Ukrayna və Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) vasitəçiliyi ilə Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər. Məqsəd stansiyanın ehtiyat enerji xətlərində zəruri təmir işlərinin aparılmasını təmin etməkdir.
Korrekt.az xəbər verir ki, MAQATE-nin X sosial şəbəkəsində yaydığı məlumata görə, hazırda qüvvədə olan razılaşma 330 kV-luq ehtiyat enerji təchizatı xəttinin bərpasına yönəlib.
Agentliyin baş direktoru Rafael Grossi bildirib ki, təmir briqadalarının təhlükəsiz girişini təmin etmək üçün ərazidə mina təmizləmə işləri aparılır.
“Reuters”in məlumatına əsasən, Rusiya rəsmiləri xarici elektrik xətlərindən birinin hələ də işlədiyini, digər xəttin bərpasının isə azı bir həftə vaxt aparacağını açıqlayıblar. Bildirilir ki, stansiya ərazisində radiasiya səviyyəsi normal həddə qalır.
Zaporojye AES ətrafında vəziyyət
Zaporojye Atom Elektrik Stansiyası 2022-ci ildə müharibənin başlanmasından sonra Rusiya qüvvələrinin nəzarətinə keçib. Hazırda Avropanın ən böyük atom elektrik stansiyası elektrik enerjisi istehsal etmir və nüvə materiallarının soyudulması üçün xarici enerji mənbələrindən asılı vəziyyətdədir.
Stansiyaya nəzarət məsələsi Ukrayna ilə Rusiya arasında danışıqlarda əsas mübahisə mövzularından biri olaraq qalır. Kiyev obyektin nəzarətinin Ukrayna və ABŞ-a verilməsini təklif etsə də, Moskva buna qarşı çıxır.
Yanvar ayında Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa Rusiyanın stansiyanı lazımi səviyyədə idarə etmək imkanlarının olmadığını bəyan etmişdi. Fevralın 20-də isə Rafael Qrossi bildirib ki, “Ferrosplavna-1” elektrik xətti fevralın 10-da, ehtimal ki, hərbi əməliyyatlar nəticəsində sıradan çıxıb və hazırda stansiya yalnız “Dnepr” xətti vasitəsilə enerji alır.
MAQATE-nin məlumatına görə, obyekt ətrafında vəziyyət həssas olaraq qalır və enerji təminatının sabitliyi nüvə təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyır.





















