İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneini nəşi, nəhayət, torpağa tapşırıldı. Xatırladaq ki, mərhum ali rəhbər ABŞ və İsrailin İrana hücum nəticəsində ölüb.
Bu, ABŞ-nin birbaşa və ya dolayısı ilə iştirakçı olduğu ilk hadisə deyil. Bu ölkənin kəşfiyyat əməliyyatları və hərbi müdaxilələri nəticəsində bir sıra liderlərin devrilməsi, yaxud, öldürülməsi faktları var.
1963-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənən hakimiyyət dəyişikliyi nəticəsində İraqın Baş naziri Əbdülkərim Qasım Məhəmməd Bəkr əl-Fədli əl-Zübeyri öldürülüb. 43 il sonra bu ölkənin prezidenti Səddam Hüseyn ABŞ-nin başçılıq etdiyi hərbi koalisiyanın müdaxiləsindən sonra 2006-cı ildə edam edilib.
Konqo Respublikasının Baş nazir Patris Lumumba 1961-ci ildə MKİ-nin dolayı iştirakı və planlaşdırılmış sui-qəsdlərlə hakimiyyətdən kənarlaşdırılaraq, öldürülüb.
Dominikan Respublikasının diktatoru Rafael Truxilyo 1961-ci ildə MKİ-nin köməyi ilə sui-qəsdçilər tərəfindən öldürülüb.
ABŞ xüsusi xidmətləri tərəfindən təşkil edilmiş və ya dəstəklənmiş əməliyyatlar nəticəsində Xakobo Arbens Qvatemalada 1954-cü il çevrilişi, Salvador Alyende 1973-cü ildə Çilidə hakimiyyət çevrilişi zamanı ölüblər.
Panamanın faktiki lider Manuel Noryeqa 1989-cu ildə ABŞ-nin birbaşa hərbi müdaxiləsi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.
Liviyanın dövlət başçısı Müəmmər Qəddafi 2011-ci ildə ABŞ başçılığı ilə NATO-nun hərbi əməliyyatı, hava zərbələrindən sonra başlayan vətəndaş müharibəsi zamanı üsyançılar tərəfindən öldürülüb.
Bu şəxslər Ştatlara qarşı siyasi ideologiyanın daşıyıcları, liderləri olub. İkiqütblü dünyada SSRİ maraqlarına xidmət edib, o dağıldıqdan sonra isə varis Rusiyaya üstünlük veriblər. Ağ evin təbirincə, “ABŞ-nin milli maraqlarına qarşı çıxıblar”.
Yeri gəlmişkən, ABŞ xüsusi təyinatlı qüvvələri və MKİ tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində “Əl-Qaidə”, İŞİD , “Taliban”, “Hizbullah”, HƏMAS kimi qruplaşmaların liderləri də zərərsizləşdirilib.
Üsamə bin Laden, Əbu Bəkr əl-Bağdadi, Ayman əl-Zəvahiri, Əbu Müsab əl-Zərqavi, Baitullah Mehsud, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi, İsmayıl Həniyə və başqalarının ölümünü misal göstərmək olar.
ABŞ Seyid Əli Xameneinin həm milli maraqlarına qarşı çıxan, həm də terroru dəstəkləyən növbəti hədəf saydığı üçün öldürüb.
Ancaq onu yuxarıda adları çəkilənlərdən fərqləndirən cəhətlər də olub. İlk növbədə, Xamenei dövlət başçısı olmaqla yanaşı ideya, din adamı, lider idi. O, 1989-cu ilin iyunundan 2026-cı il fevralın 28-dək İranı idarə edib.
Seyid Əli İslam Respublikasının dini-siyasi ideologiyasının qurucularındandır. Ali rəhbər 47 illik rejimin 37 ilini hakimi-mütləq olub. Yeri gəlmişkən, Məhəmmədrza şah Pəhləvi də təxminən onun qədər monarxiyanın başında durub.
Xamenei ilə Məhəmmədrza şah ideoloji cəhətdən bir-birinə qarşı olsalar da, onları birləşdirən ortaq mövzular olub.
Panfarsist, paniranist, anti-türk olmaları, “Vahid millət-vahid dövlət” prinsipindən çıxış etmələri, türk dilinin tədrisinə müqavimət göstərilməsi, cəmiyyətin haqlı etirazlarının güc yolu ilə yatırılması, İranın regional hegemonluğunun təmin olunmasına cəhd, Fələstin məsələsindən ərəb dövlətləri ilə münasibətlərin, əlaqələrin inkişafı üçün yararlanmaq, siyasi, sosial, mədəni, sərbəst toplaşmaq, söz, fikir azadlıqlarının pozulması, boğulması və daha çoxsaylı məsələlər üzrə mərhum ali rəhbərlə keçmiş monarx bir mövqedə olublar.
Onları ayıran əsas cəhətlərdən biri ABŞ-yə münasibətdir. Məhəmmədrza şah hakimiyyətinin son gününədək ABŞ-yə inandı. 1952-ci ilin avqustunda olduğu kimi, yenidən hakimiyyətə qayıdacağını düşünürdü. Həmin il Məhəmmədəli Müsəddiq onu hakimiyyətdən kənarlaşdırmış, İraqa qaçmasına şərait yaratmışdı.
Ancaq 1979-cu ildə Pəhləvinin geri dönüşü təkrarlanmadı. Ştatlar onu ölkəsinə yaxın buraxmadı. Nəticədə Pəhləvi Misirdə öldü və orada basdırıldı.
Xamenei isə ABŞ-yə inanmadığını hər çıxışında təkrarlayırdı. Xüsusən 2015-ci ilin yayında “altılıq”la İslam Respublikası arasında imzalanmış Əhatəli Razılaşma Planı Müqaviləsindən Donald Tramp ölkəsini geri çəkəndən sonra o, bu mövqeyindən geri çəkilmədi. Çünki 2015-ci ildə qəhrəmancasına güzəştə getmək istədikləri halda bu dəfə qəti və sərt mövqedən çıxış edib.
2025-ci ilin yayında ABŞ-İsrail tandemi ilə 13 günlük müharibədən sonra o, danışıqlara qarşı çıxış edirdi.
Həmin ilin dekabrında başlamış, bu il yanvarın ortalarınadək davam etmiş etiraz aksiyalarında ABŞ-ni günahkar sayaraq, bir daha sərt mövqe ortaya qoydu. Görünür, Vaşinqton üçün onun neytrallaşdırılmasından başqa yol qalmayıb. Eynən SEPAH-ın Qüds qoşunlarının komandanı general Qasım Süleymaninin, “Hizbullah” lideri Həsən Nəsrullahın, HƏMAS başçısı İsmayıl Həniyənin və yuxarıda qeyd etdiyimiz başqa dövlət rəsmiləri və təşkilat başçılarının aqibətini yaşadı.
Vaşinqton onu daha çox terror təşkilatının başçısı kimi öldürdü, lakin dövlət başçısı olaraq dəfninə də şərait yaratdı.
Məhəmmədrza şah öləndə İranda aşkar şəkildə ona kimsə yas tutub, ağlamadı. Heç onun cənazəsini İranda və İraqda dolandırmadılar. 1980-ci il iyulun 27-də Misirdə beş minədək insanın iştirakı ilə dəfn edilmişdi. Mərasimə qatılanların çoxunun misirli hərbçilər olduğu da bildirilir. Hər halda, onun atasına da, özünə də vətən torpağında ölmək nəsib olmadı.
Bununla belə, hakimiyyət başında ölsəydi, yaxud, öldürülsəydi, yəqin dəfn mərasiminə toplaşanlaın sayı qat-qat çox olardı.
Tehran rejiminin təmsilçiləri Xameneinin dəfni ilə bağlı keçirilən mərasimlərdə insanların kütləvi iştirakı ilə öyünürlər. Onlar bunu, xalqın sevgisinin təzahürü kimi təqdim edirlər.
Ancaq burada bir neçə məqama diqqət etməyə ehtiyac var:
-1953-cü ilin martında Stalin öləndə yaşlı insanların ağladığını həmin günlərin kino lentləri də təsdiqləyir. Yaxud, 1976-cı ildə Mao Tszedunun ölüm,ü, 1994-cü ildə Kim İr Senin, 2011-ci ildə Kim Çen İrin dəfn mərasiminə də milyonlarla insan göz yaşları ilə qatılmışdı. Ancaq bu, heç də onlara olan sevginin, onların başçılıq etdiyi rejimlərə ümumxalq məhəbbətinin göstəricisi sayılmır.
Çünki cəmiyyətdə fərqli ideyalara, hətta şeytana inananlar belə var. Bu baxımdan da mərasimə qatılanları görüb sevinməyə, yaxud vahimələnməyi ehtiyac yoxdur
-Xameneinin dəfni tarixi hadisədir. Ona görə bu mərasimə cəmiyyətin marağı az deyil.
-Xameneinin əleyhdarları da sosial-siyasi vəziyyəti dəyərləndirmək üçün ictimaiyyət nümyəndələri olaraq tədbirə qatılıblar.
– İranın 31 əyaləti var. Ölkə əhalisinin sayı 81 milyon nəfərdir. Odur ki, hər əyalətdən insanları təşkil edib Tehrana göndərmək, sonra onların cənazəni başqa şəhərlərdə müşayiət etməsinə imkan yaratmaq üçün xeyli maliyyə vəsaiti lazımdır. Rəsmi olmayan məlumatlara əsasən, Xameneinin dəfni ilə bağlı mərasimlərə 800 milyon dollar xərclənib.
-Tehranın yürütdüyü siyasət səbəbindən İran əhalisi yoxsullaşıb. Mərasimdə isə Xameneinin şərəfinə ehsan verilir. Tədbirə bu məqsədlə gələn insanlarda yox deyil.
-İranda iki milyon məmur var. Ailə üzvləri ilə birlikdə onların sayı az 5 milyondur. Bu baxımdan, inzibati resurs kimi bu da nəzərə alınmalıdır.
-İran hakimiyyəti bəsiclərin sayının rəsmi olaraq 10-20 milyon olduğunu iddia edir.
-200 min SEPAH-çı olduğuna dair məlumat var.
-İranın qonşu ölkələrdən olan proksilərinə mənsub olanların ümumi sayı minlərlədir.
Odur ki, bu insanlar meydanlarda qələbəlik yarada bilər. İraqda da Xameneinin cənazəsinin qarşılayanların çox olduğu bildirilib. Bu ölkədə İslam Respublikasının “Həşd-i-Şəbi” kimi proksi qüvvələri, Müqtəda əs-Sədr kimi iranyönlü yerli siyasilər fəaliyyət göstərirlər.
Məlumatlara əsasən, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də cənazəni müşayiət ediblər.
Xamenei İran cəmiyyəti üçün mübahisəli siyasi fiqur, dövlət başçısı olub. Onun Xomeynidən sonra ali rəhbər seçilməsində Əliəkbər Haşimi-Rəfsəncaninin rolu olduğu iddia edilir. Belə güman olunur ki, Rəfsəncani onun bu vəzifəni tutmasını təşkil etməklə gələcəkdə ali rəhbəri idarə edəcəyini düşünürmüş. Bu yolla rejimin boz kardinalı olmağı planlaşdırırmış.
Ancaq sonrakı illərdə Xamenei ilə Rəfsəncani arasında qarşıdurmanın yaşandığı da gizlədilmirdi. Rəfsəncani heç vaxt ali rəhbəri müəyyən edən, seçən Dini ekspertlər Şurasına üzv seçilmədi. Hətta onun prezidentliyə namizədliyinə bir dəfə problem də yaradıldı. 2005-ci ildə bu posta namizəd olarkən Mahmud Əhmədinijata məğlub oldu.
Rəfsəncaninin qızı Faizə atasının hakimiyyətin siyasətini tənqid etdiyinə görə sui-qəsdlə öldürüldüyünü iddia etmişdi. Buna görə ona qarşı cinayət işi də başlanmışdı.
Bu baxımdan, Xameneinin hakim elitada rəqibləri, ona qarşı olan qüvvələr az deyildi. Ancaq 37 il ərzində həm bu qüvvələrə, həm də İslam Respublikasına qarşı olanlara müqavimət göstərir, üstəlik, proksi qüvvələrin gücünü artırmağa çalışırdı.
Xamenei hakimiyyətdə olduğu müddətdə müxalifəti və rəqiblərini sıradan çıxarıb. Hazırda İranda yeniləşmə, dəyişikliklər üçün ölkə daxilində alternativin tapılmaması onun əməllərinin nəticəsidir.
O, İslam Respublikasında istənilən islahatın aparılmasına ehtiyatla yanaşıb. Çünki Məhəmmədrza şahın devilməsinin əsas səbəbi kimi islahatları sayırlar. Bu səbəbdən Xamenei islahatı İslam Respublikası üçün təhlükə mənbəyi sayırdı. 1997-2005-ci illərdə Prezident olmuş Məhəmməd Xatəminin aparmaq istədiyi islahatların yarımçıq qalması bunu təsdiqləyən faktlardandır.
Elə İranda son 25 ildə etiraz aksiyalarının geniş miqyasda, çoxminli olması da islahatların keçirilməməsi səbəbindən baş verir.
Xamenei cəmiyyətin etiraz aksiyaları zamanı irəli sürülən heç bir tələbini qəbul etməyib. Əksinə, ictimai-siyasi fəalların sıxışdırlmasını, təqib və təzyiqlərə məruz qalmasını, bir qayda olaraq, müxtəlif şəkildə mükafatlandırıb.
Onun hakimiyyəti illərində İranın təhlükəsizlik orqanında və cəmiyyətin ziyalı təbəqələri arasında “zəncirvarı” qətllər baş verib.
Azərbaycan türkü sayılan Xameneinin ali rəhbərliyi dövründə Azərbaycan türkləri rəsmi TV və radioda, habelə qəzetlərdə, dərgilərdə aşağılanıblar.
2006-cı ilin mayında Azərbaycan türkləri KİV-də təhqir edilmələrinə qarşı etiraz aksiyası keçirdilər. Onda Tehran hakimiyyəti günahkarları cəzalandırmaqdansa, azərbaycanlıları tərifləməyə üstünlük verdilər. Bununla da türk millətindən hakimiyyət başında qalmaq üçün istifadə etmiş Xamenei, türklərin növbəti dəfə aşağılanması kampaniyasını belə başa vurmuş oldu.
Xamenei tarixin yaddaşında 8 il hökumətə, 37 il hakimiyyətə başçılıq etmiş, Yaxın Şərqdə və dünyanın fərqli bölgələrində böhranların yaranması, terrorların təşkil olunması, bu yolla hakimiyyəti qorumağın ustası kimi qalacaq. O, yenilikdən, islahatdan, azad düşüncədən, milli hüquqları təmin etməkdən, mənsub olduğu etnosun dil haqqını verməkdən çəkinən, ehtiyat edən dövlət adamı kimi qalacaq yaddaşlarda.
2025-ci il dekabrın sonundan 2026-cı il yanvarın ortalarınadək İranda keçirilən etiraz aksiyalarının əsas şüarlarından biri “Xameneiyə ölüm!”, yaxud, “Diktatora ölüm!” olub. Xamenei isə bu il fevralın 28-də – hərbi əməliyyatların başladığı gün öldürülüb. Odur ki, İslam Respublikasında onu sevənlər olduğu kimi, ölümünü arzulayanlar da çox olub. Dəfn mərasiminə adamların toplanmasını İslam Respublikasına və onun ali rəhbərinə sevginin göstəricisi kimi qələmə vermək məntiqli deyil. Ali rəhbər ümumxalq səsverməsi ilə seçilməyib. Bu da ona sevgi və hörmətin göstəricisini müəyyən etməkdə çətinlik yaradır. İranda bu mövzuda hətta rəy sorğusunun keçirilməsi də mümkünsüzdür.
Haşiyə: Seyid Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi və siyasi fəal Fəridə Muradxani, İrandakı mövcud rejimə və dayısı Xameneinin yürütdüyü siyasətə qarşı kəskin etirazlar etmişdi. Fəridə Muradxani yaydığı video müraciətlərdə və bəyanatlarda İranın mövcud idarəetmə sistemini “uşaq qatili və qan tökən rejim” adlandırıb. Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani və anası, Xameneinin bacısı Bədri Hüseyni Xamenei də bu etirazları dəstəkləyərək, Xameneinin diktaturasına qarşı bəyanatlar yaymışdılar.
Daha heç nə yazmıram, nöqtə, nöqtə və nöqtə…pressklub.az





















