“Donbasdan Ukrayna qoşunlarının çıxarılmasının ölkə daxilində ciddi parçalanmaya səbəb ola bilər və Vladimir Putin yenə dayanmayacaq.”
Korrekt.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti BBC-yə müsahibəsində səsləndirib.
Zelenskinin sözlərinə görə, məsələni yalnız ərazi prizmasından qiymətləndirmək düzgün deyil: “Buna sadəcə torpaq kimi baxmıram. Bu, mövqelərimizin zəiflədilməsi və orada yaşayan yüz minlərlə insanın taleyinin risk altına atılması deməkdir. Mən bunu xəyanət kimi qiymətləndirirəm və əminəm ki, belə bir addım cəmiyyətimizdə ciddi parçalanmaya yol aça bilər”.
Dövlət başçısı qeyd edib ki, qoşunların geri çəkilməsi Moskvanı müəyyən müddətə qane etsə də, bu, uzunmüddətli və dayanıqlı sülh anlamına gəlməyəcək. Onun fikrincə, Rusiya üçün əsas məqsəd vaxt qazanmaq və hərbi potensialını bərpa etməkdir.
“Avropalı tərəfdaşlarımız hesab edir ki, Rusiyanın bərpası üç-beş il çəkə bilər. Məncə, bu müddət daha qısa – bir neçə il ola bilər. Onun növbəti hədəfinin harası olacağını demək çətindir, lakin müharibəni davam etdirmək niyyətinin qalacağı faktdır”, – deyə Zelenski vurğulayıb.
Məlumata görə, fevralın 17–18-də Cenevrədə keçirilmiş danışıqlarda Donbasda demilitarizasiya olunmuş zonanın idarə edilməsi üçün birgə Rusiya–Ukrayna mülki administrasiyasının yaradılması ideyası müzakirə olunub. Təklif bölgədən həm Rusiya, həm də Ukrayna qoşunlarının çıxarılmasını nəzərdə tuturdu və ABŞ tərəfi tərəfindən irəli sürülmüşdü. Lakin rəsmi Kiyev bu variantı qəbul etməyib.
Zelenski daha əvvəl də bildirmişdi ki, həm ABŞ, həm də Rusiya tərəfi müharibənin tezliklə başa çatması üçün Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasını mümkün şərt kimi irəli sürür.
Eyni zamanda, bəzi media qurumları Ukraynanın mümkün sülh razılaşması çərçivəsində yaxın illərdə sürətləndirilmiş şəkildə Avropa İttifaqına üzvlük perspektivi qarşılığında müəyyən ərazi güzəştlərini nəzərdən keçirə biləcəyi barədə məlumat yayıb. Rəsmi Kiyev isə ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruduğunu bəyan edir.





















