Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və keçirilən yüksəksəviyyəli görüşlər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni strateji mərhələnin əsasını qoyur. Bu səfər eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi əlaqələrin yeni məzmun qazanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü, Avropanın ən böyük iqtisadiyyatına malik dövləti kimi beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri yalnız iki ölkə arasında əlaqələrin inkişafı ilə məhdudlaşmır, həm də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində yeni imkanlar yaradır.
“Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Dövlətimizin başçısının dünyanın aparıcı ölkələrinə rəsmi səfərləri zamanı yüksək səviyyədə qarşılanması, dövlət və hökumət rəhbərləri ilə keçirilən səmərəli görüşlər Azərbaycanın artan siyasi çəkisinin və beynəlxalq etimadının bariz göstəricisidir. Dövlət başçısının Almaniyaya rəsmi səfəri zamanı aparılan müzakirələr ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdirilməsi üçün möhkəm siyasi iradənin olduğunu nümayiş etdirdi. Siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma, yaşıl enerji, elm, təhsil və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olundu. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edən ölkəmiz bu gün yaşıl enerji sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Almaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verəcək”, – deyə Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında iqtisadi münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur: “Almaniya şirkətlərinin Azərbaycanın sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat layihələrində daha fəal iştirak etməsi qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq. Azərbaycanın geosiyasi mövqeyi, Orta Dəhlizin inkişafında oynadığı rol və Şərqlə Qərb arasında etibarlı nəqliyyat-logistika qovşağına çevrilməsi Almaniya üçün də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verə bilər. Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən biri qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər sisteminin formalaşdırılmasıdır. Almaniyaya rəsmi səfər də bu siyasətin uğurlu nəticələrindən biri kimi qiymətləndirilməlidir”.





















