Goranboy Rayon İcra Hakimiyyəti Goranboy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Korrekt.az xəbər verir ki, tenderin qalibi “Star Təmir Construction” MMC seçilib. Şirkət Goranboy şəhərində yolların əsaslı təmiri işlərini 415 583,37 manata həyata keçirəcək.
Maraqlıdır ki, bir neçə gün əvvəl də “Star Təmir Construction” MMC Göygöl Rayon İcra Hakimiyyətinin Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Həmin tender üzrə şirkətin qiymət təklifi 789 929,91 manat təşkil edib.
Beləliklə, şirkət eyni vaxtda iki rayonda – Goranboy və Göygöldə yolların əsaslı təmiri işlərini həyata keçirəcək. Hər iki tender üzrə məbləğlərin ümumi həcmi isə 1 milyon 205 min 513,28 manatdır.
“Star Təmir Construction” MMC 7 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küçəsi, ev 2A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərov Zaur Maarif oğludur.
Şirkət və onun fəaliyyəti barədə açıq mənbələrdə geniş məlumat yoxdur. Bu səbəbdən onun sərəncamında olan texnika, işçi qüvvəsi, istehsal imkanları və digər maddi-texniki resursların həcmi barədə ətraflı məlumat əldə etmək mümkün deyil.
Üstəlik, açıq mənbələrdə şirkətin əlaqə nömrəsinə və rəsmi internet saytına da rast gəlinmir. Bu isə yaranan suallara aydınlıq gətirmək və şirkət nümayəndələrinin mövqeyini öyrənmək imkanlarını məhdudlaşdırır.
Məhz bu məqam şirkətin eyni vaxtda iki rayonda əsaslı yol təmiri işlərini hansı imkanlarla həyata keçirəcəyi barədə suallar yaradır. Goranboy və Göygöldə işlərin paralel aparılması üçün kifayət qədər texnika, mütəxəssis və işçi qüvvəsi varmı? Şirkətin maddi-texniki bazası hər iki layihəni vaxtında və keyfiyyətlə başa çatdırmağa imkan verirmi?
Açıq mənbələrdə şirkətin resursları barədə ətraflı məlumat olmadığından bu suallara konkret cavab vermək mümkün deyil. Bununla belə, iki ayrı rayonda eyni vaxtda həyata keçiriləcək layihələrin icra imkanları və keyfiyyət təminatı ictimai maraq doğuran məsələlərdəndir.
Təbii ki, şirkətin nizamnamə kapitalının az olması və ya fəaliyyəti barədə açıq məlumatların məhdudluğu öz-özlüyündə onun tender şərtlərini yerinə yetirə bilməyəcəyini göstərmir. Eyni zamanda, iki tenderdə qalib gəlmək də işlərin keyfiyyətlə və vaxtında icra olunacağına avtomatik zəmanət vermir.
Əsas məsələ ayrılmış vəsait müqabilində görüləcək işlərin keyfiyyəti, layihələrin icra müddətləri və şirkətin real texniki imkanlarının qarşıya qoyulan tələblərə uyğunluğudur.
İctimaiyyət üçün də maraqlı olan budur: “Star Təmir Construction” MMC hər iki rayonda işləri hansı resurslarla həyata keçirəcək və bu layihələrin icrasına nəzarət necə təmin olunacaq?Qaynarinfo





















