Ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26, yük avtomobili istehsalı isə 31.6 faiz azalıb
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3280 ədəd minik avtomobili, 273 ədəd yük avtomobili istehsal edilib. Korrekt.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26 faiz, yük avtomobili istehsalı isə 31.6 faiz azalıb. Cari ilin noyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 168 ədəd minik, 24 ədəd isə yük avtomobili təşkil edib.
Hesabat dövründə ölkədə 427 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7 faiz azdır. Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib, minik avtomobili istehsalında illik 55 faizlik artım olub.
Qeyd edək ki, Azərbaycanda son 20 ildə dəfələrlə avtomobil istehsalının inkişafı istiqamətində layihələr başladılıb, lakin uğurlu bir iş ortaya qoyulmayıb. Xüsusilə iki dəfə İranın, bir dəfə Çinin şirkətləri ilə hazır komponentlərdən burada avtomobil yığımı ilə bağlı işlər başladılıb. İlk addım olaraq İran Khodro ilə razılaşmalar çərçivəsində “AzSamand” avtomobillərinin yığımına başlandı, lakin tezliklə uğursuzluğa düçar olundu. Daha sonra Naxçıvanda Çin şirkəti ilə “Lifan”, “FAW”, “Changan” modellərinin yığımı təmin edildi. Qısa müddət ərzində dövlət qurumlarından müəyyən sifarişlər olsa da, tezliklə onlar da dayandı, müəssisədə avtomobil yığımı səmərəsiz hala gəldi.
“Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası”nın (AMAİA) icraçı direktoru Gülay Həsənovanın mətbuata verdiyi məlumata görə, Azərbaycanda avtomobillərin əsas istehsal mərkəzləri Hacıqabul Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsində yerləşir. Ötən il Hacıqabulda dəyəri 107,5 milyon manata bərabər olan 3.761 ədəd avtomobil, Neftçalada dəyəri 54,65 milyon manat 2.182 nəqliyyat vasitəsi istehsal edilib. Ümumilikdə isə 2018-2024-cü illərdə sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı gerçəkləşdirilib.
Açıqlanan məlumatlara əsasən, Hacıqabul Sənaye Parkında indiyədək “ISUZU” markalı yük avtomobilləri və avtobuslarının, eləcə də “Chevrolet” markalı minik avtomobillərinin istehsalı davam etdirilir. 2025-ci ilin əvvəlinə kimi 7.954 ədəd “Chevrolet” minik avtomobili istehsal edilib, “ISUZU” markalı maşınların sayı isə 716 ədəddir.
2023-cü ildən Azərbaycanda “Lada”nın istehsalına başlanıldığı açıqlanıb. Məlum olub ki, Rusiyanın “AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. Bu ilin oktyabrında Çexiya mətbuatı ölkəyə AvtoVaz-ın “Azərmaş”la birlikdə istehsal etdiyi “Niva”ların idxal olunacağına dair məlumat yayıb. Lakin Azərbaycandan bu məlumatı təsdiq edən açıqlama verilməyib.
2023-cü ildə Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməli qoyulub, onun 2025-ci ilin mayında işə salınacağı gözlənilirdi. Zavodun investisiya dəyərinin 88 milyon manat təşkil edəcəyi bildirilirdi. Onun istehsal gücünün ildə 30 min avtomobil olacağı,ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə ediləcəyi deyilir. Müəssisədə “Chevrolet”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” kimi markalı avtomobillərin istehsal olunacağı gözlənilir. Lakin hələlik bu müəssisənin də fəaliyyətə başlamasına dair heç bir məlumat yoxdur.
Minik avtomobillərindən fərqli olaraq, avtobus istehsalında müsbət dinamika diqqəti cəlb edir. Belə ki, 2024-cü ildən Azərbaycanda həm də elektrikli avtobusların yığımı ilə bağlı layihənin icrasına başlanılıb. İyul ayında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycan arasında Çərçivə sazişi imzalanıb. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sənəd eyni zamanda Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodunun tikilməsini nəzərdə tuturdu. İnvestisiya həcmi 34 milyon dollar olan layihə çərçivəsində ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edir. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətinə məxsus “Electrify Azerbaijan”dır.
Zavodda daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 300 ədəd olması gözlənilir. Burada may ayında yığılmağa başlayan ilk elektrobus sentyabrda istismara qəbul edilib. Avtobus BakıBus MMC-yə təhvil verilib. Bildirilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir.
Açıqlanan məlumata görə, BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir.
Ümumilikdə, Azərbaycanda 2026-cı ildən etibarən illik 200-250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır. Bu, Prezident İlham Əliyevin sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında qeyd olunub.
Sənəddə bildirilir ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobus parkının modernləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Bu baxımdan, BYD ilə qurulan müəssisənin uğur qazanması imkanları minik avtomobilləri ilə müqayisədə daha yüksəkdir. Çünki təkcə Bakı şəhərində elektrikli avtobuslara tələbat min ədəddən yuxarıdır. 2024-cü ildə rəsmilər bildiriblər ki, Bakıda ümumi avtobus sayı 2000 ədəddir, halbuki sərnişindaşımanı normal təmin etmək üçün 2600 avtobus olmalıdır. Mövcud avtobus parkının 50 faizindən çoxu köhnə, əsasən dizel və qismən benzinlə işləyən avtobuslardan ibarətdir. Onların da yeni və elektrikli avtobuslarla əvəzlənməsi nəzərdə tutulur.
Bakıdan əlavə, ölkənin digər şəhərlərində, rayonlarında da avtobus parkının 90 faizindən çoxunun yaşı 15 ildən yuxarıdır. Bu, on minlərlə avtobus deməkdir. Belə vəziyyətdə Sumqayıtdakı müəssisənin ən azı yaxın on ildə istehsal üçün zəruri sifarişlər baxımından korluq çəkməyəcəyi aydın görünür. Əsas məsələ layihənin icrasının bundan sonrakı mərhələsidir: detalların istehsalında 40 faizlik lokallaşma. Bu hədəfə nail olunarsa, üstəlik, istehsal edilən avtobusların keyfiyyət parametrləri qaneedici olarsa, xaricə ixrac imkanları da yarana bilər.
Beləliklə, təcrübə göstərir ki, Azərbaycanda minik avtomobillərinin istehsalı sahəsində uğurlu iş ortaya qoymaq indiyədək mümkün olmayıb. Halbuki ölkədə minik avtomobillərinə tələbat kifayət qədər yüksəkdir. Bunu idxal dinamikasından aydın görmək olar: Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 793 milyon 87.9 min ABŞ dolları dəyərində 94 583 ədəd avtomobil idxal olunub. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 26.6 faiz və ya 19 860 ədəd, dəyəri isə 20.8 faiz və ya 308.7 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 484 milyon 416.8 min ABŞ dolları dəyərində 74 723 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin 10 ayında Azərbaycana ən çox hibrid avtomobillər idxal olunub: 991 milyon 489 min dollar dəyərində 51 min 133 ədəd. Bu isə məhz belə avtomobillərə tələbatın yüksək olduğunu göstərir.
Azərbaycanda avtomobil istehsalına başlamaq istəyən sahibkarların bu amili nəzərə alması mütləqdir. Çünki indiyədək ölkədə yığılan avtomobillərin hamısı daxili yanma mühərrikinə əsaslanan avtomobillərdir. Onların keyfiyyət göstəriciləri Avropadan, Asiyadan idxal olunan işlənmiş avtomobillərdən belə aşağı olduğuna görə bazar tapa bilməyiblər. Bir neçə dövlət qurumuna məcburən bir neçə min avtomobil aldırmaqla rentabelli istehsalı təmin etmək mümkün deyil. Keyfiyyətli məhsul istehsal edilməyəcəksə, vətəndaşın onu kütləvi şəkildə alacağını gözləməyə dəyməz. Eyni qayda elektrikli avtobuslarla bağlı da keçərlidir: BakıBus-dan kənarda özəl daşıyıcılar yerli avtobusları o halda əldə edəcəklər ki, keyfiyyət parametrləri tələblərə cavab versin.
Hələlik hökumət yerli və keyfiyyətli avtomobil istehsalını təmin etmədən elketrikli avtomobillərə tətbiq olunan güzəştləri aradan qaldırır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov isə Milli Məclisdə bildirib ki, Azərbaycanda minik avtomobillərinin istehsalının stimullaşdırılması üçün vergi təşviqləri genişləndirilir. Onun sözlərinə görə, ölkədə avtomobil istehsalında müsbət dinamika var: “Bu da ölkəyə əlavə investisiyanın qoyulması üçün vergi təşviqlərinin genişləndirilməsini zəruri edir. Bu baxımdan, boya və qaynaq şərti ilə vergi güzəştləri verilməsi ölkədə əlavə dəyərin artırılmasına istiqamətlənib. Elektrikli avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi avtobuslara nəzərən tətbiq ediləcək, minik avtomobillərinə münasibətdə isə vergi güzəştləri aradan qaldırılır. Əvəzində yerli avtomobillərin, o cümlədən elektrikli və hibrid avtomobillərin istehsalı ƏDV-dən azad edilir”.
Bu açıqlamadan aydın olur ki, ölkədə hibrid minik avtomobili istehsalına dair planlar var. Lakin bu planlar hələ ki ictimaiyyətə açıqlanmayıb. Daxili istehsal təmin olunmadan xaricdən idxalda güzəştin aradan qaldırılması bazarda potensial yerli istehsalçı üçün əlverişli şərtlər təmin etmək cəhdidir. Bu gedişlə, yerli istehsal başlandıqdan sonra idxala əlavə rüsumların tətbiqi də real görünür…“Yeni Müsavat”





















