image-1backend

Tramp: Ukraynadakı müharibənin yenidən başlamasını istəmirik  

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp Ukrayna–Rusiya münaqişəsi ilə bağlı Avropa liderləri ilə geniş müzakirələr apardığını bildirib və diplomatik prosesin “ehtiyatlı, lakin müsbət” məcrada davam etdiyini qeyd edib.

Korrekt.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp təxminən bir saat əvvəl Avropa liderləri ilə keçirdiyi görüşlərə toxunaraq deyib:
“Rusiya və Ukrayna ilə bağlı çox yaxşı bir görüşümüz oldu. Uzun müzakirələr apardıq və iki tərəf arasındakı münaqişəni ətraflı şəkildə nəzərdən keçirdik. Görünür, proses müsbət istiqamətdə gedir, lakin bunun çətin və həssas bir mərhələ olduğunu da anlayırıq”.

ABŞ prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı apardığını da vurğulayıb. Tramp Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Niderland daxil olmaqla bir sıra Avropa ölkələrinin liderləri ilə “çox uzun və çox yaxşı” təmaslarının olduğunu bildirib.

Donald Tramp Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ölkələri ilə birgə formalaşdırıldığını qeyd edərək bildirib ki, Avropa bu prosesin mühüm iştirakçısıdır.

“Avropa bu prosesin böyük bir hissəsi olacaq. Müharibənin yenidən başlamasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirik. Biz Ukraynadakı müharibənin yenidən başlamasını istəmirik”, – deyə Tramp vurğulayıb.

Trampın bu açıqlamaları ABŞ rəsmilərinin Berlin danışıqlarında Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər güclü təhlükəsizlik zəmanətlərini əhatə edən “sülh paketi” üzrə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirməsindən sonra səsləndirilib. Rəsmilərin sözlərinə görə, bu zəmanətlər məhdud müddət üçün nəzərdə tutulur və yekun razılaşma əldə edilərsə, paket ABŞ Senatına təqdim olunacaq.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner son iki gündür Almaniyanın paytaxtı Berlində Ukrayna və Rusiya nümayəndələri ilə sülh razılaşmasının əldə olunması məqsədilə müxtəlif formatlarda danışıqlar aparırlar.

Danışıqlarla bağlı jurnalistlərə məlumat verən ABŞ rəsmisi bildirib ki, Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətinin verilməsi müzakirə olunur. Həmin maddəyə əsasən, Alyansa üzv ölkələrdən birinə silahlı hücum bütün üzv dövlətlərə hücum kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ danışıqlar qrupunun avropalı tərəfdaşlarla müzakirələr nəticəsində hazırladığı “sülh paketi” layihəsinin ətraflı və yekun versiyası gələn həftə Prezident Donald Trampa təqdim ediləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki