Ukrayna ordusu Rusiyanın Ryazan vilayətində yerləşən “Rosneft” şirkətinə məxsus neft emalı zavoduna dron hücumu həyata keçirib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, noyabrın 5-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Ryazan vilayətindəki bir sıra hədəflərə hücum edib. Hücum nəticəsində bölgədəki sənaye obyektlərində yanğınlar baş verib, elektrik xətləri zədələnib və şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Ukraynanın monitorinq resurslarının məlumatına əsasən, hücumun əsas hədəflərindən biri “Rosneft” şirkətinə məxsus Ryazan Neft Emalı Zavodu olub.
Qeyd edək ki, Ryazan Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü təxminən 17 milyon ton təşkil edir. Müəssisədə avtomobil benzini, dizel yanacağı, aviasiya yanacağı, mazut və digər neft məhsulları istehsal olunur.
Digər məlumata görə, dron hücumundan sonra Ryazan vilayətində “Wildberries” şirkətinə məxsus anbar kompleksində də yanğın baş verib.
Hücumun nəticələri və zavoda dəyən ziyanın miqyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.





















