image-whatsapp-image-2026-11-17-at-15-41-51-1135x1536backend

Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır?

image-ads-728x90

Bakıda bir neçə gün davam edən güclü külək paytaxtda ağaclara təsirsiz ötüşməyib.

Belə ki, vaxtında budanması həyata keçirilməyən və ciddi təhlükə mənbəyi hesab edilən yararsız ağaclar avtomobilləri, mənzilləri, iaşə obyektlərini, yolları sıradan çıxarıb.

Qeyri-sabit hava şəraitindən zərər görən vətəndaşlardan biri YENİERA.AZ-a müraciət edib.

O, redaksiyaya müraciətində bildirib ki, iki gün öncə küləyin təsiri səbəbindən mülkiyyətində olan “BYD” markalı, 77-UX-860 qeydiyyat nişanlı avtomobilin üzərinə ağac düşüb. Nəticədə avtomobilin ön hissəsi və kapotu yararsız vəziyyətə düşüb.

Şikayətçi avtomobilinə ciddi maddi ziyan dəydiyini və məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda BŞİH tərkibində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etdiyini bildirib.

Lakin, zərər gördüyünü iddia edən vətəndaş qeyd edib ki, onun müraciətinə heç bir müsbət cavab verilməyib.

Şikayətçi mətbuat vasitəsilə səsinin eşidilməsini və dövlət qurumlarının məsələ ilə bağlı ona kömək etməsini xahiş edib.

Şikayətin sonunda isə bəzi suallar ortaya çıxır. Yararsız və təhlükəli, eyni zamanda qulluq tələb edən köhnə ağacların məsuliyyətini hansı qurumlar daşıyır?

Vətəndaşların əmlakına dəyən zərər heç də həmişə kasko sığortadan asılı olmaya bilər. Çünki Azərbaycanda kasko sığorta icbari tələb deyil. Bu baxımdan, sözügedən təhlükəsizlik sənədini hamı əldə etməyə bilir. Bəzi fikirlərə əsasən, kasko sığorta paketləri hər zaman bütün vətəndaşları qane etmir.

Bəs, təbii fəlakətlər nəticəsində meydana gələn maddi ziyanlar yalnız vətəndaşı əlaqələndirir?

YENİERA.AZ-ın məsələ ilə bağlı araşdırmasına görə, belə hadisələrdə məsuliyyətin kimə aid olması bir neçə hüquqi və faktiki haldan asılıdır:

İlk növbədə, ağacın kimə məxsus ərazidə yerləşməsi məsələsi gündəmə gəlir. İkinci mərhələdə, ağacın quru, çürümüş, xəstə və ya aşmaq təhlükəsi olan vəziyyətdə olub-olmaması yoxlanılmalıdır. Ardınca, ağacın saxlanılmasına və qorunmasına kimin cavabdeh olması müəyyənləşdirilməlidir. Sonda isə hadisə ilə vurulmuş zərər arasında hüquqi səbəbli əlaqənin olub-olmaması nəzərə alınmalıdır.

Qanunvericilikdə isə əsas prinsip ağacın külək nəticəsində aşmasının öz-özlüyündə avtomobil sahibinin zərərinin əvəzini ödəmək öhdəliyini yaratmır.

Amma qanunun tələblərinə əsasən bəzi hallarda məsuliyyət yaranır.

Məlumata görə, hadisənin şəraiti və mümkün hüquqi nəticəsi səbəb-nəticə kimi əlaqələndirilir və bəzi meyarları özündə əks etdirir.

Məsələn, ağac əvvəlcədən çürümüş və təhlükəli vəziyyətdə olubsa, bu zaman ağaca qulluq etməli olan qurum məsuliyyət daşıyır.

Yaxud, ağac bələdiyyə və ya dövlət qurumunun nəzarətində olan ərazidə olub və qulluq göstərilməyibsə, müvafiq qurumdan zərərin ödənilməsi tələb edilə bilər.

Qanunvericilikdə sözügedən hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi – vurulmuş zərərin tam ödənilməsi prinsipi, 1096-cı maddəsi – mülki hüquq pozuntusunun (deliktin) anlayışı, 1097-ci maddəsi – mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin ödənilməsi qaydasını müəyyən edir.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki məsuliyyət üçün, bir qayda olaraq, zərər, hüquqazidd hərəkət və ya hərəkətsizlik, səbəbli əlaqə və təqsir məsələləri araşdırılmalıdır.

Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” daha bir Qanununun 9.0.1, 9.0.3 və 9.0.4-cü maddələrində yaşıllıqların uçotunun və monitorinqinin aparılması, ağacların budanması, onlara aqrotexniki qulluq göstərilməsi, habelə qanun pozuntularının qarşısının alınması və nəticələrinin aradan qaldırılması mühafizə tədbirləri kimi nəzərdə tutulub.

Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, yaşıllıqlara qulluq və onların mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilməlidir.

Baş verən təbiət hadisəsi ilə bağlı vətəndaşın müraciət etdiyi dövlət qurumlarının mövqelərini dərc etməyə hazırıq!



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki