image-1backend

Meğridə “azərbaycanlı kabusu”: Ermənistan MTX şayiələri təkzib etməyə məcbur qaldı  

image-ads-728x90

Ermənistanın Meğri rayonunda üç azərbaycanlının görüldüyü və onların dronlarla axtarıldığı barədə yayılan məlumatlar ölkədə təşvişə səbəb olub. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə hadisə ilə bağlı məlumatların hələ təsdiqlənmədiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Ermənistanın Meğri rayonunda naməlum şəxslərin görüldüyü və onların azərbaycanlı olduğu barədə yayılan məlumatlar rəsmi qurumların diqqətini cəlb edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məsələ ilə bağlı açıqlama yayaraq sosial şəbəkələrdə və yerli mediada yayılan məlumatların təsdiqlənmədiyini bildirib.

Qurumun məlumatına görə, bir vətəndaş naməlum şəxsləri gördüyünü, həmin şəxslərin isə suallardan yayınaraq ərazidən uzaqlaşdığını iddia edib.

MTX hazırda hadisə ilə bağlı araşdırma aparıldığını, lakin naməlum şəxslərin kimliyi və ümumiyyətlə, yayılan məlumatların doğruluğu barədə qəti nəticənin olmadığını vurğulayıb. Eyni zamanda, hərbi qulluqçuların özbaşına hərbi hissələrini tərk etməsi ehtimalı da daxil olmaqla müxtəlif versiyaların nəzərdən keçirildiyi bildirilib.

Ermənistanın “News24” nəşrinin yaydığı məlumata görə, Meğri yaxınlığında üç şübhəli şəxsin axtarışına başlanılıb. İddialara əsasən, axtarışlarda pilotsuz uçuş aparatlarından istifadə edilib, Rusiya sərhədçilərinin də əməliyyata qoşulduğu bildirilib.

Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Beləliklə, Meğridə azərbaycanlıların görüldüyü barədə yayılan xəbərlər hələlik təsdiqini tapmayıb. Ermənistan MTX də hadisə ilə bağlı qəti məlumatın olmadığını bildirərək yayılan iddialara ehtiyatla yanaşmağa çağırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki