Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ilk görüş iki ölkə arasında sülh prosesinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, görüşdən sonra yayımlanan birgə bəyanat da diqqətçəkən məqamlarla zəngindir. O qeyd edib ki, bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin pozitiv istiqamətləri ön plana çəkilib, dialoqun davam etdirilməsinin və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Arzuman Muradlı İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşünü də Paşinyanla görüş qədər əhəmiyyətli hesab edib.
“Bölgədə müharibə atmosferinin davam etdiyi bir vaxtda Azərbaycan və İran prezidentlərinin görüşü xüsusi əhəmiyyət daşıyır. Məsud Pezeşkian Bişkekə səfərə hazırlaşarkən ABŞ tərəfindən İran ərazisinə zərbə endirilib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha bəyan edib. İran Prezidenti də Azərbaycanın dəstəyindən məmnunluğunu ifadə edib”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran prezidentləri arasında sıx və səmimi dialoqun aparılması müsbət haldır. Bununla yanaşı, İrandakı mühafizəkar qüvvələrin də Azərbaycana münasibətdə siyasətlərini korrektə etməsi vacibdir.
“Təəssüf ki, bu istiqamətdə hələlik dəyişən heç nə yoxdur”, – Arzuman Muradlı əlavə edib.
Politoloq İlham Əliyevin Bişkekdə sammitin ilk günü Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü görüşünün də diqqət çəkdiyini bildirib.
“İranda olduğu kimi, Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün hər hansı ciddi addım atdığı görünmür. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətdə belə bir fikir formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələri Kremlin təlimatı ilə hərəkət edirlər”, – deyə o qeyd edib.
Arzuman Muradlı Nikol Paşinyanın Bişkəkdə keçirdiyi digər görüşlərə də toxunub. Onun sözlərinə görə, Paşinyanın İlham Əliyevdən sonra İran Prezidenti Məsud Pezeşkian və Hindistanın baş naziri Narendra Modi ilə görüşməsi də diqqətçəkən məqamdır.
Politoloq bildirib ki, Paşinyan Narendra Modi ilə görüşündə müxtəlif məsələlərlə yanaşı, TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasını da müzakirə edib. Onun fikrincə, bu layihə Orta Dəhlizin tərkib hissəsi kimi Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Hindistanın Cənubi Qafqazın nəqliyyat imkanlarından istifadə etməkdə maraqlı olması regionun geoiqtisadi əhəmiyyətini artırır.
“Sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşərək fikir mübadiləsi aparması da təsadüfi deyil. Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirmək, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır”, – deyə politoloq vurğulayıb.
Arzuman Muradlı turizm sahəsində əməkdaşlığın da diqqətdə saxlanılmasının vacibliyini bildirib. O qeyd edib ki, son dövrdə turizmdə müəyyən geriləmə müşahidə olunsa da, bu sahənin inkişafı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramını təsdiqləməsi də məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir.





















