Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb.
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibəsə iki dövlət arasında iqtisadi əlaqələrin inkişafına xüsusi yer ayrılıb. Qeyd edilib ki, iki dövlət arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.
Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.
Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.
Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə – Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.
Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.
2024-cü ildə iki ölkə arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri – Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.
Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir.
2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.
Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlətin maraqlarını deyil, həm də bütövlükdə Türk dünyasının birliyini və gələcəyini əks etdirən strateji əməkdaşlıq modelidir. Tarixi bağlar, ortaq dəyərlər, siyasi etimad və iqtisadi sinerji bu münasibətləri unikal və davamlı edən əsas sütunlardır. Bu əlaqələr bölgədə sülhün, inkişafın və ortaq gələcəyin əsas təminatçılarındandır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru





















