Yaxın Şərqdə möcüzələr nadir hallarda baş verir. Lakin Misirlə Türkiyə arasında son günlərdə müşahidə olunan yaxınlaşma məhz belə bir möcüzəni xatırladır: dünən qeyri-mümkün görünən bu proses bu gün yeni siyasi reallığa çevrilir.
İllərdir ideoloji ziddiyyətlər və geosiyasi şübhələrlə bir-birinə baxan iki regional güc – Misir və Türkiyə – indi sürətlə bir-birinə doğru addımlayır. Bu, nə sadəcə diplomatik nəzakət jestidir, nə də protokol tələbi. Səbəb odur ki, onları əhatə edən dünya o qədər sürətlə dəyişir ki, artıq hər iki ölkə bu proseslərə gecikmiş reaksiya verməyin fəsadlarını açıq şəkildə görür.
Misir üçün tarixi məsuliyyət, Türkiyə üçün isə xarici siyasət simvolu olan Fələstin məsələsi qəfil və koordinasiyalı addımlar tələb edən bir zərurətə çevrildi. Əks halda hadisələr Qahirə və Ankaranın nəzarətindən kənarda baş verə bilər ki, bu da hər iki tərəf üçün qəbuledilməzdir.
Misirin “Əl-Əhram” qəzeti yazır ki, Qahirə ilə Ankara arasında münasibətlər “həmişəkindən daha yaxın”dır. Lakin bu sadə ifadə əslində çox daha dərin siyasi transformasiyanı gizlədir. Region elə bir mərhələyə daxil olub ki, artıq Misir və Türkiyənin bir-birindən uzaq dayanmaq lüksü yoxdur. Onların maraqlarının toqquşduğu Liviyadan tutmuş Şərqi Aralıq dənizinə qədər olan ərazilərdə yaranan boşluqlar dərhal bölgədəki digər oyunçular tərəfindən doldurulur – özü də nə bu ölkələrin sabitliyi, nə də suverenliyi nəzərə alınmadan.
Tarixi aspekt də unudulmamalıdır: Qahirə ilə Ankara heç vaxt bir-birinə tam yad olmayıb. Onları yalnız Osmanlı irsi deyil, həm də inqilablar, rejim dəyişiklikləri, çevrilişlər və diplomatik fırtınalardan keçərək formalaşmış çoxəsrlik münasibətlər bağlayır. Məhz bu gizli bağlar hər iki ölkəni tamamilə parçalanmaqdan qoruyub. Bu gün isə həmin tarixi yaddaş sağlam düşüncənin yenidən oyanmasına dönüşür.
Qəzza zolağında müharibə region üçün dönüş nöqtəsi oldu. Necə ki, vaxtilə Süveyş böhranı və Bağdadın süqutu Yaxın Şərqin siyasi xəritəsini yenidən formalaşdırmışdı, eləcə də Qəzza savaşı əvvəlki hesablamaları alt-üst etdi.
Elə buna görə də Misirin xarici işlər naziri Bədr Abdel-Atti Ankaraya yalnız diplomatik sənədlərlə deyil, həm də prezident Əbdülfəttah əs-Sisinin xüsusi məktubu ilə gəldi. Ərdoğan bu mesajı sadəcə rəsmi jest kimi deyil, iki ölkənin Qəzzada atəşkəsdən tutmuş, mümkün beynəlxalq nəzarət mexanizmlərinə qədər bütün proseslərin konturlarını birgə müəyyən etməsinin vacibliyinə verilən ciddi siyasi siqnal kimi qəbul etdi.
Abdel-Attinin mesajı nə idi?
O, Ankaraya bir aydın məna gətirmişdi:
Türkiyə və Misir birgə hərəkət edərək təşəbbüsü ələ keçirə, Yaxın Şərqin mərkəzində yeni danışıqlar formatını formalaşdıra bilərlər.
Türkiyənin Qəzzanın yenidən qurulmasında iştirak marağı, Misirin isə Rəfah keçidinə nəzarəti iki dövlətin mümkün ittifaqını regional güc balansını dəyişdirə biləcək faktora çevirir.
Əslində bu yaxınlaşmanın mahiyyəti sadədir:
Misir və Türkiyə bir-birinə rəqabət aparmaqla öz əlləri ilə üçüncü tərəfləri gücləndirdilər. Liviyada müharibə bunun ağır nəticələrini göstərdi, Suriya böhranı isə rəqabətin regionu necə tez dolaşdırdığını sübut etdi. Şərqi Aralıq dənizində isə xarici oyunçular iki regional gücün boşaltdığı sahələri asanlıqla tutdular.
Bu gün Misir və Türkiyə sadəcə yaxınlaşmır – onlar regionun gələcək nizamının memarı kimi öz tarixi rolunu bərpa edirlər. Qəzza müharibəsi, Suriya böhranı, dəniz yolları və enerji dəhlizlərinin strateji əhəmiyyəti onları yenidən bir masa arxasına gətirib.
Əgər bu yaxınlaşma sınaqlardan çıxmağı bacarsa, tarixə bu hadisə belə düşə bilər:
İki müsəlman dövləti bir-birinə qarşı illərin yaralarını və ambisiyalarını kənara qoyaraq, keçmiş uğrunda mübarizə aparmağı deyil, daima xaosla nizam arasında qalan Yaxın Şərqin gələcəyi üçün məsuliyyət götürməyi seçdi.haqqin.az





















