Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən əməkdaşların rəqəmsal bacarıqlarının inkişafı istiqamətində süni intellekt üzrə icbari təlimlərə start verilib.
ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlimlər bu günədək Bakı, Şuşa, Salyan şəhərlərində həyata keçirilib və mərhələli şəkildə digər regionlarda da davam etdirilir.
Əsas məqsəd əməkdaşların süni intellekt alətlərindən gündəlik və işgüzar fəaliyyətlərində səmərəli istifadəsini təmin etmək, iş proseslərini optimallaşdırmaq, qərarvermə sürətini və keyfiyyətini artırmaq, eləcə də rəqəmsal transformasiya proseslərinə uyğun bacarıqlar formalaşdırmaqdır.
Proqram çərçivəsində Agentliyin strukturunda fəaliyyət göstərən 5500-dək əməkdaşın mərhələli şəkildə bu təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərdə iştirak edən əməkdaşlar süni intellekt alətlərinin praktiki tətbiqi, məlumatların effektiv idarə olunması, kontent yaradılması və iş proseslərinin avtomatlaşdırılması istiqamətində bilik və bacarıqlar əldə edirlər.
Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixində imzaladığı “Azərbaycan Respublikasında Süni İntellektin İnkişafına dair 2025–2028-ci illər üçün Strategiya” sənədində müəyyən edilmiş prioritetlərin davamı kimi həyata keçirilir.
“ASAN xidmət” innovativ inkişafı dəstəkləyən yanaşması çərçivəsində insan kapitalının inkişafını əsas prioritetlərdən biri kimi müəyyən edib. Əməkdaşların müasir çağırışlara uyğun yeni bilik və bacarıqlarla təmin edilməsi ilə dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin davamlı yüksəldilməsinə töhfə verilir.





















