Prof. Dr. Zaur Əliyev
İkinci Dünya müharibəsində göstərdiyi şücaət, ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyəti və alman general-leytenantının əsir götürülməsindəki rolu ilə seçilən azərbaycanlı hərbçilərdən biri Həmzə Cümşüd oğlu Sadıqov olub.
“Həmzə Baba” və “Sadıqşvili” ləqəbləri ilə tanınan Həmzə Sadıqov 1915-ci il oktyabrın 7-də Şuşada anadan olub. Kiyev Artilleriya Məktəbində təhsil alıb və müharibə illərində ön cəbhədə kəşfiyyatçı kimi xidmət edib.
Stalinqrad döyüşlərində göstərdiyi qəhrəmanlıq
Həmzə Sadıqov müharibənin ən ağır mərhələlərindən biri olan Stalinqrad döyüşlərində də böyük şücaət göstərib.
Müəllifin araşdırmalarına görə, o, 1942-ci ildə Stalinqradda müxtəlif dini icmalara məxsus ibadət yerlərinin faşist işğalından azad edilməsində iştirak edib. Həmçinin həmin ilin sonlarında şəhərdə yerləşən hərbi əsir düşərgəsində yəhudi ailələrinin ölümdən xilas edilməsində mühüm rol oynadığı bildirilir.
Lakin onun ən böyük qəhrəmanlıqlarından biri alman general-leytenant Karl fon Rodenburqun əsir götürülməsi ilə bağlıdır.
Alman generalını əsir götürdü
Məlumata görə, xüsusi əməliyyat zamanı Həmzə Sadıqov alman generalının qərargahına daxil olub. General formasında olan Sadıqov alman hərbçisinə yaxınlaşarkən Rodenburq onun alman zabiti olmadığını anlayaraq tapançasını çıxarıb və ona atəş açıb.
Sadıqov yaralansa da, mübarizəni davam etdirərək alman generalını tərksilah edib və onu sovet hərbçilərinə təhvil verib.
Hadisə zamanı aldığı güllə yarası sonradan Həmzə Sadıqovun səhhətində ciddi fəsadlar yaradıb.
Lakin iddialara görə, generalın əsir götürülməsi ilə bağlı sənədlərin hazırlanması zamanı hadisənin mahiyyəti təhrif edilib. Hətta Rodenburqun əsir götürülməsinin erməni mayor Arşakyanın adına yazılması və onun Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi barədə məlumatlar var.
Sadıqov isə bu qərarla razılaşmayıb və öz haqqının bərpası üçün mübarizə aparıb.
“Mən ancaq generala təslim olmaq istəyirdim…”
Hadisənin araşdırılması zamanı əsir götürülmüş alman generalının ifadəsinin mühüm rol oynadığı bildirilir.
Generalın ifadəsində belə dediyi qeyd olunur:
“Mən ancaq generala təslim olmaq istəyirdim. Qarşıma gələn şəxsi görən kimi tapançamı çıxarıb ona bir neçə dəfə atəş açdım. Lakin o, aldığı yaralara baxmayaraq, mənim əllərimi bağlayıb sovetlərə təslim etdi”.
Bu ifadə Həmzə Sadıqovun əməliyyat zamanı yaralanması ilə bağlı digər materiallarla da əlaqələndirilir.
İddialara görə, onun bədənindən çıxarılan güllə ekspertizaya göndərilib və həmin güllənin Rodenburqun tapançasından atıldığı müəyyənləşdirilib. Bununla yanaşı, alman generalının sorğu-sual zamanı onu məhz Həmzə Sadıqovun əsir götürdüyünü təsdiqlədiyi bildirilir.
Stalin: “Qafqazlılara məxsus qəhrəmanlıq nümayiş etdirib”
Məsələnin daha sonra Moskvaya çatdırıldığı və İosif Stalinə məruzə edildiyi qeyd olunur.
Sənədlərlə tanış olduqdan sonra Stalinin Siyasi Büroda məsələyə münasibət bildirərək:
“Həmzə Sadıqov qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib”, dediyi iddia olunur.
Bundan sonra ədalətin bərpası və Həmzə Sadıqovun layiq olduğu mükafatla təltif edilməsi məsələsinin yenidən gündəmə gətirildiyi bildirilir.
Lakin müəllifin təqdim etdiyi məlumatlara görə, bu prosesə müdaxilələr olub və Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməyib.
Haqqını arxivlərdə axtaran kəşfiyyatçı
Həmzə Sadıqov müharibədən sonra da öz haqqının bərpası üçün mübarizə aparıb. Mərkəzi arxivlərə və hərbi qurumlara müraciətlər etdiyi, onun qəhrəmanlığını təsdiqləyən sənədlərin yenidən araşdırılmasını tələb etdiyi bildirilir.
Lakin müxtəlif bürokratik maneələr onun bu istəyinin həyata keçirilməsinə imkan verməyib.
Sadıqov və kəşfiyyatçı Əli Kərimov Volqa istiqamətində gedən döyüşlərdə fəal iştiraklarına və alman general-leytenantının əsir götürülməsində göstərdikləri xidmətlərə görə “Qırmızı Ulduz” ordeni ilə təltif ediliblər.
Ağdamda başa çatan həyat
Müharibədən sonra Həmzə Sadıqov Ağdama qayıdıb.
Müharibə zamanı aldığı güllə yarasının ağır nəticələri ömrünün sonuna qədər onunla qalıb. Həkimlərin səylərinə baxmayaraq, yaralanma nəticəsində bədəninin sağ tərəfində yaranmış iflicin qarşısını almaq mümkün olmayıb.
Həmzə Cümşüd oğlu Sadıqov 1964-cü il mayın 9-da, müharibə zamanı aldığı güllə yarasının yaratdığı fəsadlar nəticəsində vəfat edib.
Onun həyat yolu Azərbaycan tarixinin İkinci Dünya müharibəsində iştirak etmiş hərbçilərinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Həmzə Sadıqovun adı ilə bağlı hadisələr isə arxiv sənədləri əsasında daha geniş və obyektiv şəkildə araşdırılmağa ehtiyac duyur.
Bir azərbaycanlı kəşfiyyatçının qəhrəmanlığı sənədlərdə qalsa da, onun adı tarixdən silinməyib.





















