“Hazırda regionda vəziyyət olduqca gərgindir. Həm ABŞ–İsrail tandemi, həm də bir sıra ərəb ölkələri İranda mövcud hakimiyyətin dəyişməsini istəyir və hücumlarını intensivləşdiriblər. Lakin bu hücumlar nəticəsində minlərlə dinc sakin əziyyət çəkir və həlak olur. Reallıq isə ondan ibarətdir ki, bu gün İran bu qüvvələr qarşısında faktiki olaraq tək qalıb.” – bunu politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, İran rəhbərliyi vaxtında onlara edilən danışıqlar təkliflərini geri çevirməklə müəyyən səhvlərə yol verib.
Politoloq qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın son müraciəti ölkədə vəziyyətin nə qədər ağır olduğunu göstərir. “Məsələnin diplomatik tərəfi də var. Lakin İran tərəfi müharibəni genişləndirməklə bu qarşıdurmanın daha geniş areala yayılmasına səbəb ola bilər ki, bu da yanlış strategiyadır”, – deyə o bildirib.
Arzuman Muradlının sözlərinə görə, Məsud Pezeşkianın “Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq” ifadəsi və sülhün region ölkələri tərəfindən təmin olunacağına ümid etdiyini deməsi İran daxilində fərqli yanaşmaların mövcudluğunu göstərir.
Politoloq hesab edir ki, bu açıqlama ilə Pezeşkian ölkəni idarə edən mühafizəkar qruplardan müəyyən mənada fərqləndiyini ortaya qoyur. Belə ki, prezident qonşu dövlətlərin suverenliyinə hörmət edilməsindən danışsa da, mühafizəkar qüvvələr təkcə İsrail və ABŞ-ın hərbi bazalarını deyil, bəzi hallarda qonşu ölkələrin ərazilərini də hədəf kimi göstərirlər. Bu isə İran prezidentinin səsləndirdiyi mövqeyə zidd yanaşma kimi qiymətləndirilə bilər.
Arzuman Muradlı əlavə edib ki, mövcud şəraitdə region ölkələrinin müharibəni dayandıracağını gözləmək də real görünmür.
“Bütün hallarda Məsud Pezeşkian çətin vəziyyətdədir. O anlayır ki, İranın ABŞ və İsraillə müharibəni davam etdirmək üçün resursları kifayət etməyə bilər. Əsas məsələ mühafizəkar qüvvələrin də bunu anlamasıdır. Lakin onlar, Türkiyənin xarici işlər naziri Hakan Fidanın təbirincə desək, ‘mən batıramsa, qoy bölgə də batsın’ strategiyasından çıxış edirlər. Halbuki bölgə batmayacaq, batmağa namizədin ünvanı bəllidir”, – deyə politoloq vurğulayıb.





















