image-1backend

Tramp Ukraynada sülh axtararkən, Avropa cəmiyyəti mümkün müharibəyə hazırlayır – WSJ  

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə həllinə çalışdığı bir vaxtda, Avropa ölkələri Rusiyanın potensial təhlükəsinə qarşı cəmiyyəti müharibəyə hazırlamaq istiqamətində xəbərdarlıq siqnalları verir. The Wall Street Journal yazır ki, Avropa təhlükəsizlik rəsmiləri artıq mütəmadi olaraq ictimaiyyəti Rusiya ilə mümkün müharibəyə hazır olmağa çağırırlar. Bu cür çağırışlar cəmi on il əvvəl təsəvvür olunmaz sayılırdı.

Avropa paytaxtlarında Trampın Ukraynanı qeyri-bərabər şərtlərlə sülh razılaşmasına məcbur edə biləcəyindən narahatdırlar. Avropalı rəsmilərin fikrincə, belə bir razılaşma Rusiya Prezidenti Vladimir Putini daha da cəsarətləndirə və Ukraynanı gələcək hücumlar qarşısında zəif vəziyyətə sala bilər.

Bundan əlavə, mümkün atəşkəsin Rusiyanın hərbi resurslarını azad edərək onların Avropanın digər ölkələrinə qarşı istifadə olunacağı ehtimalı da ciddi narahatlıq doğurur. Avropada eyni zamanda Tramp administrasiyasının mümkün hücum halında köməyə gəlməyəcəyindən ehtiyat edilir. ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın artıq əsas düşmən kimi qeyd olunmaması bu narahatlığı daha da gücləndirir.

Niderlandın istefada olan admiralı Rob Bauer bildirib ki, Avropa sülhü qorumaq istəyirsə, müharibəyə hazır olmalıdır. Onun sözlərinə görə, mövcud məlumatlar Rusiya hərbi-sənaye kompleksinin Ukraynadakı müharibə üçün lazım olandan daha çox istehsal etdiyini göstərir. Bu isə Rusiyanın Avropaya qarşı hücuma əvvəl düşünüləndən daha tez hazırlaşa biləcəyi ehtimalını artırır.

Eyni zamanda siyasətçilər etiraf edirlər ki, cəmiyyətdə militarist düşüncə tərzinin bərpası və müdafiə xərclərinin artırılması kimi çətin qərarların izahı ciddi problemlər yaradır. Gallup-un ötən il apardığı sorğuya əsasən, Avropada vətəndaşların yalnız üçdə biri ölkəsini müdafiə etmək üçün döyüşməyə hazır olduğunu bildirib. ABŞ-da bu göstərici 41 faizdir.

Avropalı rəsmilər qeyri-rəsmi söhbətlərdə qeyd edirlər ki, seçicilər yalnız real hücum təhlükəsinə inandıqları halda müdafiə xərclərinin artırılması və hətta hərbi çağırışın bərpası kimi qurbanları qəbul edə bilərlər.

Avropa təhlükəsizlik xidmətlərinin rəhbərləri Rusiyanın artıq Avropaya qarşı “boz zona” adlandırılan gizli müharibəyə başladığını iddia edirlər. Bildirilir ki, Moskva Avropa iqtisadiyyatına zərər vurmaq və xaos yaratmaq məqsədilə sabotaj və casusluq fəaliyyətlərini artırıb.

Almaniya rəsmiləri hesab edir ki, bu fəaliyyətlərin bir hissəsi NATO-nun logistika marşrutlarını hədəfə almağa yönəlib. Məqsəd isə Polşa və ya Baltik ölkələrinə qarşı mümkün silahlı münaqişə zamanı NATO qüvvələrinin sürətli yerləşdirilməsini ləngitməkdir.

Mümkün təhlükə fonunda bir sıra Avropa ölkələri konkret addımlar atmağa başlayıb. Fransa gənclər üçün könüllü hərbi xidmət proqramını bərpa etdiyini açıqlayıb. Almaniya, Belçika və Niderland da oxşar təşəbbüslər irəli sürür.

Almaniya Rusiyanın hücumu ssenarisi üzrə hərbi təlimlər keçirərək qoşunların cəbhəyə necə daşınacağını modelləşdirir. Böyük Britaniya Avropadan kənarda hərbi təlimləri azaltmaqla diqqətini əsasən Rusiya təhlükəsinə yönəldib. NATO-nun Avropa üzv ölkələri isə bu il müdafiə xərclərinin artırılması barədə razılığa gəliblər.

Bununla belə, Qərbi Avropanın bir çox böyük iqtisadiyyatlarında bu qərarların təsiri hələ geniş ictimaiyyət tərəfindən ciddi şəkildə hiss olunmur. Hərbi rəhbərlər isə açıq şəkildə bildirirlər ki, Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırılmalıdır.

Daha əvvəl NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, Alyans ölkələri Rusiyanın “növbəti hədəfi” ola bilər və yeni müharibənin qarşısını almaq üçün bütün imkanlar səfərbər edilməlidir.

İsveçin keçmiş xarici işlər naziri Tobias Billström isə bildirib ki, Rusiyanın NATO-nun şərq cinahı üçün yaratdığı təhlükə heç vaxt tam aradan qalxmayacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki