image-1backend

“Aynalı Martini” ləqəbli Qaçaq Kərəm: Qacar sarayından Təbriz meydanlarına uzanan sirli həyat

image-ads-728x90

Prof. Dr. Zaur Əliyev

“Qaçaq Kərəm: dəhşətli bir tufan, canlı tufan” – “Narodnaya Volya” jurnalının 1895-ci il sayında Qaçaq Kərəm haqqında belə yazılır.

“Son vaxtlar böyük şöhrət qazanmış Kərəm İsgəndər oğlu 21 yaşındadır, olduqca vüqarlı, yaraşıqlı, son dərəcə qoçaq, məğrur və qisasını yerdə qoymayan biridir; əla atıcı kimi tanınır”.

Bu fikirlər isə hələ 1880-ci ildə “Novoye Obozreniye” qəzetində dərc olunmuşdu.

Azərbaycan ədəbiyyatı və tarixində Qaçaq Kərəm haqqında Fərman Eyvazlı qədər yazan, onun həyatını və mübarizəsini araşdıran və təbliğ edən ikinci bir şəxsin adını çəkmək çətindir. İrandan Rusiyaya qədər müxtəlif arxivlərdə araşdırmalar aparan, Qaçaq Kərəmlə bağlı məlumatların izinə düşərək həmin sənədlərin saxlandığı yerlərə gedən böyük şəxsiyyətin ruhu şad olsun.

Dəyərli Fərman Eyvazlı “Qaçaq Kərəm” əsərinin ikinci hissəsində onun 21 avqust 1896-cı ildə Qacar şahı Müzəffərəddin Mirzəni ölümdən xilas etməsi və bundan sonra onların arasında yaranan dostluq münasibətləri barədə ətraflı məlumat verib.

Fərman Eyvazlının yazdığına görə, bundan sonra şahın xahişi ilə Rusiya çarı Qaçaq Kərəmin üzərindən bütün cinayət işlərini götürüb. Lakin onun Şimali Azərbaycana gəlməsinə qadağa qoyulub.

Bu barədə kitabda o qədər dəyərli məlumatlar var ki, kaş Fərman müəllim sağ olaydı və əsərin üçüncü hissəsində Qaçaq Kərəmin Güney Azərbaycandakı fəaliyyəti barədə də yazaydı.

Mən də oxuculara Qaçaq Kərəmin Qacar dövlətindəki fəaliyyəti ilə bağlı bəzi məlumatları təqdim etmək istəyirəm.

Qaçaq Kərəmin Güney Azərbaycan fəaliyyəti
Qeyd edim ki, Qaçaq Kərəmin soy kökünün Güney Azərbaycanla bağlı olduğu bildirilir. Buna görə də onun bölgədə tanınan bir sıra şəxslərlə qohumluq əlaqələrinin olduğu barədə məlumatlar var. Xüsusilə Səttərxanla qan qohumluğunun olduğu qeyd edilir.

Mənbələrdə Qaçaq Kərəmin Güney Azərbaycanda silah istehsalı ilə məşğul olduğu barədə məlumatlara rast gəlinir. İddialara görə, o, hazırladığı silahları Türkiyədə istiqlal uğrunda mübarizə aparan fədailərə və bölgədə rejimə qarşı üsyan edən qüvvələrə göndərirdi.

Eyni zamanda özü, Şimali Azərbaycandan onunla birlikdə gələn və sonradan dəstəsinə qoşulan qaçaqlarla birlikdə müxtəlif müqavimət qruplarına yardım göstərirdi.

Dövrün bəzi sənədlərində onun Türkiyəyə, Rusiya imperiyasının ərazilərinə və Yaxın Şərqin digər bölgələrinə bir neçə dəfə gizli keçməsi barədə məlumatların yer aldığı bildirilir. Onun Osmanlı sərhəd rəisi Navim bəyi öldürməsi barədə də qeydlərin olduğu qeyd olunur.

Stalinlə bağlı müəmmalı rəvayət
Qaçaq Kərəmin həyatının ən müəmmalı epizodlarından biri də Qaçaq Süleyman adı ilə tanınan Gülsü ilə bağlıdır.

Bəzi rəvayətlərə görə, Gülsü Stalinlə birlikdə polisin təqibindən qaçaraq Təbrizə sığınıb. Mövcud qeydlərə əsasən, Qaçaq Kərəm onu altı ay yanında saxlayıb, maddi və mənəvi dəstək göstərib.

Bu məlumatın nə dərəcədə tarixi sənədlərlə təsdiqləndiyi isə ayrıca araşdırma mövzusudur.

“Aynalı Martini” ləqəbinin sirri
Qaçaq Kərəmə “Aynalı Martini” ləqəbinin verilməsi də onun silah fəaliyyəti ilə əlaqələndirilir.

Məlumatlara görə, onun silah istehsal edən emalatxanasında müxtəlif növ odlu silahlar hazırlanır, xarab olmuş silahlar təmir edilir, xüsusilə üsyançılar arasında məşhur olan “Aynalı Martini” tüfəngləri üçün patronlar istehsal olunurdu.

Bəzi məlumatlarda onun hətta Avropaya silah göndərdiyi və oradan silah aldığı da iddia edilir.

Qaçaq Kərəm həm Səttərxana, həm də Urmiya gölü ətrafında şah rejiminə qarşı müqavimət göstərən xalq qəhrəmanı Kazım xana silah və taktiki dəstək verirdi.

Onun Səttərxanın və Kazım xanın dəstələrinə pusqu qurmaq, gecə basqınları təşkil etmək və azsaylı qüvvələrlə sayca üstün düşmənə qarşı mübarizə aparmaqla bağlı taktiki biliklər verdiyi bildirilir.

Dağ qaçağından regional tarixi şəxsiyyətə
Qaçaq Kərəm ilk dövrlərdə dağlarda Rusiya imperiyasına və ona sadiq olan şəxslərə qarşı vuruşan bir qaçaq kimi tanınırdı. Lakin sonrakı fəaliyyəti, xüsusilə Təbrizdəki mübarizəsi onu regional miqyasda böyük tarixi şəxsiyyətlərin həyatına və siyasi hərəkatlara təsir göstərən güclü fiqurlardan birinə çevirmişdi.

Məhəmməd Əmin Rəsulzadə də Məşrutə inqilabı dövründə Təbrizdə jurnalist və inqilabçı kimi fəaliyyət göstərərkən Kərəmin və digər mücahidlərin fədakarlıqlarını yaxından müşahidə etmişdi.

“Molla Nəsrəddin” jurnalı və “Füyuzat” məktəbinin də Qaçaq Kərəmə hörmətlə yanaşdığı qeyd olunur.

Həmin dövrdə azərbaycanlıların yaşadığı bölgələrdə müxtəlif silahlı basqınların baş verdiyi bildirilir. Qaçaq Kərəm öz dəstəsi ilə sərhədboyu kəndlərin müdafiəsini təşkil edib. O, basqınçı qruplara qarşı mübarizə apararaq bölgədə müəyyən müddət əmin-amanlığın təmin olunmasına nail olmuşdu.

Qaçaq Kərəmin itmiş məzarı
Qaçaq Kərəm 1909-cu ildə Tehranda vəfat edib və Qasım Xan Əb-ənbar qəbiristanlığında dəfn olunub.

Məlumatlara görə, onun kəfəni, dəfni və cənazə namazı ilə bağlı bütün xərcləri Əmin əl-Sultan ödəyib. Həmçinin onun məzarının üzərində dörd tağlı bir tikilinin inşa edilməsini əmr etdiyi bildirilir.

Lakin Qaçaq Kərəmin məzarı bu günədək gəlib çatmayıb.

Rza şahın hakimiyyəti dövründə Nasir divarının dağıdılması və Tehranın genişləndirilməsi ilə Qasım Xan Əb-ənbar qəbiristanlığı şəhərin hüdudları daxilində qalıb və tədricən baxımsız vəziyyətə düşüb.

Daha sonra qəbiristanlığın ərazisindən Tehran–Şəhr-e Rey yolu çəkilərkən burada dəfn olunanların qalıqlarının çıxarılaraq başqa yerlərə köçürüldüyü bildirilir.

Bir müddət sonra isə bələdiyyənin Qasım Xan su anbarı qəbiristanlığından qalan ərazini də sökdüyü, onun yerində bələdiyyə işçiləri üçün uşaq bağçası və yaşayış evləri tikdiyi qeyd olunur.

Beləliklə, bir vaxtlar Qacar sarayından Təbrizə, Güney Azərbaycandan Osmanlı sərhədlərinə qədər adı çəkilən Qaçaq Kərəmin məzarı da zamanın içində itib.

Bu gün onun harada dəfn edildiyi məlum deyil.

Bəlkə də Qaçaq Kərəmin ən böyük sirri məhz budur: tarix onun izlərini yüz ildən artıqdır axtarır, lakin “Aynalı Martini”nin son dayanacağı hələ də naməlum olaraq qalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki