“Regionda ciddi hadisələr baş verir. Lakin maraqlıdır ki, Moskva və Pekin ABŞ və İsrailin İrana hücumlarına faktiki olaraq biganə yanaşır”. – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Ekspert qeyd edib ki, rəsmi Pekin və Moskva İrandakı mövcud rejimin çökməsini və Vaşinqtonun bu ölkə üzərində nəzarəti ələ keçirməsini istəməsələr də, ABŞ-ı dayandırmaq istiqamətində real addımlar atmırlar:
“ABŞ və İsrailin ötən il İrana qarşı apardığı 12 günlük müharibə zamanı da Rusiya və Çin passiv mövqe sərgiləmişdilər. Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pereşkian həmin müharibədən sonra Rusiya və Çinin adını çəkmədən ‘tərəfdaşlarımız bizə dəstək vermədilər’ ifadəsini işlətmişdi. Aydın idi ki, o, Moskva və Pekini nəzərdə tutur. İranın bu iki ölkədən başqa ciddi tərəfdaşı yoxdur. Halbuki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Tehrana birbaşa hərbi dəstək verməyəcəyinə dair siqnallar göndərmişdi”.
Politoloq xatırladıb ki, Çin 2021-ci ildə İranla 25 illik, təxminən 400 milyard dollarlıq investisiya sazişi imzalasa da, bu razılaşma faktiki olaraq icra olunmayıb:
“Pekin ehtiyatlı siyasət yürüdür. Çin anlayırdı ki, İran uranın zənginləşdirilməsi siyasətini davam etdirdiyi müddətdə bu ölkəyə qarşı müharibə ehtimalı qalacaq. Çin isə müharibə riski yüksək olan ölkəyə böyük həcmdə sərmayə yatırmaq istəmir. Buna görə də 400 milyard dollarlıq saziş əsasən kağız üzərində qaldı. Hazırkı müharibə şəraiti isə Çinin İrana yatırım ehtimalını daha da azaldır”.
A.Muradlı bildirib ki, ABŞ və İsrailin hücumlarından əvvəl Tehran Rusiya və Çindən müəyyən miqdarda hərbi texnika alıb. Lakin endirilən zərbələr zamanı həmin texnikanın saxlanıldığı mərkəzlərin də hədəf alındığı iddia olunur:
“İranın əvvəlki qarşıdurmada olduğu kimi, bu dəfə də Rusiyadan aldığı hava müdafiə sistemləri effektiv nəticə vermədi. ABŞ və İsrail təyyarələri İranın hava məkanında nisbətən sərbəst hərəkət edə bilirlər”.
Bununla belə, ekspert vurğulayıb ki, İran öz arsenalındakı raketlərlə İsrailə və ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməyə nail olub. Onun sözlərinə görə, bu vəziyyət Körfəz ölkələrinin enerji infrastrukturunu risk altına salır:
“Bu isə artıq Çini narahat edir. Çin həm İrandan, həm də Körfəz ölkələrindən neft idxal edir. İranın müharibəni genişləndirmək cəhdləri Pekinin regiondakı enerji maraqlarına zərbə vurur. Xüsusilə də Tehran tərəfindən Hörmüz boğazının bağlanması ilə bağlı səsləndirilən fikirlər Çində ciddi narahatlıq yaradır”.
Politoloq hesab edir ki, mövcud şəraitdə İran müharibədə əsasən öz daxili resurslarına güvənməli olacaq:
“Lakin İranın məhdud hərbi resursları ABŞ və İsrailə qarşı uzunmüddətli qarşıdurma aparmaq üçün yetərli olmaya bilər”, – deyə Arzuman Muradlı vurğulayıb.





















