image-tellur-mutellimov-1000x600backend

Nail Kərimov: Tellur Mütəllimov hələ uşaqlıqdan xarakterli idi

image-ads-728x90
“Mütəllimovun vurduğu qol indiyə xas bir şey deyil. O, hələ uşaq yaşlarından həm “Qəbələ” Futbol Akademiyasında, həm də əsas komandada buna bənzər neçə-neçə qol vurub”.

Bunu hazırda “Sabah”da çıxış edən “Qəbələ” Futbol Akademiyasının yetirməsi Tellur Mütəllimov barədə Sportify.az-a danışarkən akademiyanın sabiq rəhbəri, hazırda “Qarabağ” Futbol Akademiyasının meneceri vəzifəsində çalışan Nail Kərimov deyib.

Kərimov Mütəllimovun akademiyaya qəbul prosesindən danışıb: “Tellur bizim çox istədiyimiz qardaşlarımızdan biridir. Həmişə öz mərifəti, qanacağı və tərbiyəsi ilə seçilənlərdən olub. Eyni zamanda, öz xarakteri ilə fərqlənib. Səhv etmirəmsə, “Qəbələ” Futbol Akademiyasına bir neçə seçimdən sonra düşdü. O, əslən Xaçmaz rayonundan olsa da, akademiyamıza Bakıdan gəldi. Bildiyim qədərilə, paytaxtdakı uşaq komandalarından birində çıxış edirdi. Xarakterinin sayəsində bir neçə dəfə gəlib-getdi və sonda akademiyaya qəbul oldu. Ola bilsin, ilk gəlişlərində istedadını göstərə bilməmişdi. O vaxtlar o yaşda uşaqların əksəriyyətinin olmaq istədiyi yer “Qəbələ” Futbol Akademiyası idi. Əksər uşaqlar ilk cəhddə seçimdən keçə bilmədikdə daha gəlməzdilər. Amma Tellur belə etmədi, qarşısına qoyduğu məqsədə çatmaqda israr etdi. Nəticəsi də müsbət oldu”.

Kərimov Mütəllimovun uşaq yaşlarından universal futbolçu olduğunu bildirib: “Uşaq yaşlarından bir neçə mövqedə oynamaq bacarığı ilə seçilirdi. Hansı komandada bir əskik yer var idisə, hamı arxayın idi ki, Tellur o boşluğu dolduracaq. Mütəllimovun “Qəbələ”nin əsas komandasında da xidmətləri az olmayıb. Müdafiəçi olmasına baxmayaraq, hər mövsüm 4-5 qol vururdu. Peşəkar futbolçu kimi də həm meydançada, həm də meydançadan kənarda nizam-intizamı ideal idi. Daim sözə qulaq asan, dil tapmağı bacaran, ünsiyyəti çox gözəl olan futbolçu olub. Həm də meydançadakı zəhmətkeşliyi ilə bütün məşqçilərin simpatiyasını qazanıb”.

Qeyd edək ki, Tellur Mütəllimov “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer Şeva” komandası ilə cavab oyununda fərqlənib. O, əsas vaxta əlavə olunmuş dəqiqələrin bitiminə saniyələr qalmış qol vuraraq qarşılaşmanı əlavə vaxta daşıyıb. İki hissədən ibarət 30 dəqiqəlik bölümdə isə Azərbaycan təmsilçisi daha 2 qol vuraraq, 5:2 hesablı qələbə sayəsində tarixində ilk dəfə Liqa mərhələsinə vəsiqə qazanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki