Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku klubunun üzvləri Türkiyənin Bursa şəhərində yerləşən Doruk Xəstəxanasına rəsmi tanışlıq səfəri həyata keçiriblər.
Korrekt.az xəbər verir ki, səfərin əsas məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaq, müasir tibbi infrastrukturla yaxından tanış olmaq və gələcək birgə layihələr üçün əlaqələri gücləndirmək olub.
Ziyarət zamanı iştirakçılara Doruk Sağlamlıq Qrupunun fəaliyyəti, xəstəxananın texniki imkanları, ixtisaslaşmış tibbi bölmələri və beynəlxalq pasiyentlər üçün göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Xəstəxananın yüksək texnologiya ilə təchiz olunmuş diaqnostika və müalicə bölmələri, eləcə də peşəkar həkim heyəti qonaqların xüsusi marağına səbəb olub.
Görüş çərçivəsində Azərbaycan–Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi, pasiyent axınının təşkili, birgə tanıtım fəaliyyəti və B2B imkanları müzakirə olunub. AHTTSA və SKAL International Baku nümayəndələri Doruk Xəstəxanasının beynəlxalq standartlara cavab verən xidmət modelini yüksək qiymətləndiriblər.
Səfər səmimi fikir mübadiləsi və gələcək əməkdaşlığa dair qarşılıqlı niyyətlərin ifadəsi ilə yekunlaşıb. Qeyd olunub ki, bu cür görüşlər regional və beynəlxalq səviyyədə sağlamlıq turizminin inkişafına mühüm töhfə verəcək.






















