Rusiya yaxın illərdə hava və raketdən müdafiə sistemlərini elə səviyyəyə çatdıra bilər ki, Böyük Britaniya və Fransanın nüvə zərbələrini dəf etmək mümkün olsun. Korrekt.az xəbər verir ki, bu barədə Politico nəşri Böyük Britaniyanın RUSI (Royal United Services Institute) analitik mərkəzinin hesabatına istinadən yazıb.
Hesabatda qeyd olunur ki, Moskva öz hava məkanında “qalxan”ı fəal şəkildə gücləndirir. Əgər Rusiya paytaxtını qoruyan sistemlər yüksək tutma göstəricilərinə nail olsa, bu, Avropanın iki nüvə dövləti – Böyük Britaniya və Fransa mümkün cavab zərbəsinin effektivliyini sual altına qoya bilər.
Nəşr vurğulayır ki, ABŞ-dən fərqli olaraq London və Paris əsasən dənizdə yerləşdirilən məhdud sayda nüvə başlıqlarına güvənir. Eyni zamanda, müasir raketdən müdafiə sistemləri getdikcə daha effektiv olur. Məsələn, 2024-cü ildə İsrail və ABŞ İranın iki kütləvi raket hücumu zamanı atılan ballistik raketlərin təxminən 90 faizini ələ keçirdiyi bildirilir.
RUSI-nin araşdırmasının müəllifi Sidhart Kausal qeyd edib ki, Moskvaya zərbə endirmək qabiliyyəti Avropanın müstəqil nüvə çəkindirmə qüvvələrinə inamın əsasını təşkil edir. Onun sözlərinə görə, ABŞ-nin təmin etdiyi “genişləndirilmiş çəkindirmə” mexanizmi Çinin artan təsiri fonunda təzyiq altındadır və bu, Avropanın təhlükəsizlik arxitekturasını yenidən düşünməyə vadar edir.
Son illər Avropada nüvə silahı məsələsi daha fəal müzakirə olunur. Bəzi ölkələr ABŞ arsenalına əlavə olaraq Avropanın öz çəkindirmə mexanizminin yaradılmasını təklif edirlər. NATO hələ də nüvə çəkindirməsinin əsas dayağı hesab edilsə də, Fransa, Almaniya və İsveç kimi ölkələr Vaşinqtonun mümkün Rusiya hücumuna necə reaksiya verəcəyi ilə bağlı narahatlıqlar fonunda Avropanın rolunu artırmaq mövzusunu gündəmə gətirirlər.
Böyük Britaniya indiyədək bu məsələdə ehtiyatlı mövqe sərgiləsə də, ölkənin baş naziri Keir Starmer Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Fransa ilə “nüvə əməkdaşlığının gücləndirilməsi”ndən bəhs edib.
Yeni Avropa nüvə şəbəkəsinin yaradılması perspektivi ABŞ və Rusiya arasında imzalanmış START-III müqaviləsinin müddətinin başa çatmasından sonra daha da aktuallaşıb. Bu arada Rusiya və Çin strateji arsenalını genişləndirir, Kremlin nümayəndələri isə Ukraynaya qarşı nüvə silahından istifadə ehtimalını dəfələrlə gündəmə gətiriblər.





















