“Hər bir mərkəzi icra hakimiyyəti orqanı, o cümlədən Təhsil Nazirliyi, Strateji Təhlil, Planlaşdırma və Proqnozlaşdırma Şöbəsinə malikdir. Bu şöbənin işi gələcək addımları öncədən planlaşdırmaq və təhlil etməkdir”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O, bildirib ki, son 10 ildə bağlanan məktəblərin sayı çoxdur, 5 ildə təqribən 400 məktəb fəaliyyətini dayandırıb:
“Təəssüf ki, bağlanan məktəblərin əksəriyyəti son 10 ildə tikilmiş modul tipli məktəblərdir və dövlət büdcəsindən 100 milyonlarla vəsait xərclənmişdir. Hər il orta hesabla ən azı 100 məktəb bağlanır. Bağlanan məktəblərdə hazırlıq işləri düzgün təşkil edilmədiyi üçün şagirdlərin yerləşdirilməsi və təhsili ilə bağlı ciddi problemlər yaranır. Şagirdlər qonşu məktəblərə daşınır və onlayn dərslərə qoşulur, lakin bu proses həm vaxt itkisinə, həm də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.
Ekspert bildirib ki, problemin digər tərəfi urbanizasiyanın sürətlənməsidir:
“Ərazilər boşaldıqca, məktəb bağlandıqdan sonra qalan əhali də sürətlə ərazini tərk etmək məcburiyyətində qalır. Ümumiyyətlə, atılan addımlar plansız və səthi olub. Nəticədə təhsil sistemində ciddi pozuntular yaranıb və şagirdlərin təhsili ciddi təhlükə altına düşüb”.





















