image-914855_srcbackend

Yeni müharibə başlayır: İsrail mediası anons VERDİ 

image-ads-728x90

İsrail mediası xəbər verir ki, İsrail Ordusu Livanda “Hizbullah”ın hədəflərinə qarşı məhdudmiqyaslı əməliyyata hazırlaşır. Rəsmi Təl-Əviv bunu “təhlükəsizlik zərurəti” kimi qiymətləndirir.

Regiondakı vəziyyət “kritik kütlə” mərhələsinə çatıb: Yaxın Şərq artıq hər an qığılcım ala biləcək partlayıcı nöqtəyə çevrilib. 2025-ci ilin yayında əldə olunan atəşkəs isə sülh yox, cəmi bir fasilə oldu. Ekspertlərə görə, indi əsas sual müharibənin başlayıb-başlamayacağı deyil, onun harada başlayacağıdır – Livan sərhədində, yoxsa İranın nüvə obyektlərində.

İsrail kəşfiyyatının məlumatına əsasən, “Hizbullah” son illərdə dəqiq raketlər, kamikadze dronlar və mühüm infrastruktur – elektrik stansiyaları, hava limanları və su sistemlərini sıradan çıxara biləcək döyüş vasitələri ilə silahlanıb. Bu arsenal təsadüfi hücumlar üçün deyil, ölkəni strateji olaraq hərəkətsizləşdirməyə hesablanmış planın tərkib hissəsi kimi qiymətləndirilir.

Şimal rayonlarından köçürülmüş on minlərlə sakin bir ilə yaxındır ki, evlərinə qayıda bilmir. Bu vəziyyət hökumətə qarşı sosial və siyasi təzyiqi artırır. Cəmiyyət təhlükəsizlik təminatının bərpasını tələb edir və bu tələb siyasi rəhbərliyi daha sərt addımlar atmağa yönəldir.

İsrailin əsas çəkindirmə doktrinasının zəifləməsi də rəsmi dairələrdə ciddi narahatlıq doğurur. Diplomatik səylərin Tehranda dalana dirənməsi fonunda İsraildə “hərəkətsizlik təhlükəlidir” mövqeyi güclənir.

Məlumata görə, İran yalnız öz hərbi gücünü artırmır, həm də regiondakı proxy şəbəkəsini – “Hizbullah”, Yəməndə husilər və İraq milislərini daha sıx koordinasiya edir. İranın raket və nüvə proqramlarının sürətlənməsi İsraildə “geri dönməz nöqtənin yaxınlaşdığı” barədə narahatlığı artırır.

Kəşfiyyat mənbələri bildirir ki, hazırda regionda “praktiki hazırlıq mərhələsi” gedir: qoşunların yerləşdirilməsi, logistik mərkəzlərin qurulması, kiberməkanda aktivliyin artması və təlimlərin döyüş ssenarilərinə uyğunlaşdırılması müşahidə olunur.

Mümkün əməliyyatın İranın təsir zəncirinə – eyni vaxtda Livandakı “Hizbullah” anbarlarına, İraqdakı İranpərəst qüvvələrin obyektlərinə və İranın nüvə infrastrukturuna yönələcəyi bildirilir. Mənbələr bu ssenarini “eskalasiya deyil, birbaşa D-Day” kimi qiymətləndirir.

Analitiklərə görə, əməliyyat ABŞ-la tam koordinasiyada həyata keçiriləcək. Bu, icazə mexanizmi deyil, Vaşinqton və Təl-Əviv arasında “başlama vaxtı” barədə birgə qərarın nəticəsi olacaq.

Hazırkı mənzərə “müharibənin astanası”ndan çox, onun bir addım əvvəlindəki zəncirvari hazırlığı xatırladır. Ekspertlər xəbərdarlıq edir ki, iki paytaxtdan – Vaşinqton və Təl-Əvivdən veriləcək bir qərar regionu görünməmiş miqyaslı müharibəyə sürükləyə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki