Tarix boyu saysız-hesabsız sərkərdələr yetişib. Böyük İsgəndər, Yuli Sezar, Napoleon Bonapart kimi böyük adlar hərb tarixində silinməz iz qoyub. Lakin bir isim var ki, bir çox tarixçilərin fikrincə, onların belə fövqündə dayanır — Subutay Bahadır.
Subutay bahadır tarixdə ən amansız və eyni zamanda ən dahi sərkərdələrdən biri hesab olunur.
O, nə zadəgan ailəsində doğulmuşdu, nə də hakim təbəqəyə mənsub idi. Təxminən 1175-ci ildə sadə bir dəmirçinin oğlu olaraq dünyaya gəlmişdi. Mənsub olduğu Uranxay tayfası monqollar tərəfindən “meşə adamları” kimi tanınırdı — kasıb, lakin dözümlü və sərt insanlar.
Gənc yaşlarında qardaşı ilə birlikdə Çingiz xan xidmətinə girən Subutay, qısa zamanda öz zəkası və sədaqəti ilə seçildi. Əvvəlcə sadə xidmətlərdən başlasa da, sonradan xüsusi mühafizə dəstəsinə qəbul edildi və burada hərbi strategiya, logistika və kəşfiyyat sahəsində dərin biliklər əldə etdi.
Onun istedadı ilk dəfə Merkit tayfasına qarşı həyata keçirilən gizli əməliyyat zamanı tam şəkildə üzə çıxdı. Bu uğurdan sonra Subutay, Çingiz xanın ən güvəndiyi sərkərdələrdən birinə çevrildi və “dörd it” adlandırılan elit komandanlıq qrupuna daxil edildi. Bu titul təhqir yox, sədaqət və yüksək hərbi bacarığın simvolu idi.
Subutayın hərbi yürüşləri tarixdə misilsiz sayılır. O, Çində qalaların alınması üçün innovativ üsullardan istifadə etmiş, çayların istiqamətini dəyişdirərək müdafiə xətlərini dağıtmışdı. Daha sonra Xarəzmşahlar dövlətinə qarşı yürüşlərdə sürətli və gözlənilməz hücum taktikaları ilə düşməni çaşqın vəziyyətə saldı.
Onun tətbiq etdiyi strategiyalar — ordunun geniş əraziyə yayılması və hücum anında bütün qüvvənin bir nöqtədə cəmlənməsi — sonralar “ildırım müharibəsi” kimi tanınan taktikanın ilkin forması hesab olunur.
1223-cü ildə Kalka çayı yaxınlığında baş verən döyüş Subutayın hərbi dahiliyinin ən parlaq nümunələrindən biri sayılır. Sayca üstün olan rus qoşunlarını geri çəkilmə manevri ilə tələyə salaraq tam məhv etmişdi.
Subutay yalnız döyüş meydanında deyil, strateji planlaşdırmada da fərqlənirdi. O, Avropanın coğrafiyası, iqlimi və siyasi quruluşu barədə geniş məlumat toplayaraq gələcək yürüşlər üçün detallı plan hazırlamışdı.
Çingiz xan ölümündən sonra da Subutay yeni hökmdar Ögedey xan dövründə fəaliyyətini davam etdirdi və Avropaya yönəlmiş genişmiqyaslı hərbi kampaniyalara rəhbərlik etdi. Onun orduları Rusiya, Polşa və Macarıstan ərazilərinə qədər irəlilədi və Avropanın qapılarına çatdı.
Lakin böyük yürüşlər, Ögedey xanın ölümü səbəbindən yarımçıq qaldı. Monqol qanunlarına görə, bütün sərkərdələr qurultaya qayıtmalı idi və bu səbəbdən Avropa daha böyük işğaldan xilas oldu.
Ömrünün son illərində Subutay artıq yaşlanmış və aktiv döyüşlərdən uzaqlaşmışdı. 1248-ci ildə, 73 yaşında vəfat edən sərkərdə həyatını sadə şəkildə başa vurdu — nə böyük saraylar tikdirdi, nə də sərvət topladı.
Tarixçilərin hesablamalarına görə, Subutay 10 milyon kvadrat kilometrdən çox ərazinin fəthində iştirak edib və həyatının böyük hissəsini at belində keçirmişdir. O, heç vaxt böyük məğlubiyyət yaşamayan nadir sərkərdələrdən biri kimi tarixə düşüb.
Bu gün belə, Subutay adı hərb tarixində strateji zəkanın, sərt intizamın və amansız gücün simvolu kimi xatırlanır.
Qoşqar Salmanlı





















