image-img-20261009-wa0027backend

Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur

image-ads-728x90

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənib. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin “Avaza” milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.
Son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir.
Bu baxımdan oktyabrın 9-da keçirilən iclas xüsusilə əhəmiyyətlidir. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir. “Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır”, – deyə dövlətimizin başçısı toplantıdakı çıxışında vurğulayıb.
Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Azərbaycanın MDB daxilində əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin inkişafıdır. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, tranzit potensialından istifadə və enerji sahəsində əməkdaşlıq regional tərəfdaşlığın əsas istiqamətləri sırasında yer alır. Son dövrdə Azərbaycan-Ermənistan münasibətlərində baş verən proseslər fonunda iqtisadi əlaqələr və tranzit məsələləri üzrə müəyyən irəliləyişlər müşahidə olunur. Belə ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətləri aradan qaldırıb. Hazırda Azərbaycan ərazisindən Ermənistana həm Azərbaycan mənşəli məhsulların, həm də üçüncü ölkələrə məxsus tranzit yüklərin daşınması həyata keçirilir. Bu addımlar regionda iqtisadi əlaqələrin bərpası, ticarət imkanlarının genişləndirilməsi və kommunikasiya xətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Öz çıxışında Preident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər”.
Bildirilib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: “2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”.
Beləliklə, regional balanslaşmaların əhəmiyyətini önə çəkən Prezident İlham Əliyevin Aşqabad sammitindəki çıxışı digər beynəlxalq qurumlarda olduğu kimi, bu siyasi platforma çərçivəsində də ölkəmizin önəmli rolunu qorumaq niyyətində və gücündə olduğunun ifadəsidir. Bu, Azərbaycan ilk növbədə Qafqaz, Orta Asiya, postsovet məkanlarında öz mövqeyinin daha da möhkəmləndirilməsini hədəfləyir.

image-img-20260427-wa0003

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki