Bazar və marketlərdə satılan təmizləyici vasitələrin keyfiyyəti ilə bağlı narahatlıqlar bu məhsulların sayı kimi artır. Gündəlik istifadə olunan bu məhsulların təhlükəsizliyi artıq istehlakçılar üçün ciddi sual doğurur. Modern.az yazıb ki, “Environmental Working Group” (EWG) tərəfindən aparılan və “Chemosphere” jurnalında dərc olunan son tədqiqatda 30 təmizləyici məhsul analiz edilib və onlardan 530 müxtəlif uçucu üzvi birləşmə (VOC) aşkar olunub. Bu maddələrin 193-ü insan sağlamlığı üçün təhlükəli hesab olunur və tənəffüs sistemi zədələnməsi, xərçəng riski, eləcə də reproduktiv problemlərlə əlaqələndirilir.
Bəs bu məhsullar bazara necə daxil olur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a qeyd edib ki, bu cür məhsulların, o cümlədən təhlükəli və keyfiyyətsiz qida mallarının yalnız Azərbaycanda deyil, dünyanın demək olar ki, bütün ölkələrində geniş yayılması heç də təsadüfi hal deyil: “Qlobal ticarət dövriyyəsinin artması, sərhədlərin nisbətən açıq olması və nəzarət mexanizmlərindəki boşluqlar qaçaqmalçılıq və saxta məhsulların bazara daxil olmasını asanlaşdıran əsas amillərdəndir. Dünyanın müxtəlif yerlərində olduğu kimi, regionumuzda da saxta və standartlara cavab verməyən malların dövriyyəsi ciddi problem olaraq qalır”.

E.Hüseynov bildirib ki, bu sahədə müəyyən dövlət qurumları tərəfindən ekspertiza və yoxlamalar həyata keçirilir, lakin əvvəlki illərlə müqayisədə nəzarət mexanizmlərində bəzi dəyişikliklərin baş verməsi vəziyyətə təsirsiz ötüşməyib. “Belə ki, uzun müddət qüvvədə olmuş Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud idi. Bu qərar təhlükəsizliyi təmin olunan malların siyahısını müəyyən edir və həmin məhsullar ölkəyə daxil olmamışdan əvvəl ciddi yoxlamadan keçirilirdi. Yalnız müvafiq standartlara cavab verən məhsulların bazara buraxılmasına icazə verilirdi ki, bu da istehlakçıların təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırdı. Lakin sözügedən qərarın ləğv olunmasından sonra bu sahədə müəyyən boşluqlar yaranıb. Nəticədə, saxta və keyfiyyətsiz məhsulların ölkəyə daxil olması halları artıb. Bu məhsulların əhəmiyyətli bir hissəsinin müxtəlif iri ticarət məkanlarında, xüsusilə də geniş çeşidli malların satıldığı bazarlarda dövriyyədə olduğu müşahidə edilir. Məsələn, “Sədərək” ticarət mərkəzində çoxsaylı parfümeriya məhsullarının satışa çıxarıldığı, lakin onların bir qisminin orijinal olmadığı barədə dəfələrlə iddialar səsləndirilib”,- deyə mütəxəssis bildirib.
Bununla yanaşı, E.Hüseynova görə, problem təkcə kosmetika, yuyucu toz və ya parfümeriya ilə məhdudlaşmır:
“Təxminən 8 ay əvvəl saxta avtomobil ehtiyat hissələrinin aşkarlanması və bununla bağlı müvafiq qurumlara məlumat verilməsi də vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərir. Bu cür məhsullar yalnız iqtisadi zərər yaratmır, eyni zamanda, insan sağlamlığı və təhlükəsizliyi üçün də real risklər doğurur”.
E.Hüseynov tövsiyə edib ki, vətəndaşlar mənşəyi şübhəli olan, həddindən artıq ucuz qiymətə təklif edilən və sertifikatlaşdırılması barədə aydın məlumat olmayan məhsullardan mümkün qədər uzaq dursunlar.
Bu cür yuyucu tozların xərçəng riski yaratması ilə bağlı isə tanınmış onkoloq Nəsimi Qasımov qeyd edib ki, bu haqda dəqiq məlumat yoxdur:
“Sadəcə, yuyucu toz istehsalında çalışanların müxtəlif xəstəliklərə düçar olması halları kifayət qədər çoxdur və bu səbəbdən də inkişaf etmiş ölkələrin bir çoxunda bu sahə ya məhdudlaşdırılıb, ya da istehsal daha sərt nəzarət altına alınıb.
Ümumiyyətlə, yuyucu tozların istehsalı əsasən Hindistan, Pakistan, İran, Banqladeş və Çin kimi ölkələrdə cəmləşib. Yuyucu tozların birbaşa xərçəng riski yaratması məsələsinə gəldikdə, hazırda onların insan orqanizminə birbaşa təsiri əvvəlki dövrlərlə müqayisədə daha azdır. Çünki artıq yuma prosesi əsasən paltaryuyan maşınlar vasitəsilə həyata keçirilir və insanların bu maddələrlə birbaşa təması minimuma enib. Əllə yuma isə demək olar ki, çox nadir hallarda baş verir”.





















