Sovet dövrünün rəsmi təbliğatında daim partiyanın birliyi, dəmir intizam və daxili ziddiyyətlərin tamamilə olmadığı vurğulanıb. Belə bir təsəvvür yaradılıb ki, ən mühüm qərarlar yalnız dövlətin maraqları naminə qəbul edilib, partiyanın ali rəhbərliyi isə vahid mexanizm kimi fəaliyyət göstərib.
Lakin bu zahiri mənzərənin arxasında tamamilə fərqli bir reallıq mövcud olub. Hakimiyyətin ən yüksək eşelonları ideologiyadan daha çox şəxsi sədaqətə, həmyerliliyə və qarşılıqlı faydaya əsaslanan nüfuzlu qeyri-rəsmi qruplara bölünüb. Məhz bu qruplar çox vaxt kimin yüksək vəzifə tutacağını, kimin karyera pillələrində irəliləyəcəyini, kimin isə həmişə ikinci planda qalacağını müəyyən edib. Belə birliklər arasındakı mübarizə xüsusilə Sovet İttifaqının mövcudluğunun son illərində daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Həmin dövrdə mərkəzi hakimiyyət sürətlə zəifləyib, regional elitalar isə təsir uğrunda mübarizəyə getdikcə daha cəsarətlə qoşulublar.

Bu cür qruplaşmaların əksəriyyətinin mövcudluğunun əsas prinsipi mənşə və şəxsi əlaqələr olub. Rəhbərlər ətraflarını yaxşı tanıdıqları, etibar etdikləri və ortaq həyat yolu ilə bağlı olduqları insanlarla əhatə etməyə çalışıblar. Həmyerlilər, keçmiş iş yoldaşları və sınaqdan çıxmış silahdaşlar tədricən əsas vəzifələri tutaraq möhkəm qarşılıqlı dəstək sistemi formalaşdırıblar. Belə yanaşma onlara yalnız öz mövqelərini gücləndirməyə deyil, həm də iqtisadiyyatın və dövlət idarəçiliyinin bütöv sahələrinə nəzarət etməyə imkan verib.
Belə qrupların ən məşhur nümunəsi təsiri xüsusilə Leonid Brejnev dövründə güclənən Dnepropetrovsk qrupu hesab olunub. Bu qrupun formalaşması onun hakimiyyətə gəlməsindən xeyli əvvəl başlayıb. Hələ müharibədən əvvəlki illərdə gələcək baş katib partiya aparatında möhkəm əlaqələr qurub, müharibədən sonra isə ardıcıl şəkildə karyera pillələrində yüksələrək Sovet İttifaqının müxtəlif bölgələrində rəhbər vəzifələr tutub. Brejnev 1964-cü ildə ölkə rəhbərliyinə gəldikdən sonra onun ən yaxın silahdaşlarının da siyasi yüksəlişi sürətlənib.

Qrupun əsas simalarından biri uzun illər Ukrayna Kommunist Partiyasına rəhbərlik etmiş Vladimir Şerbitski olub. Onların uzunmüddətli əməkdaşlığı mühüm dövlət vəzifələrini tutan nüfuzlu məmurlardan ibarət geniş bir şəbəkənin formalaşmasına şərait yaradıb. Həmin şəxslər arasında SSRİ-nin daxili işlər naziri Nikolay Şelokov, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov, Mərkəzi Komitənin katibi Andrey Kirilenko, MK katibi Konstantin Çernenko və partiya elitasının digər tanınmış nümayəndələri olub. Söhbət formal təşkilatdan deyil, qarşılıqlı etimad, birgə fəaliyyət və ortaq siyasi maraqlar ətrafında birləşmiş insan çevrəsindən gedib.
Qrupun iqtisadi dayağını hərbi-sənaye kompleksinin ən iri müəssisələri, ilk növbədə ölkəni strateji təyinatlı texnika və kosmik layihələrlə təmin edən məşhur “Yujmaş” təşkil edib. Məhz bu güclü iqtisadi resurs sayəsində Dnepropetrovsk qrupunun təsiri Ukraynanın hüdudlarından xeyli kənarda da hiss olunub.
Brejnev özündən sonra hakimiyyəti V.Şerbitskiyə ötürmək planına malik olsa da, bu, baş tutmayıb. Kremlin digər nüfuzlu şəxsləri onun Çernenkodan sonra SSRİ rəhbəri olmasının qarşısını alıblar, nəticədə sovet dövlətinin başına gələn Mixail Qorbaçov onların hamısını peşman edib.

Ən nüfuzlu birliklərdən biri də Donbasın kömür sənayesi ətrafında formalaşmış Donetsk qrupu hesab olunub. Onun təşəkkülü hələ İosif Stalin dövründə başlayıb. Həmin vaxt kömür sənayesi naziri Aleksandr Zasyadkonin səyləri nəticəsində bu sahəyə dövlət tərəfindən böyük həcmdə investisiyalar yönəldilib. Tədricən Donbas Sovet İttifaqının ən mühüm sənaye mərkəzlərindən birinə çevrilib, yerli elita isə öz təsir imkanlarını möhkəmləndirmək üçün ciddi imkanlar əldə edib.
Cənubi Qafqaz ölkələrinin elitaları isə xüsusi yer tutub. Ermənistanda, Gürcüstanda və Azərbaycanda milli və yerli əlaqələr ittifaqın əksər digər respublikaları ilə müqayisədə daha mühüm rol oynayıb. Mərkəzi rəhbərlik yerli rəhbərlərin təsirini nəzərə almağa məcbur olub, çünki onların dəstəyi olmadan sabitliyi qoruyub saxlamaq getdikcə daha çətinləşib.

Gürcüstanda klan sistemi, demək olar ki, ictimai həyatın bütün sahələrinə nüfuz edib. Siyasət, iqtisadiyyat, mədəniyyət, teatrlar, televiziya və hətta ədəbi mühit belə, böyük ölçüdə şəxsi əlaqələrdən və müəyyən nüfuz qruplarına mənsubiyyətdən asılı olub. Azərbaycan elitası da əhəmiyyətli təsir imkanlarına malik olub. Onun bir çox nümayəndələri təkcə respublikanın özündə deyil, həm də ittifaq rəhbərliyində yüksək vəzifələr tutublar ki, bu da yerli rəhbərliyin mövqelərini xeyli gücləndirib.
Sovet klanlarının tarixi göstərib ki, bərabərlik və kollektivçilik haqqında rəsmi şüarların arxasında şəxsi razılaşmaların və qeyri-rəsmi təsir mexanizmlərinin mürəkkəb sistemi gizlənib. Həmyerlilik, qarşılıqlı öhdəliklər, resurslar uğrunda mübarizə və dövlət aparatına nəzarət çox vaxt partiyanın rəsmi bəyanatlarından daha böyük əhəmiyyət daşıyıb. Məhz bu qeyri-rəsmi birliklər kadr siyasətini, maliyyə axınlarının bölüşdürülməsini və ölkə rəhbərliyində qüvvələr nisbətini əhəmiyyətli dərəcədə müəyyən edib.
İlkin Nəcəf





















