image-1backend

İran ABŞ-ın nüvə sazişi üzrə son təklifini rədd edib – WSJ  

image-ads-728x90

Fevralın 26-da Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar raundu keçirilib. Lakin görüş razılaşma əldə olunmadan başa çatıb. Korrekt.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton və Tehran əsas məsələlər üzrə hələ də ortaq mövqeyə yaxınlaşa bilməyib. ABŞ tərəfi danışıqlarda daha sərt tələblər irəli sürərək regiona əlavə hərbi qüvvələr göndərib.

Məlumata əsasən, ABŞ nümayəndələri Steve Witkoff və Jared Kushner İranın Fordo, Natanz və İsfahandakı üç əsas nüvə obyektini ləğv etməli olduğunu bildiriblər. Bundan əlavə, Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a təhvil verməsi tələb olunub.

Vaşinqton həmçinin vurğulayıb ki, mümkün nüvə sazişi əvvəlki razılaşmadan fərqli olaraq müddətsiz olmalıdır. Xatırladaq ki, əvvəlki nüvə sazişi Barack Obama administrasiyası dövründə imzalanmış və müddətli xarakter daşımışdı.

İran isə zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması ideyasını rədd edib. Tehran həmçinin uranın zənginləşdirilməsinin tam dayandırılmasına, nüvə obyektlərinin sökülməsinə və proqram üzərində daimi məhdudiyyətlərin tətbiqinə qarşı çıxıb.

Bununla belə, adı açıqlanmayan amerikalı rəsmi və Oman xarici işlər naziri danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildiriblər. Gözlənilir ki, tərəflər arasında növbəti görüş keçirilsin. Texniki ekspertlər səviyyəsində danışıqların isə gələn həftə Vyanada davam etdiriləcəyi qeyd olunur.

WSJ yazır ki, danışıqlar ABŞ prezidenti Donald Trampın razılaşma əldə olunmayacağı təqdirdə tədbirlər görəcəyi ilə bağlı hədələri fonunda baş tutub.

Tennessi Universitetinin Çattanuqa kampusunun dosenti və İran ordusu üzrə ekspert Səid Qolkar hesab edir ki, bu, razılaşma üçün son şans ola bilər. Onun fikrincə, diplomatik həll baş tutmasa, ABŞ problemi hərbi yolla həll etməyə cəhd göstərə bilər.

İran isə uranı zənginləşdirmək hüququnda israr edir, lakin ABŞ-ı sakitləşdirmək üçün bəzi təkliflər irəli sürür. Tehran zənginləşdirmə səviyyəsinin 60%-dən 1,5%-ə endirilməsini, prosesin bir neçə il müddətinə dayandırılmasını və ya İran ərazisində fəaliyyət göstərəcək ərəb-iran konsorsiumu vasitəsilə emal variantını təklif edib.

Nəşr qeyd edir ki, ötən ilin iyununda İsrail və ABŞ-la 12 günlük müharibə nəticəsində İranın nüvə proqramı ciddi zərər görüb. ABŞ “sıfır zənginləşdirmə” prinsipində israr etsə də, danışıqlar qrupu Tehrandakı nüvə reaktorunun məhdud həcmdə – tibbi məqsədlər üçün – yenidən fəaliyyətinə icazə verilməsi variantını nəzərdən keçirə bilər.

Bundan başqa, ABŞ-ın İranla gərginlik fonunda Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə göndərdiyi bildirilir. Hazırda regionda ABŞ hərbi qüvvələrinin mövcudluğu son 20 ilin ən yüksək səviyyələrindən biri kimi qiymətləndirilir.

ABŞ və İran arasında mümkün hərbi qarşıdurma riski neft bazarına da təsir göstərib. 2026-cı ildə neft qiymətləri yeni rekord həddə çataraq yeddi aylıq maksimuma yaxın səviyyədə dəyişir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki