normalar bir-birinə zidd görüntü yaradır:
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.4-cü maddəsi surroqat analıq anlayışını dolayı yolla tanıyır. Həmin maddəyə görə, nikahda olan və süni mayalanma və ya embrion implantasiyasına yazılı razılıq vermiş valideynlər, surroqat ananın razılığı ilə doğum şəhadətnaməsində uşağın valideynləri kimi qeydə alına bilərlər. 47.4-cü maddə isə mühüm bir məhdudiyyət müəyyən edir ki, doğumdan sonra nə surroqat ana, nə də valideynlər bu faktı, yəni surroqat analıq vasitəsilə doğumu atalıq və ya analıq mübahisəsində hüquqi əsas kimi irəli sürə bilməz. Yəni Ailə Məcəlləsi yalnız nəticəni, uşağın hüquqi statusunu tənzimləyir. Prosesin özü, müqavilənin forması, tərəflərin hüquqları, ödəniş şərtləri, tibbi mərhələlər – bunların heç biri bu Məcəllədə öz əksini tapmır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 29-cu maddəsi yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və embrion implantasiyası hüququnu təsbit edir. Maddəyə görə, süni mayalanma və embrion implantasiyası ər-arvadın və ya tənha qadının rəsmi razılığı əsasında aparılır, donorun şəxsiyyəti, süni mayalanma faktı həkim sirri sayılır, qadın tibbi müdaxilənin hüquqi və tibbi nəticələri, donasiya prosesi barədə məlumat almaq hüququna malikdir; qanunsuz süni mayalanma və ya embrion implantasiyasında təqsirli şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.Bu maddə surroqat analığı birbaşa qadağan etmir, lakin qanunsuz tətbiq halında məsuliyyəti açıq şəkildə nəzərdə tutur. Surroqat analıq isə bu maddə çərçivəsində hüquqi cəhətdən tənzimlənməmiş qaldığından, istənilən kommersiya əsaslı tətbiq “qanunsuz” kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsində isə qeyd olunur ki, kommersiya surroqatlığı insan alveridir. Ən kritik hüquqi norma Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsidir. Bu maddə insan alverini tənzimləyir və sıralanan istismar növlərinin arasında birbaşa olaraq “qadının surroqat ana kimi istifadə edilməsi” anlayışını insan alverinin predmeti kimi müəyyən edir. Cəza isə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə kimi müəyyən olunur. DİN-in rəsmi açıqlamasında da bu mövqe təsdiqlənib: polis əməkdaşları insanın istismarı ilə nəticələnən hüquqpozmalara qarşı mübarizəni davam etdirir və surroqat analıq insan alverinin predmeti kimi qiymətləndirilir”.

Hüquqşünas qanunların bir-birinə zidd olmasını tənzimlənməmiş hüquqi boşluq adlandırıb və Milli Məclisdə bu məsələyə yenidən baxılmasının vacibliyini qeyd edib:
“Ailə Məcəlləsinə əsasən, surroqat ana vasitəsilə uşaq sahibi olmaq hüquqi baxımdan yol verilir. Lakin surroqat ana kimi qadının istismar edilməsi və ya məcburi surroqat ana fəaliyyətinə cəlb edilməsi insan alveri və istismar kimi cinayət məsuliyyəti yaradır və qadağandır. Hüquqi münasibətlər tərəflərin yazılı razılığı və qanunvericiliyin tələbləri çərçivəsində tənzimlənməlidir. Hüquqi boşluq ondan ibarətdir ki, “Reproduktiv sağlamlıq haqqında” Qanun hələ qəbul edilməyib. Milli Məclisin Səhiyyə komitəsinin üzvünün bildirdiyinə görə, surroqat analıqla bağlı hissə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindən çıxarılıb və həmin qanun hələ də qəbul edilməyib. Bu isə o deməkdir ki, prosesin bütün mərhələlərini – müqaviləni, tərəflərin hüquqlarını, uşağın statusunu, tibbi prosedurları əhatə edən konkret hüquqi norma mövcud deyil. Nəticə etibarilə, surroqat analıq Azərbaycanda nə tam qanuni, nə də tam qadağan edilmiş bir sahədir; bu, tənzimlənməmiş hüquqi boşluqdur. Sosial şəbəkələrdə yayılan kommersiya elanları isə Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi baxımından ciddi risk daşıyır. Həm cəlb edən, həm də razılaşan tərəf cinayət məsuliyyəti ilə üzləşə bilər. Qadınlara tövsiyəm belədir ki, yüksək maddi vəd arxasında hüquqi qeyri-müəyyənlik və cinayət riski gizlənir, bu addımı atmadan əvvəl mütləq hüquqi məsləhət alın”.
“Reproduktiv sağlamlıq haqqında” Qanunun labüddür
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva da Sfera.az-a fikirlərini bölüşüb.

Deputat bildirib ki, ana və uşaq ölümü hallarının azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulanlara keyfiyyətli tibbi qayğının göstərilməsi səhiyyə sistemi istiqamətində dövlətin xüsusi əhəmiyyət verdiyi sahələrdəndir:
“Süni mayalanma, sonsuzluğun müalicəsində istifadə olunan mütərəqqi yeniliklər və digər bu kimi prosedurların həyata keçirilməsi dövrün tələbi, günün aktuallığı və cəmiyyətin reallığı olsa da, bunun həyata keçirilməsi üzrə qanuni bazanın olması da eyni dərəcədə vacibdir. Bu sahədə hüquqi tənzimləməyə ehtiyac var. “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbulu labüddür. Uğursuz prosedurlardan sonra ana olmağa hazırlaşan şəxslər ciddi psixoloji (mental) sağlamlıq problemləri ilə, o cümlədən böyük maliyyə yükü ilə üz-üzə qalırlar. Uğursuz əməliyyatlar insan sağlamlığına ciddi zərərlə də nəticələnə bilir. Bu baxımdan bu kimi xidmətlərin hüquqi bazasının olması, məsuliyyətlərin və terminlərin dəqiq müəyyənləşməsi olduqca vacibdir. Müvafiq qanunvericiliyə əsasən, orqanların və toxumaların alqı-satqısı və reklamı ölkəmizdə qadağandır. Bu sahədə ciddi cinayət və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur. Qanun həmçinin dövlətin bu sahədəki vəzifələrini, donor orqanların götürülməsi, saxlanması, daşınması və transplantasiyası qaydalarını, donor və resipiyentlərin qeydiyyatını və məlumat bazasının yaradılmasını əhatə edir. Vətəndaşlarımız manipulyasiya yaradan bu cür reklamlara aldanmasınlar. Əminəm ki, bu kimi qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslərin qanunsuz reklamları, bu kimi halların hər biri hüquq-mühafizə orqanlarımız tərəfindən nəzarətdədir və araşdırılır”.
Daşıyıcı analığın riskləri böyükdür
Bəs, ümumiyyətlə surroqat ana fəaliyyəti həm qadınlar, həm də dünyaya gələn uşaq üçün hansı riskləri daşıyır?
Məsələ ilə bağlı səhiyyə eksperti Rasif Bağırov sualımızı cavablandırıb.
Onun fikirlərinə görə, hamiləlik prosesi ciddi şəkildə həkim nəzarətində davam edən və başa çatan bir proses olmalıdır, həmçinin həkim nəzarəti olmadan ciddi fəsadlar yarana bilər:

“Hamiləlik zamanı insan orqanizmində ciddi hormonal proseslər gedir. Elə insanlar var ki, şəkər xəstəliyinə tutulur, elə qadın var ki, onda böyrək xəstəliyi meydana çıxır, zob yaranır, varikoz əmələ gəlir. Yəni ciddi fəsadlar ortaya çıxa bilir. Hamiləlik adi iş deyil. Surroqat analar da bunu nəzərə almalıdırlar ki, onları çox ciddi fəsadlar və xəstəliklər gözləyə bilər və onlar bu xəstəliklərdən canlarını qurtara bilməyə bilərlər. İnsanlar yalnız maliyyə əldə etmək üçün bu qərarı qəbul etməməlidirlər. İkinci tərəfdən, ananın geni də uşağa təsir edir. İnsan bilmir ki, ananın nəslində hansı xəstəliklər olub, hansı problemlər yaşanıb. Elə insanlar var ki, ailəsində, nəslində əsəb sistemi xəstəlikləri, beyinlə bağlı problemlər olur və doğulan uşaq əqli inkişaf qüsurlu doğula bilər və yaxud ciddi xəstəliklərlə dünyaya gələ bilər. Gələcəkdə həmin uşağın dünyaya gəlməsi və yeni valideynlər tərəfindən ona baxılması onlar üçün əzaba çevrilə bilər. Yaxud da ola bilər ki, surroqat ana olan qadın nəslindəki irsi xəstəlikləri gizlətsin və uşaq doğulanda həmin irsi xəstəlik riski ortaya çıxsın. Bu da yeni ailə üçün əlavə problem yarada bilər.Cəmiyyətdə bu haqda geniş informasiya verilməsi vacib olan məsələdir. İnsanlar mediadan bu barədə məlumat əldə edib maariflənməli, belə məsələlərdə ehtiyatlı olmalıdırlar”.





















