“Rusiyanın Ukraynada apardığı müharibə ölkənin iqtisadiyyatını tamamilə çökdürüb. Nəzərə alınmayan müharibə xərcləri Rusiya iqtisadiyyatının məhvinə gətirib çıxarır, lakin rəsmi Kremlin bu durumu etiraf etməməsi reallığı dəyişdirmir. Rusiya əhalisi artıq ölkəni tərk edərək Türkiyə, Yunanıstan və Kiprə miqrasiya edir. Rəsmi məlumatlara əsasən, son 4 ildə 3 milyondan çox rusiyalı ölkəni tərk edib.”– bu fikirləri iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.
Arzuman Muradlı bildirib ki, iqtisadiyyatın böyüklüyünün yalnız ərazi və əhali ilə deyil, həm də texnoloji inkişaf və insan kapitalının effektivliyi ilə ölçülür.
“Rusiya müasir dünyada iqtisadi böyüklüyün həmişə hərbi güc və mübarizə qabiliyyəti ilə əlaqəli olmadığını qəbul etməlidir. Rusiya kiçik büdcələrini hərbi sahələrə yönəltməkdə davam etsə də, bu, uzunmüddətli perspektivdə ölkənin texnoloji geriləməsinə, çöküşünə yol aça bilər.Tarixdən məlumdur ki, nəhəng coğrafi imperiyalar, xüsusən də mərkəzi hakimiyyət zəiflədikdə, parçalanma və yox olma riski ilə üzləşirlər. Rusiya da bu təhlükə ilə qarşı-qarşıyadır. İqtisadi təzyiqlər, uzunmüddətli müharibələr və sanksiyalar, Rusiyanın daxili resurslarının tükənməsinə səbəb olur. Məsələn, artıq Moskva, regionları maliyyələşdirə bilmir və bu da, bəzi resurslarla zəngin və ya etnik kimliyi güclü olan bölgələrdə (məsələn, Tatarıstan, Başqırdıstan və Şimali Qafqaz) “özünü qoruma” və ayrılma meyllərinin artmasına səbəb ola bilər. Bu prosesin ilk əlamətləri artıq hiss olunmağa başlayıb.”– deyə iqtisadçı alim bildirib.
Arzuman Muradlı bildirib ki, Rusiyanın parçalanma riski, tarixdə dəfələrlə mərkəzi hakimiyyətin zəif olduğu zamanlar 1917-ci və 1991-ci illərdə baş verib.
“Əgər Ukraynadakı müharibə Rusiya daxilində siyasi və hərbi elita arasında bölünmələrə səbəb olarsa, bu, parçalanmaya gətirib çıxara bilər. Rusiyada slavyan əhalisinin sayının azalması və etnik azlıqların (xüsusən də müsəlman əhalisinin) artması da, uzunmüddətli perspektivdə daxili balansları dəyişdirə biləcək faktorlar arasında yer alır. Bu demoqrafik dəyişikliklər, ölkənin gələcəkdəki siyasi və iqtisadi quruluşunu təsir edə bilər. Kremlin bu vəziyyətdə necə hərəkət edəcəyi, Rusiya dövlətinin gələcəyi üçün çox önəmlidir. Rusiya, regionlar üzərində sərt bir idarəetmə qurub, burada hər hansı kiçik etirazlar dərhal boğulur. Bu da, daxili təzyiqləri və gərginliyi artıran bir faktor ola bilər. Lakin, ölkə daxilindəki dəyişikliklər və parçalanma riskinin artması, beynəlxalq cəmiyyəti də narahat edir. Rusiya nüvə silahlarına malik olduğundan, bu silahların müxtəlif müstəqil subyektlərə keçməsi, dünyada böyük bir təhlükə yarada bilər. Bu səbəbdən, Qərb, Rusiyanın parçalanmasını diqqətlə izləyir və ehtiyatla yanaşır. Rusiya regionlarının çoxu, Moskva ilə ciddi iqtisadi əlaqələrə malikdir. Bu regionların müstəqil iqtisadiyyat qurması çox çətin və zaman alacaq bir prosesdir. Bu səbəbdən, Rusiya mərkəzinin dağılması, bir çox bölgə üçün ciddi iqtisadi çətinliklərə yol aça bilər.”- deyə iqtisadçı alim bildirib.






















