image-82547eb8-83b4-4e83-8fb6-0313a375420abackend

Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi

image-ads-728x90

Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar qəbul etdiyi yeni sanksiya paketləri, xüsusilə də dəniz daşımalarında fəaliyyət göstərən “kölgə donanması” ilə mübarizə istiqamətində atılan addımlar beynəlxalq logistika sektorunda şəffaflıq və məsuliyyət məsələlərini yenidən gündəmə gətirib. Aİ Şurasının qəbul etdiyi son qərarlar sanksiyalardan yayınmaq üçün yaradılan hüquqi və kommersiya mexanizmlərinin qarşısının alınmasına, eləcə də gəmi sahibləri, operatorlar və sığortaçılar üçün məsuliyyət mexanizmlərinin gücləndirilməsinə yönəlib.

Bu kontekstdə son illərdə Azərbaycanın adı da bir sıra beynəlxalq dəniz daşımaları ilə bağlı müzakirələrdə hallanıb. Xüsusilə qısa müddət fəaliyyət göstərdikdən sonra bazardan çəkilən “Zulu Shipping” şirkəti və onunla əlaqələndirilən “Angel” konteyner gəmisi ətrafında baş verən hadisələr diqqət çəkən nümunələrdən biri hesab olunur.

Mövcud məlumatlara görə, “Zulu Shipping” MMC Bakıda, Ziya Bünyadov prospekti 706B ünvanında fəaliyyət göstərib. Şirkət beynəlxalq dəniz daşımaları sahəsində xidmət göstərsə də, sonradan fəaliyyətini dayandırıb. Qeyd edək ki, bu şirkətin rəsmi sahibi Zamiq İsmayılovdur.

Şirkətin adı müxtəlif beynəlxalq mənbələrdə dəniz daşımaları, gəmi idarəçiliyi və tranzit əməliyyatları ilə bağlı müzakirələrdə hallansa da, onun fəaliyyəti barədə ictimaiyyət üçün açıq və ətraflı məlumat məhdud olub.

2023-cü ilin iyulunda Palau bayrağı altında üzən “Angel” adlı köhnə konteyner gəmisi Tayvan sahilləri yaxınlığında qəzaya uğrayaraq batıb. Hadisə beynəlxalq dəniz ictimaiyyətində geniş rezonans doğurub.

Mediada yayılan məlumatlarda gəminin Azərbaycanla əlaqəli biznes strukturları tərəfindən idarə olunduğu iddia edilirdi. Bildirilirdi ki, gəmidə xidmət edən ekipaj üzvlərinin hamısı Azərbaycan vətəndaşları olub və onlar Bakıda qeydiyyatdan keçmiş “Zulu Shipping” MMC ilə əmək müqaviləsi bağlayıblar.

Qəzadan sonra Tayvanın aidiyyəti dövlət qurumları dəniz mühitinə dəymiş ziyanın aradan qaldırılması üçün təxminən 1,5 milyon ABŞ dolları həcmində kompensasiya tələb edib.

Yayılan məlumatlara əsasən, gəminin operatoru və sığorta mexanizmləri arasında məsuliyyət bölgüsü ilə bağlı mübahisələr yaranıb və kompensasiya məsələsi uzun müddət həllini tapmayıb.

Bununla yanaşı, ekipaj üzvlərinin əməkhaqları və sosial təminatı ilə bağlı da problemlərin yarandığı bildirilirdi. Məlumatlara görə, gəmi heyətinin maaşlarının ödənilməsi dayandırılıb və dənizçilər uzun müddət hüquqi və maliyyə çətinlikləri ilə üzləşiblər.

Hadisədən sonra gəminin kapitanı və iki zabitinin Tayvanda hüquqi prosedurlar səbəbindən aylarla ölkəni tərk edə bilmədiyi bildirilirdi.

Yalnız 2024-cü ilin yanvar ayında aparılan diplomatik danışıqlardan sonra onların Azərbaycana qayıtmasına imkan yaradıldığı qeyd olunur.

Bundan sonra “Zulu Shipping”in Bakıda fəaliyyətini tamamilə dayandırdığı və şirkətin ofisinin bağlandığı bildirilir.

Son illərdə beynəlxalq təşkilatlar “kölgə donanması” adlandırılan, mürəkkəb mülkiyyət strukturları, tez-tez dəyişdirilən qeydiyyat ölkələri, qeyri-şəffaf sığorta mexanizmləri və formal operatorlar vasitəsilə fəaliyyət göstərən gəmi şəbəkələrinə qarşı nəzarəti gücləndiriblər.

Ekspertlər hesab edirlər ki, belə strukturların fəaliyyəti yalnız sanksiyalardan yayınma riski yaratmır. Eyni zamanda, qəza baş verdikdə ekoloji ziyanın ödənilməsi, ekipajın hüquqlarının qorunması və maliyyə məsuliyyətinin müəyyən edilməsi kimi məsələləri də çətinləşdirir.

“Angel” gəmisinin batması və “Zulu Shipping” ətrafında baş verən hadisələr beynəlxalq dəniz daşımalarında şəffaflığın, sığorta təminatının və hüquqi məsuliyyət mexanizmlərinin əhəmiyyətini bir daha göstərir.

Aİ-nin son sanksiya siyasəti də məhz bu cür risklərin qarşısını almağa, qeyri-şəffaf gəmiçilik şəbəkələrini məhdudlaşdırmağa və operatorların məsuliyyətdən yayınmasının qarşısını almağa hesablanıb.

Bununla yanaşı, “Angel” hadisəsi göstərir ki, dəniz nəqliyyatında məsuliyyət zəncirinin hər hansı həlqəsində yaranan boşluqlar yalnız maliyyə itkilərinə deyil, həm ekoloji fəsadlara, həm də ekipaj üzvlərinin hüquqlarının pozulmasına səbəb ola bilər. Bu səbəbdən belə hadisələr beynəlxalq dəniz hüququ, sığorta sistemi və nəzarət mexanizmlərinin effektivliyi baxımından ciddi araşdırma mövzusu olaraq qalır.Ardı var…vətəninfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki