image-1backend

Azərbaycanda yeni sosial paket hazırlanır – Maaş və pensiyalar nə qədər arta bilər?

image-ads-728x90

Azərbaycanda 2027-ci ildə əməkhaqlarının, pensiyaların və sosial ödənişlərin artırılması gözlənilir. Altıncı sosial islahat paketinin icrası üçün gələn ilin dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatının yaradıldığı açıqlanıb. Artımların hansı kateqoriyaları əhatə edəcəyi və məbləğlərin nə qədər olacağı isə hələlik dəqiqləşməyib.

Korrekt.az  xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin sosial müdafiənin gücləndirilməsi və məşğulluğun təmin edilməsi ilə bağlı siyasətinə uyğun olaraq, bu istiqamətdə tədbirlər gələn il də davam etdiriləcək.

“Yeni Azərbaycan Partiyasının VIII qurultayında dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq, əməkhaqlarının və sosial ödənişlərin artırılması məqsədilə növbəti, altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatı yaradılıb”, – deyə Anar Əliyev qeyd edib.

Onun sözlərinə görə, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 8 milyard manat təşkil edib.

Bəs altıncı sosial paket çərçivəsində minimum əməkhaqqı, pensiya və sosial müavinətlər nə qədər artırıla bilər? Gözlənilən artımlar əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və inflyasiyanın təsirlərinin azaldılmasına nə dərəcədə kömək edəcək?

7794584.jpg (141 KB)

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, 2027-ci ildən əmək pensiyaları, təqaüdlər və minimum əməkhaqqı ilə bağlı müəyyən artımların reallaşması gözlənilir.

Onun sözlərinə görə, artımların əsasən orta aylıq əməkhaqqının artım tempinə uyğun müəyyənləşdirilməsi ehtimalı var:

“Bunları ümumiləşdirsək, təkliflər ondan ibarətdir ki, ölkədə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq pensiyalarda və əməkhaqlarında, əsasən də dövlət sektorunda çalışanların maaşlarında artımlar gözlənilir. Bu göstərici təxminən 8-10 faiz civarındadır”.

İqtisadçı qeyd edib ki, gələn ilin büdcəsində pensiyaların, eləcə də dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışanların əməkhaqlarının artırılması üçün vəsait nəzərdə tutulub.

“Amma təəssüf ki, bu artım 10 faizdən çox olmayacaq. Daha böyük gözləntilərin yaranması üçün büdcədə daha çox vəsait ayrılmalı idi. Hələlik görünən odur ki, artımlar təxminən 10 faiz civarında nəzərdə tutulub”, – deyə Natiq Cəfərli bildirib.

Beləliklə, altıncı sosial islahat paketi çərçivəsində artımların reallaşması üçün maliyyə bazasının yaradıldığı açıqlansa da, konkret faiz və məbləğlər hələ məlum deyil. İqtisadçının ilkin qiymətləndirməsinə görə, artımların 8-10 faiz intervalında olması mümkündür. Bununla belə, yekun qərarlar büdcə göstəriciləri və hökumətin müəyyənləşdirəcəyi mexanizmlər əsasında formalaşacaq.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki