image-1backend

“Əsgərlərin 12 dəqiqədən çox yaşamadığı kənd”: “The Times” Zaporojye istiqamətində döyüşlərdən yazıb

image-ads-728x90

The Times nəşri Zaporojye istiqamətində gedən şiddətli döyüşlərlə bağlı geniş reportaj yayımlayıb. Yazıda bildirilir ki, Rusiya qüvvələri Zaporojye şəhərinə yaxınlaşmaq məqsədilə hücumlarını intensivləşdirib.

Məlumata görə, təxminən 20 minə yaxın Rusiya hərbçisi Zaporojye istiqamətində yerləşən Stepnqorsk kəndinə cəmləşdirilib. Zaporojye şəhərindən 22 kilometr məsafədə yerləşən bu yaşayış məntəqəsi işğalçı qüvvələrin irəliləməsi qarşısında son əsas maneə hesab olunur. Kənd Konka çayına qədər uzanan xəttdə Ukrayna qüvvələrinin əsas dayaq nöqtəsidir. Rusiya ordusu bu baryeri keçə biləcəyi təqdirdə, şəhəri artilleriya atəşinə tutmaq imkanına sahib olacaq.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “FERRATA” bölməsinə rəhbərlik edən zabit “Monqol” nəşrə bildirib ki, Stepnqorskun itirilməsi düşmənə təbii maneəni aşmaq, artilleriya və pilotsuz uçuş aparatlarını irəli çəkmək imkanı verəcək. Onun sözlərinə görə, bu, şəhərdə panika və humanitar böhran yarada, nəticədə regional mərkəzin itirilməsi riskini artıra bilər.

Bildirilir ki, Stepnqorsk ətrafında döyüşlərə Rusiya tərəfindən iki hava-desant diviziyası, bir motoatıcı diviziya və xüsusi təyinatlı briqada cəlb olunub. Onların qarşısında say baxımından xeyli az – təxminən yeddi dəfə az qüvvə ilə Ukrayna xüsusi təyinatlıları, piyada bölmələri, dron heyətləri və ərazi müdafiə qüvvələri dayanır.

“FERRATA” qrupu əsasən kəşfiyyat, əks-hücum və reyd əməliyyatları həyata keçirərək Rusiya qüvvələrinin möhkəmlənməsinin qarşısını almağa çalışır. Qrupun zabitlərindən biri iddia edib ki, bölgədə bir səfərbər edilmiş rus hərbçisinin orta “ömür müddəti” təxminən 12 dəqiqədir. Onun sözlərinə görə, bir hərbçinin zərərsizləşdirilməsi üçün sərf olunan sursat və vasitələrin dəyəri orta hesabla 5–6 min dollar təşkil edir.

Bununla belə, bütün əməliyyatların uğurla nəticələnmədiyi də vurğulanır. Dekabr ayında “Ays” ləqəbli serjant 15 nəfərlik xüsusi təyinatlı dəstə ilə müşahidə və pusqu mövqeləri qurmaq məqsədilə əməliyyata çıxıb. Qrupun bir hissəsi hədəfə 300 metr qalmış pilotsuz uçuş aparatı tərəfindən aşkarlanıb və artilleriya zərbəsinə məruz qalıb. Nəticədə bir hərbçi birbaşa dron zərbəsi ilə həlak olub, digər əsgər isə minaatan mərmisinin qəlpələrindən yaralandıqdan sonra FPV-dron vasitəsilə öldürülüb.

Aysın sözlərinə görə, qrup üzvləri səngərdə gizlənsə də, qısa müddət sonra mövqeləri yenidən aşkar edilib və 15 dəqiqə ərzində səkkiz FPV-dron bunkeri hədəfə alıb. Ərazi həmçinin minaatan və artilleriya atəşinə tutulub. Hərbçilər üç saat ərzində yanğın və tüstü altında qaldıqdan sonra geri çəkilərək təhlükəsiz zonaya çata biliblər.

Zaporojye istiqamətində vəziyyətlə bağlı Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk bildirib ki, Ukrayna Müdafiə Qüvvələri əks-hücum əməliyyatları həyata keçirərək “boz zona”nı daraldır. Onun sözlərinə görə, Rusiya qüvvələri əvvəllər nəzarətə götürdükləri bəzi mövqeləri itirirlər. Bratçuk əlavə edib ki, Ukrayna hərbçilərinin fəaliyyəti işğalçıların Zaporojye–Orexo istiqamətində əməliyyat üçün dayaq məntəqəsi formalaşdırmaq planlarını da pozub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki