image-1backend

Dünya şöhrətli yazıçı: “Dünyanı daha da pisləşdirməmək üçün nə edə bilərəm?” 

image-ads-728x90

Bestseller əsərlərin müəllifi, məşhur norveçli yazıçı Erlend Loe azərbaycanlı jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. “Naiv. Super.”, “Doppler” və digər əsərləri ilə dünyada geniş oxucu auditoriyası qazanan Erlend Loe bu müsahibədə ədəbiyyat, həyatın xaosu, xoşbəxtlik, maddi rifah, süni intellekt, müasir dünyanın qeyri-sabitliyi və insanın həqiqi dəyərləri barədə fikirlərini bölüşüb. O, həmçinin Azərbaycan oxucularına xüsusi mesajını çatdırıb.

HafizTimes.com əsərlərində müasir insanın tənhalığına, həyatın mənasına, sadəliyə və cəmiyyətin gözləntilərinə yumor və ironiya ilə yanaşan yazıçı Erlend Loe ilə eksklüziv müsahibəni təqdim edir:

– “Naiv. Super.” 1996-cı ildə nəşr olunub. Lakin əsərin qaldırdığı suallar bu gün — sosial medianın, süni intellektin və daim bir işdən digərinə tələsdiyimiz həyatın hökm sürdüyü bir dövrdə — bəlkə də daha aktualdır. Sizcə, insan belə mürəkkəb dünyada necə “sadəlövh” qala bilər və sadə şeylərdə xoşbəxtliyi necə tapa bilər?

– İnanıram ki, həyat və həyatın təqdim etdiyi imkanlar qarşısında özünü həddindən artıq yüklənmiş hiss etmək hamıya xas olan bir duyğudur. Xüsusilə yetkinləşməyə başladığımız dövrdə diqqəti cəmləmək həmişə çətin olub. İndiki dövrdə isə bu, yəqin ki, heç vaxt olmadığı qədər kəskin hiss olunur.

“Naiv. Super.” bu məsələlərə elə bir şəkildə yanaşır ki, əsər texnologiyanın hazırkı səviyyəsindən asılı olmayaraq öz aktuallığını qoruyur. Bu, insanın dünyadakı yerini hiss etməsi haqqındadır.

– “Doppler” romanında baş qəhrəman cəmiyyətin gözləntilərini və “uğur” anlayışının ənənəvi formasını rədd edərək meşəyə çəkilir. Sizcə, insan hər şeyi geridə qoyaraq həqiqətən özünü tapa bilərmi, yoxsa sonda problemlərimizi getdiyimiz hər yerə özümüzlə aparırıq?

– Problemlərimizi özümüzlə aparırıq, amma təcrid olunmaq, xüsusilə də təbiətin qoynunda olmaq, diqqətimizi cəmləməyə və diqqətimizi yayındıran şeylərin azalmasına kömək edəcək. Özündən qaçmaq daha çətin olacaq. Özümüzdən qaçmağı dayandırdıqda isə bəzən əsl problemlərlə üzləşməyə başlaya bilərik.

– Norveçdə yaşayan bir insanla Azərbaycan kimi tamamilə fərqli tarixi və mədəni təcrübəyə malik ölkədəki oxucu niyə tənhalıq, həyatın mənasını axtarmaq və müasir həyatdan yorulmaq kimi hisslərlə bu qədər güclü şəkildə əlaqə qura bilir? Ədəbiyyatın belə sərhədləri aşa bilməsi sizi təəccübləndirirmi?

– Məncə, bu, ədəbiyyatın edə biləcəyi şeylərin məhz özəyidir. Yazmaq, yəqin ki, ideyaları, təcrübələri və hissləri bölüşməyin ən yaxşı yoludur. Dil maneəsi yaxşı (insan) tərcüməçilərin köməyi ilə aradan qaldırıldıqda isə yazıçının mesajının nə qədər uzağa gedə biləcəyinin heç bir həddi yoxdur. Fərqli mədəniyyətlər problem deyil, çünki hamımız az-çox eyni arzu və istəkləri bölüşürük.

– Kitablarınızda ciddi fəlsəfi sualları tez-tez yumor, absurdluq və sadə dildən istifadə etməklə ifadə edirsiniz. Bu yanaşma sizin üçün şüurlu seçimdir, yoxsa sadəcə bir yazıçı kimi təbii üslubunuzdur?

– Əvvəllər bu, instinktiv idi. İnanıram ki, müəyyən mənada hələ də belədir. Amma kifayət qədər erkən bir mərhələdə yazı üslubumu bir növ “Troya atı” kimi düşünməyə başladım. Siz elə bilirsiniz ki, bir şey əldə edirsiniz, halbuki əslində başqa bir şey əldə edirsiniz. Yumor və absurdluq sizi özünə cəlb edir, onun altında isə əslində axtardığınızı belə bilmədiyiniz düşüncələr dayanır.

– “Naiv. Super.” romanında baş qəhrəman siyahılar tərtib etməklə həyatına nizam gətirməyə çalışır. Bu gün isə hamımız tətbiqlər, təqvimlər və rəqəmsal görüləcək işlər siyahıları ilə buna bənzər bir şey edirik. Sizcə, siyahılar həqiqətən xaosdan qaçmağa kömək edir, yoxsa bəzən həyatın özünü də bir siyahıya çevirmiş oluruq?

– Siyahılar bir çox vəziyyətdə faydalı ola bilər. Eyni zamanda, qeyri-mümkün olan müəyyən bir nəzarət hissinə nail olmağa çalışmağın əlaməti də ola bilər. Xaosdan qaçmaq insan olmağın bir hissəsidir. “Naiv. Super.” romanındakı baş qəhrəmanın dediyi kimi, biz doğulmağımızı özümüz istəməmişik, amma buradayıq və bacardığımız qədər yaxşı yaşamağa çalışmalıyıq. Məncə, daha az xaosla yaşamağa çalışmaq layiqli bir arzudur, amma etməli olduğumuz şey xaosla yaşamağı öyrənməkdir. Xaosun ortasında belə rahat ola bilmək müəyyən mənada bir məqsəddir.

– Təsəvvür edin ki, azərbaycanlı 20 yaşlı bir gənc sizə yazır və deyir: “Mən gələcəyimdən qorxuram. Hamı məndən uğur qazanmağımı gözləyir, amma əslində nə istədiyimi bilmirəm.” “Naiv. Super.” və “Doppler” əsərlərinin müəllifi kimi bu gəncə nə deyərdiniz?

– Deyərdim ki, 20 yaşında olarkən belə hiss etmək tamamilə normaldır. Və bunun asan bir həlli, həqiqətən də, yoxdur. “Mən kiməm?” və “Dünyadakı yerim haradır?” — bunlar hər bir insanın qarşılaşmalı olduğu suallardır. Ona görə də panikaya düşməyin. Hər şey getdikcə daha aydın olacaq. Sizə tələsməli olduğunuzu deyən insanlardan uzaq durun. Tələsməyə ehtiyac yoxdur. Əsas məsələ hər gün müəyyən qədər məmnun və razı yaşamaqdır — məqsəd hansısa mücərrəd hədəfə can atmaq və ona çatdıqdan sonra hər şeyin öz-özünə qaydasına düşəcəyini düşünmək deyil. Həyatda belə bir məqam yoxdur. Həmişə qarşıda yeni maneələr olacaq.

Coen qardaşlarının “A Serious Man” filminin əvvəlində verilən Rashi sitatını bəyənirəm: “Başınıza gələn hər şeyi sadəliklə qəbul edin.”

– Bir gün Bakıya gəlsəydiniz və qarşınızda yüzlərlə azərbaycanlı oxucunuzun dayandığını görsəydiniz, onlara bir cümlə ilə nə demək istərdiniz?

– Salam və gəldiyinizə, kitablarımı oxuduğunuza görə təşəkkür edirəm. İndi dünyaya baxın və özünüzdən soruşun: həyatım boyu hər şeyi daha da pisləşdirməmək, əksinə, bir az da yaxşılaşdırmaq üçün mən nə edə bilərəm?

– Norveç uzun illərdir dünyanın ən xoşbəxt ölkələri sırasında yer alır. Lakin əsərlərinizdəki personajlar belə “uğurlu” və firavan bir cəmiyyətin daxilində belə daxili boşluq və narahatlıq hissi yaşayırlar. Sizcə, maddi rifah və xoşbəxtlik mütləq eyni şeydirmi? Statistik göstəricilər insanların daxili həyatındakı daha dərin yorğunluğu və narahatlığı nə dərəcədə əks etdirə bilər?

– Məncə, firavan olmaqla özündən razı və məmnun olmaq arasında birbaşa əlaqə yoxdur. Sizə təhlükəsizlik təmin edən bir cəmiyyətdə yaşamaq, əlbəttə ki, faydalıdır, çünki başınızın üstündə damın, yeməyinizin olub-olmayacağından, düşüncələrinizə və ya inanclarınıza, yaxud cinsi seçimlərinizə görə təqib olunmaqdan narahat olmağa ehtiyac qalmır. Amma həyatınızda məna tapmaq tamam başqa məsələdir.

İnanıram ki, maddi baxımdan qida zəncirinin zirvəsinə çatdıqda və “hər şeyə” sahib olduqda, boşluq hiss etmək təhlükəsi çox böyükdür. Çünki belə suallar ortaya çıxacaq: “Bütün bunlardan ibarətdirmi həyat? Həyatımda düzgün seçimlər etmişəmmi?” və s.

Hələ belə sualları demirəm: “Daha yaxşı avtomobilə/qayıqa/evə/həyat yoldaşına sahib olmalıyam?” Və bir də: “Arıqlamalı və yalnız bu və ya digər qidanı yeməyə başlamalıyam?” Həmçinin: “Gələn cümə günü işdən nə qədər tez çıxa bilərəm? Bəlkə, ümumiyyətlə, cümə günü işə getməyək və cümə axşamı bağ evimizə gedək — məncə, buna haqqım çatır.”

– Süni intellekt getdikcə qərarvermə prosesinin, hətta yaradıcılıq prosesinin də bir hissəsinə çevrilir. Sizin personajlarınız isə daim sadəliyi və həqiqi insan əlaqəsini axtarıblar. Sizcə, süni intellekt dövründə bu axtarış daha da çətinləşəcək, yoxsa əksinə, insanlar həqiqi və sadə şeylərə daha çox həsrət qalacaqlar?

– İnanıram ki, süni intellekt bizə insan düşüncəsinin, sevgisinin və yaşantısının dəyərli olan yeganə şeylər olduğunu daha aydın göstərəcək. Hazırda bu sahədə xaos hökm sürür, amma artıq müəyyən əlamətlər görürük ki, süni intellektdən istifadə etmək, xüsusilə yaradıcılıq tələb edən sahələrdə, getdikcə daha az cəlbedici olur.

İnsan yaradıcısı olmayan bir mesajın nə mənası var? Mən ondan nə üçün istifadə edə bilərəm? Heç nə üçün.

Məni simulyasiya edilmiş təcrübələr və hisslər deyil, həqiqi təcrübələr və hisslər maraqlandırır. Əlbəttə, burada yaradıcı dünyadan danışıram. Süni intellekt bir çox başqa sahələrdə faydalı məqsədlər üçün istifadə oluna bilər və yəqin ki, istifadə olunacaq da.

– Dünyada gərginliklər və müharibələr artdıqca insanlar bəzən öz kiçik dünyalarına — ailəyə, dostluğa və gündəlik həyatın sadə şeylərinə — daha dərindən çəkilirlər. Sizcə, belə qeyri-sabit bir dünyada ədəbiyyat və sadə yaşamaq fəlsəfəsi insanlara nə verə bilər?

– Hazırkı qeyri-sabitlik dünyadakı liderlərin ciddi bilik, humanizm və təbiət aləminə həssaslıq çatışmazlığı ilə qidalanan narazılıq hissindən qaynaqlanır.

Ədəbiyyat, incəsənət və hər cür yaxşı düşüncə sonda bu gedişatı dəyişəcək. Bizə həqiqi və doğru olan şeylər lazımdır və biz onları istəyirik. Məncə, sevgi millətçilikdən və nifrətdən daha güclü qüvvədir.

Hafiz Əhmədov 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki