Son günlər Bəhreyn İran tərəfindən raket zərbələri endirilən dövlət kimi dünyanın diqqət mərkəzinə gəlib. Dünənki zərbələrin ardınca bu gün iranlı hərbçilər Bəhreyn adasındakı Şeyx-İsa aviabazasında yerləşən ABŞ ordusunun radiolokasiya stansiyasına zərbə endiriblər. İran İslam İnqilabı Keçişçiləri Korpusunun (SEPAH) mətbuat xidməti hücumun iranlı hərbi qüvvələr tərəfindən edildiyini açıqlayıb.
Vəziyyətin ciddiliyini göstərən daha bir fakt Manama sakinlərinə potensial təhlükə ilə bağlı təcili bildirişlər göndərildiyi və dərhal ən yaxın təhlükəsiz yerə getmək çağırışı edilməsidir.
İran niyə məhz Bəhreyni hədəfə alır? ABŞ üçün bu kiçik ada dövlətinin strateji əhəmiyyəti nədir?
Politoloq Yusif Bağırzadə bildirib ki, İranın Bəhreynə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi təsadüfi seçim deyil:
“Bəhreyn ərazicə kiçik, əhalisi və iqtisadi imkanları baxımından Fars körfəzi regionunun nəhəng dövlətləri ilə müqayisə olunmayacaq ada ölkədir. Lakin onun geosiyasi və hərbi əhəmiyyəti öz ölçülərindən qat-qat böyükdür. Bunun əsas səbəbi ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahının məhz Bəhreyndə yerləşməsidir. Bəhreyn ABŞ-nin Fars körfəzindəki əsas hərbi dayağıdır. Bəhreyn Səudiyyə Ərəbistanının şərq sahilləri yaxınlığında, İranın isə cənub-qərbində yerləşən ada dövlətidir. Coğrafi mövqeyi ona Fars körfəzi, Hörmüz boğazı və Ərəbistan dənizi istiqamətlərində xüsusi strateji əhəmiyyət qazandırır. ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı 1948-ci ildən Bəhreyndə yerləşir. Bu donanma ABŞ-nin Yaxın Şərqdəki dəniz əməliyyatlarının əsas koordinasiya mərkəzlərindən biridir. Bəhreyn ABŞ üçün sadəcə hərbi bazanın yerləşdiyi ölkə deyil. O, Vaşinqtonun regiondakı dəniz təhlükəsizliyi və hərbi mövcudluğunun əsas dayaqlarından biridir. Bütün bunlara görə Tehran Bəhreyni müstəqil rəqib kimi deyil, ABŞ-nin regiondakı hərbi infrastrukturunun yerləşdiyi ərazi kimi qiymətləndirir. İranın raket və dron hücumları da əsasən ABŞ hərbi obyektlərinə, radar sistemlərinə və hərbi-logistika infrastrukturuna yönəldilir. Bəhreyn məsələsi yalnız ABŞ-İran hərbi qarşıdurması ilə məhdudlaşmır. Burada tarixi, dini, siyasi və regional təhlükəsizlik amilləri də mövcuddur”.Musavat.com





















