image-1backend

Əhalinin borcu artır – ÇIXIŞ yolu

image-ads-728x90

Azərbaycan Mərkəzi Bankının açıqladığı “Maliyyə Sabitliyi hesabatı”na əsasən bu il yanvarın 1-nə ölkə əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti əvvəlki il yanvarın 1-i ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4 faiz olub.

Mərkəzi Bank qeyd edir ki, mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank sektorunun yetəri qədər ehtiyatlanması mövcuddur. Bank sektorunda kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatların məbləği 1.75 ilyard manat təşkil edir ki, bu da qeyri-işlək portfelin həcmindən 230 faiz çoxdur. Xüsusilə də istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1.27 milyard manat olub ki, bu da istehlak kreditləri üzrə problemli kreditlərin məbləğindən təxminən 4 dəfə çoxdur:

“Qeyd edilən faktlar bank sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya edilməsinə imkan verdiyini deməyə əsas verir”.

Hesabatdan o da aydın olur ki, 2025-ci il ərzində bank sektoru üzrə 223 milyon manat məbləğində qeyri-işlək kredit silinib. Silinmələr əsasən əhalinin borcları olan istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 60.9 faizi (135.8 milyon manat) istehlak portfeli üzrə, 37.8 faizi (84.2 milyon manat) isə biznes portfeli üzrə aparılıb.

WhatsApp Image 2026-04-17 at 15.34.15.jpeg (19 KB)

Ölkə üzrə problemli kreditlərdə qeydə alınan artımda da əhalinin istehlak kreditləri aparıcı rola malikdir. Belə ki, biznesin kreditlərinin cəmi 2.7 faizi qeyri-işlək statusundadır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə problemli kreditlərin həcmi 14.4 faiz(54 milyon manat) artaraq 429 milyon manat təşkil edib. Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən ticarət sektoru üzrə müşahidə olunub: “Təhlillər biznes portfelində qeyri-işlək kreditlərin artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir”.

Tənzimləyici bildirir ki, istehlak portfelinin kredit riskləri davamlı monitorinq olunur. 2025-ci il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 23.7 faiz artaraq (58 milyon manat) 305 milyon manat olub. Eyni zamanda, qeyri-işlək kredit əmsalı 0.3 faiz bəndi artaraq 3.3 faizə yüksəlib.

İpoteka portfeli üzrə qeyri-işlək kredit əmsalı son illərin ən aşağı həddindədir: 2025-ci ilin sonuna ipoteka portfeli üzrə bu göstəricinin  nominal həcmi 14.3 faiz (4.9 milyon manat) azalaraq 29.1 milyon manat təşkil edib.

Ötən il restrukturizasiya olunmuş kredit məbləğində azalma müşahidə olunub. Bu göstərici 14 faiz (154 milyon manat) azalaraq 950 milyon manat olub. Azalma əsasən biznes portfeli (290 milyon manat) üzrə qeydə alınıb. İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə artım (135 milyon manat) müşahidə edilib, ipoteka portfeli üzrə göstəricidə dəyişiklik baş verməyib.

Hesabatda qeyd olunur ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır:

“Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”.

Qeyd edək ki, borc yükünün artması bir neçə səbəbdən baş verir. Bunlar arasında ən başlıca səbəblər əhalinin real gəlirlərinin daha çox hissəsinin inflyasiya nəticəsində əlindən çıxması, xərclərin qarşılanması üçün kreditlərdən daha çox istifadə edilməsidir. Daha bir səbəb isə kredit faizlərinin artması nəticəsində borc məbləğinin şişməsidir.

Rəsmi statistikaya əsasən 2025-ci ildə 5,6 faizlik inflyasiya qeydə alınıb. İl ərzində əhalinin nominal gəlirlərində artım isə 8 faiz olub. Beləliklə, əhalinin gəlir artımının 6 faizə yaxınını inflyasiya “əlindən alıb”. Belə şəraitdə bankların bilavasitə əhaliyə verdikləri istehlak kreditlərində faizləri artırmaları borc yükünü daha da ağırlaşdırır. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən ötən il Azərbaycanda ən yüksək faizli istehlak kreditlərinin həcmində, həmçinin belə kreditlərin faizlərində artım olub. İstehlak kreditləri il ərzində 903 milyon manat artıb. Eyni zamanda 2026-cı il yanvar ayının 1-nə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi – kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 26 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 18 faiz, avtomobil kreditləri üzrə 13 faiz və digər istehlak kreditləri üzrə 22 faiz təşkil edib.

Bu isə o deməkdir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 1 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 2 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi, digər istehlak kreditləri 2 faiz bəndi, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 1 faiz bəndi artıb.

Mərkəzi Bankın digər məlumatına görə, hesabat tarixinə bankların kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub ki, bunun da 16 milyard 106.3 milyon manatı(53,6 faiz) biznes kreditləri, 9 milyard 354.2 milyon manatı(31,1 faiz) istehlak kreditləri(illik artım 10,8 faiz), 4 milyard 602.5 milyon manatı(15,3 faiz) isə ipoteka kreditləri olub.

Kredit faizlərinin artımı bankların faiz gəlirlərini də kəskin artırıb. Belə ki, 2025-ci ildə bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 946,6 milyon manata çatıb. Bu, 2024-cü illə müqayisədə 840,7 milyon manat və ya 27,1 faiz artım deməkdir.

Maraqlı bir məqam budur ki, ötən il bankların kredit portfelindəki artım sürəti faiz gəlirlərindəki artımdan dəfələrlə aşağıdır. Belə ki, 2025-ci il ərzində Azərbaycanda bankların kredit portfeli cəmi 1,3 faiz və ya 377,5 milyon manat artıb.

Mərkəzi Bankın açıqlamasına əsasən ötən ilin ikinci yarısında yeni verilən kreditlər üzrə faizlərdə azalma müşahidə olunub. Lakin bu, çox cüzi olduğuna görə illik nəticə artım göstərib. Faizlərin aşağı düşməsi əhalinin borc yükünün azalması baxımından müsbət prosesdir. Bu sahədə daha ciddi nəticələrin əldə olunması isə yüksək əmək haqqı təklif edən iş yerlərinin açılması ola bilər. Belə işlə təmin olunan əhalinin gəlirlərində yüksək artım baş verə və kredit-borclanma azala bilər. Yeni və layiqli iş yerlərinin açılması üçünsə əlbəttə, azad biznes mühitinin formalaşdırılması ən vacib şərtdir…musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki